!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dövlətində VƏTƏNDAŞ FAKTORU: Əhalinin sosial-siyasi fəallığı hansı səviyyədədir?

!Reklam – Yazi

Azərbaycan xalqının təşəkkül tapdığı ilkin dövrlərdən etibarən, əcdadlarımızda formalaşan fərdi və icma təfəkkürü yaşam qanunları, adət-ənənələr və gündəlik həyat tərzinin müəyyənləşməsində həlledici rol oynayıb. Bunun nəticəsində tarixin müxtəlif dönəmlərində Azərbaycan ərazisində formalaşan ilkin idarəetmə sistemləri tədricən təkmilləşərək, mental özəlliklərə əsaslanan işlək mexanizmlərlə tənzimlənib.

Təbii ki, ictimai formasiyaların dəyişməsi və dövlətçilik təcrübəsinin zənginləşməsi toplumun idarə olunması üçün yeni və fərqli idarəetmə sistemlərinin yaranmasına yol açıb. Lakin bütün hallarda mütləq nəzərə alınmalıdır ki, bu sistemlərin mərkəzində hər zaman insan faktoru dayanıb və baş verən, o cümlədən, qaçılmaz olan bütün dəyişikliklər də məhz fərdi, yaxud da kollektiv iradənin məntiqi nəticəsi olaraq qəbul edilməlidir. Əks halda, ətalətin hökm sürdüyü mühitdə heç bir yenilikdən söhbət gedə bilməz, tarixi inkişaf prosesi konkret bir nöqtədə ilişib qalardı.

Xalqımız tarixin sınaqlarından keçirərək, süzüb-ələdiyi, öz varlığı kmi qoruduğu milli ənənələrinə hər zaman dəyər verib, onları min bir məhrumiyyətlər hesabına yaşadaraq, nəsildən-nəsilə ötürüb. O baxımdan, ailə, cəmiyyət və dövlət idarəçiliyində milli-mənəvi dəyərlərimizə istinad mübahisələndirilməyən kredoya çevrilib.

Xüsusilə IX-X əsrlərdə – Azərbaycanda Ərəb Xilafətinin təsirinin azalmasından sonra vüsət alan milli özünüdərk prosesi və bu fonda regionda Türk elementlərinin güclənməsi idarəetmənin forma və mahiyyətinə də təsirsiz ötüşmədi. O ərəfədə xeyli güclənərək Orta Asiyadan Qafqazlara və Aralıq dənizi sahillərinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuqlu İmperiyasının yüksəlişi Türk törəçiliyinə əsaslanan sistemin oturuşmasına ciddi təkan verdi.

Doğrudur, Səlcuqlu sarayında fars dilinin hakim olmasına, həmçinin fars mədəniyyətinin yayılmasına münbit şərait yaradılmasına baxmayaraq, dövlətin özəyini təşkil edən Türk tayfaları avtonom idarəçiliklərini saxlayaraq, öz ənənələrini mühafizə edirdilər. Bu amil fars təsirinə qarşı müqavimətin təşkilində mühüm rol oynadı. Eyni zamanda, Monqol işğalından sonra artan yeni assimilyasiya siyasəti də Türk törəçiliyini nəinki sarsıda bildi, əksinə, monqol elementinin özü tədricən sıradan çıxdı.

XIV əsrin sonları, XV əsrin əvvəllərində Osmanlı İmperiyasının xeyli güclənməsi, regionda bir-birinin ardınca Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Afşar və Qacar imperiyalarının yaranması həmin coğrafiyada Türk nüfuzuna birmənalı şəkildə həlledici üstünlük qazandırdı. Bununla belə, adları çəkilən imperiyalarda mərkəzləşmiş dövlət modelinin möhkəmlənməsi idarəetmə sistemində dəyişiklikərə və toplumun yeni sistemlərdə rolunun, iştirak əmsalının artıb-azalmasına səbəb olurdu. Bəzən idarəetmədə mürtəce prinsiplərin rəhbər tutulması əhalini, ümumiyyətlə, qərarların qəbulu prosesindən kənarda saxlayır, onları hakim zümrənin iradəsindən tam asılı vəziyyətə salırdı. Belə bir vəziyyətdə iqtisadi durumun kəskin pisləşməsi, vergilərin artırılması və ədalətsizliyin tüğyan etməsi irili-xırdalı çox sayda üsyanların meydana gəlməsi, onların xüsusi amansızlıqla yatırılması ilə nəticələnirdi.

Nəzərlərimizi o dövrün üümumi mənzərəsindən Azərbaycana yönəltsək, son dərəcə özünəməxsus idarəetmə mexanizminin qurulduğunu görərik.

Xüsusilə, Səfəvilər İmperiyasının qurulmasından sonra dövlətin dayağı sayılan Oğuz tayfalarına geniş səlahiyyətlərin verilməsi, həmin tayfa başçıların yüksək dövlət məqamlarına təyinatı, eləcə də tayfalara daxili idarəetmə səlahiyyətinin verilməsi qonşu dövlətlərlə müqayisədə bənzərsiz idarəetmə modelini formalaşdırmışdı.

Dövlətin banisi Şah İsmayıl Xətainin hakimiyyəti dövründə sistemləşən bu model onun xələfləri – Təhmasib Şah, II Şah İsmayıl və Məhəmməd Xudabəndə dönəmlərində də dəyişməz qaldı.

Lakin 1587-ci ildə I Şah Abbasın hakimiyyətə gəlişindən sonra vəziyyət kəskin dəyişdi.

Tayfaların daxili müstəqilliyini və onların arasında səngiməyən münaqişələri dövlət üçün böyük təhlükə kimi görən I Şah Abbas inzibati islahatlara gedərək, mərkəzi hakimiyyətin nüfuzunu bərpa etməyə nail oldu. Bu islahatların əleyhinə çıxan tayfalar isə ya məhv edildi, ya da bir neçə qrupa bölünərək, imperiyanın müxtəlif ərazilərinə sürgün edildilər. Beləliklə, Səfəvilərdə bir neçə onilliklər ərzində davam etmiş qeyri-rəsmi konfederativ dövlət quruluşu aradan qaldırıldı. I Şah Abbasdan sonra taxta çıxan hökmdarlar isə öz iqtidarları dövründə tayfa başçılarının müqaviməti ilə üzləşmək təhlükəsindən xilas oldular.

Növbəti yüzilliklərdə baş verən hakimiyyət dəyişkliklərini və uzunmüddətli xaotik durumları nəzərə almasaq, XX əsrin ilk yarısına qədər qeyd olunan dövlət modeli və idarəetmə mexanizmi demək olar, dəyişməz qaldı.

Bütün bunlarla yanaşı, XIX əsrin 20-ci illərində indiki Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı bizim coğrafiyada dövlət idarəçiliyini “rus modeli”nin qəlibinə saldı.

Azərbaycan da sözügedən imperiyanın tərkibindəki digər xalqlar kimi, Romanovların “lütf”ündən asılı vəziyyətə düşdü. Rus işğalı ilə barışmayan əhali dəfələrlə üsyana qalxaraq, əsarətdən çıxmağa çalışsa da, dövrün ən güclü dövlətinə çevrilmiş Rusiya qarşısında məğlubiyyətdən qaça bilmədi. Azərbaycan xalqının ikiyə parçalanması, bir tərəfdə rus, digər tərəfdə isə fars təsirinin tədricən güclənməsi bir vaxtlar bölünməz vahid olan “şimal” və “cənub” arasında getdikcə dərinləşən çat yaratdı. Bir tərəfdə sürətlə inkişaf edən, ədəbi-mədəni həyatı qaynayan Rusiyanın tərkibində bu “axın”a düşən “şimal”lılar, o biri tərəfdə isə Şərqi bürüyən tənəzzül və ətalət girdabında qalan “cənub”lular… Yaranan və dərinləşən o fərq bu gün hələ tam aradan qaldırılmayıb.

Azərbaycanda milli özünüdərk prosesində növbəti oyanış XX əsrin əvvəllərinə təsdadüf edir.

Müstəmləkə şəraitində milli mətbuat, teatr, ədəbiyyatın əsasını qoyan və digər sahələrdə də öz sözünü deməyə nail olan soydaşlarımız bu inkişaf tempi ilə digər Türk-müsəlman xalqlarını əhəmiyyətli dərəcədə üstələyirdilər. Bakıda neft sənayesinin inkişafı sayəsində milli burjuaziyanın formalaşması, xalqın gələcəyini düşünən mesenatların təhsil və incəsənətə yatırımları millətin öz potensialını realizə etməsinə geniş meydan yaratmışdı. Eyni zamanda, Rusiyada 1905-ci il inqilabından sonra hökumətin siyasi açılıma getməyə məcbur olması və əsir millətlərin haqlarını müəyyən çərçivədə tanıması bu prosesə əhəmiyyətli təkan verdi. Yerli idarəetmə orqanlarına və Dövlət Dumasına seçkilərdə deputat mandatı əldə edən soydaşlarımız yeni ziyalı təbəqəsinin möhkəm təməlini atmış oldular. Başqa əlamətdar məqam isə çox sayda xeyriyyə təşkilatlarının yaradılması və onların xətti ilə miqyaslı təhsil, mədəniyyət layihələrinin həyata keçirilməsi, yeni məktəblərin açılması idi.

Milli burjuaziyanın özəyini təşkil edən milyonçuların təhsil üçün xaricə göndərilən gənclərin xərclərini qarşılamaları xoş ənənəyə çevrilmişdi.

Bu sırada əlbəttə ki, daha bir vacib məqam müsəlmanların hərbi mükəlləfiyyətdən azad olunmalarına baxmayaraq, ayrı-ayrı soydaşlarımızın parlaq hərbi karyera quraraq, Rusiyada böyük nüfuz qazanmaları idi. O hərbçilərin bir hissəsi Cümhuriyyət ordusunun qurulmasında yaxından iştirak etmişdilər.

Birinci Dünya Müharibəsində məğlub olan Rusiyada Çar rejiminin yıxılmasından sonra digər əsir xalqlar kimi öz müstəqilliyini bərpa edən azərbaycanlılar Xalq Cümhuriyyətini (AXC) qurmaqla, Türk-İslam dünyasında ilkə imza atdılar.

Milli dövlətin yaradılması Azərbaycan xalqına öz taleyinə sahiblik imkanı verərək, inkişaf yolunda son dərəcə mühüm mərhələ oldu. Palament respublikası olan AXC-nin mövcud olduğu 23 ay ərzində bütün hökumət kabinələrinin koalisiya prinsipi əsasında formalaşdırılması Cümhuriyyətdə hər hansı diktat elementinin olmadığını birbaşa təsdiqləyir. Ali qanunverici orqanda qəbul edilən qanunlar və hökumətin qərarları insan hüquq və azadlıqlarının qorunması baxımından, dövrün ən mütərəqqi qanunvericilik aktları sırasındadır. AXC-də qadınlara seçki hüququnun verilməsi isə nəinki müsəlman Şərqi, hətta Avropanın bır çox sivil dövlətləri üçün nümunəvi addım sayılır. Cümhuriyyət dönəmində milli mətbuat, ədəbiyyat, incəsənət və başqa sahələrin inkişafı üçün münbit zəmin yaradılmışdı. Partiyalaşma prosesinin vüsət alması, siyasi təşkilatların sayının artması isə əhalinin siyasi fəallığı ilə izah oluna bilər.

Çox təəssüf ki, 1920-ci il aprelin 27-də baş verən bolşevik işğalı bu inişafın qarşısını aldı.

Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu təqribən 70 il ərzində totalitar sistemlərə xas idarəetmə tətbiq olundu. Bu sistemdə insan hüquq və azadlıqları dövlət maraqları ilə hakim ideologiyanın fonunda heç bir dəyərə malik deyildi. Sovet Konstitusiyasında təsbit edilmiş azadlıqlar isə sadəcə, imitasiya xarakteri daşıyırdı. Ona görə də, sovet rejiminin “kütlələrin hakimiyyəti” təbliğatının reallıqla heç bir əlaqəsi yox idi. Sovetlərin mövcud olduğu dövrdə repressiya maşınının daim hərəkətdə olması real mənzərəni təsəvvür etməyə imkan verir. Bu səbəbdən, bütün dayaqları aşırdıqdan sonra sistemi qoruyub saxlamaq mümkün olmadı.

1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə xalqımız yenidən öz taleyinin sahibi oldu.

Müstəqilliyin ilk illərində Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizi işğal edilsə də, 1994-cü ilin mayında atəşkəsin elan olunmasından sonra ölkəni sabit inkişaf “rels”inə çıxarmaq mümkün oldu. Həmin il imzalanan “Əsrin müqaviləsi” ilə gələcək iqtisadi inkişafın zəmini yaradıldı.

Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında təsbit olunan yerli özünüidarə orqanları (bələdiyyə) haqqında müddəaya uyğun olaraq, 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirildi. Həmin tarixdən sonra artıq 5 dəfə bələdiyyə seçkiləri keçirilib. Bələdiyyələrin statusu və fəaliyyətlərindəki çatışmazlıqlar uzun müddətdir, mübahisə predmeti olsa da, bu orqanların artıq institutlaşdığını söyləmək mümkündür.

Azərbaycanda 2018-ci ilin aprelində keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər cəmiyyətdə də pozitiv hərəkətlilik yaradıb.

Ayrı-ayrı dövlət qurumlarının və məmurların fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən, vətəndaş fəallığı ilə təşəbbüskarlığının artırılması istiqamətində mühüm addımlar atılıb. Elektron xidmətlərin təkmilləşdirilməsi istənilən məsələ ilə bağlı təklif və iradı olan vətəndaşı onları çatdırmaq üçün rəsmi instansiyaların qapısında qalmaq məcburiyyətindən xilas edib. Bu durum bürokratik sistemin çevikliyini təmin etməklə yanaşı, həm də vətəndaşın idarəetmədə iştirak payını, həmçinin məmurların məsuliyyət hissini əhəmiyyətli dərəcədə artırır. Prosesin dönməz xarakter alması yaxın gələcəkdə bu sahədə qəti dönüş yaranacağını söyləməyə əsas verir.

Araz ZEYNALOV

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

www.yenicag.az

3351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv