!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dövlətinin DAYAQ SAHƏLƏRİ: Ölkədə təhsilin inkişafı necə stimullaşdırılır? – TƏHLİL

!Reklam – Yazi

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları insanların bilik səviyyəsinin artırılmasında, informasiya ilə təmin olunmasında və cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır.

Azərbaycanda təhsil, maarifçilik hərəkatı, mədəniyyət sahəsi Milli Məclisin qəbul etdiyi qanunlar və aidiyyatı qurumların hazırladıqları müxtəlif sənədlər, normativ aktlar əsasında idarə olunur. Sahələr üzrə qanun layihələri Milli Məclisin müvafiq komitələrində hazırlanır, işçi qrupları yaradılır və komitədə müsbət rəy verildikdən sonra yekun variant parlamentin plenar iclasında üç oxunuşda müzakirəyə çıxarılır və qəbul olunur. Hələ bu da yekun sənəd hesab olunmur. Milli Məclisdə qəbul olunan qanunlar üçüncü dəfə plenar iclasda müzakirə edildikdən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Qanunların hər birinə aid idarə və nazirliklərdə, bu sahəyə daxil olan dövlət qurumlarında nəzərdə tutulan qanunların müddəalarına uyğun əsasnamələr və nizamnamələr hazırlanır. Qanun qəbul edildikdən sonra institutların fəaliyyəti, müəyyən elmi istiqamətlərin təşkili, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə olan əsasnamələr və nizamnamələr bu sahələrin inkişafını təmin edir.

Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən və dünyaya nümunə göstərilən ölkələrdən biri olub. Əgər tarixə nəzər salsaq, xalqımız dünya elminə, mədəniyyətinə görkəmli elm və mədəniyyət xadimləri, təkrarsız elm-mədəniyyət nümunələri bəxş edib.

Sadəcə, elmdə akademik Yusif Məmmədəliyev, onun İkinci Dünya Müharibəsinin taleyini həll edən benzinin donmasının qarşısını alan yüksən oktanlı benzin kəşfi və ya Lütfi Zadənin XXI əsrdə dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi, yaxud musiqi-mədəniyyət sahəsində Azərbaycanı böyük Şərqdə ilk operanın ünvanına çevirən ölməz bəstəkarımız Üzeyir Hacıbəyovun adını, özü kimi ölməz əsərlərini sadalamaq kifayətdir ki, xalqımızın nə qədər zəngin elm və mədəniyyətə sahib olması haqqında fikir formalaşsın.

Elə Sovet dövründə də Azərbaycanın ayrı-ayrı sahələr üzrə konkret elm dahilərinin adları ilə bağlı olan elmi məktəblər olub. Müasir dövrdə bu sahənin daha yaxşı inkişafı üçün kifayət qədər imkanlar var. Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri sayılır. Mütəxəssislər hesab edirlər ki, ölkənin dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var. Bu baxımdan, son illər ölkəmizdə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlərin həyata keçirilməsində intensivlik artırılıb.

Bu fonda 2021-ci ilin oktyabr ayında Milli Məclis “Təhsil haqqında” qanun layihəsini yenilənmiş formada müzakirəyə çıxardı və parlament bu sənədi birinci oxunuşda qəbul etdi. Çünki təhsilin inkişafı dövlətin diqqətində olan prioritet sahələrdən biridir. Daha əvvəl isə Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü il oktyabrın 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunub. Bu sərəncamla ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutulub.

Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin ölkədən kənarda təhsil almaları üçün tələb olunan maliyyə yardımı almasının təminatçısıdır. Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi “xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib.

Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq.

Müstəqil Azərbaycan dövlətinin bugünkü inkişaf səviyyəsinə çatdırılması üçün bir çox sahələr üzrə mühüm işlər görülüb. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar nəticəsində Azərbaycan təhsil sektorunun inkişafı üçün əhəmiyyətli addımlar atılır. Bu gün təhsil proqramlarında Vətən müharibəsi, qazandığımız Böyük Zəfər, Azərbaycan xalqının yeni tarixi və tarixi şəxsiyyətlərimiz haqqında daha geniş məlumatlar əks olunur. Çünki cəbhədə döyüşlər bitsə də, informasiya məkanında mübarizə hələ davam edir. Ona görə də cəmiyyətimiz daha da təkmilləşməli, dünyagörüşünü genişləndirməlidir. İşğaldan azad olunan ərazilərin Azərbaycana məxsusluğu, eləcə də ermənilərin Qarabağı necə talan etmələri, həmin ərazilərdə daşı daş üstə qoymaması, ermənilərin tarixi, mədəni və dini abidələrimizi dağıtmaları barədə bütün dünya ictimaiyyəti ətraflı məlumatlandırılmalıdır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv