!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dövlətinin GƏNCLƏR SİYASƏTİ: Gələcəyimizin təminatı necə qurulur?

!Reklam – Yazi

Ölkəmizdə yeniyetmələrlə gənclərin fiziki və mənəvi cəhətdən inkişaf etməsi onların şəxsiyyət kimi formalaşmasında, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyüməsində xüsusi əhəmiyyətə malikdir. Hər bir uşaq və gənc hansı mühitdə böyüyürsə, gələcəkdə məhz onu nümayiş etdirir. Bu isə o deməkdir ki, onların inkişafı yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişaf göstəricisidir.

Azərbaycanda sağlam gəncliyin təminatı üzrə böyük işlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider rəhbərliyinin birinci dövründə uşaq və gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərməklə gələcək inkişaf perspektivlərinə xüsusilə diqqət yetirirdi. Məhz bu dövrdə uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görülmüşdü. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Uşaq və gənclərin hərtərəfli inkişafında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirən Ümummilli Lider deyirdi: “Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq”.

Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Çünki uşaq və gənclərin fiziki və mənəvi inkişafı gələcəkdə dövlətimizin idarə olunmasını, onun rəqabət qabiliyyətini təmin etməyə qadir olan nəslin yetişdirilməsindən ibarətdir. Bu isə uşaq və gənclərin sağlam böyüməsindən, yüksək səviyyədə təhsilə malik olmasından çox asılıdır. Gənc nəslin sağlam formalaşması, onların düzgün tərbiyə olunması xalqın mənəviyyatının əsasını təşkil edir. İnsanın mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı üçün uşaq və yeniyetmələrin idmana fəal surətdə cəlb olunması vacib məsələdir.

Gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafında, onların sağlamlığının təmin edilməsində, intellektual və mədəni səviyyəsinin yüksəldilməsində, vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin rolu əvəzsizdir. İdman uşaqların əxlaqına da müsbət təsir göstərir. Əxlaq deyəndə, hər şeydən əvvəl, insanın tərbiyəsi, davranışı, onun cəmiyyətdə özünü necə aparması yada düşür. Əxlaq insanlar arasında humanist əlaqələri tənzimləyən davranış və fəaliyyətin ideya, prinsip, qanun, norma və qaydalar sistemidir. Pedaqoqlar mənəvi-əxlaqi tərbiyənin əsas vəzifəsi kimi uşaqlarda xeyirxahlıq və nəciblik hisslərinin, uşaqların insan əxlaqına uyğun olaraq yaşaması, fəaliyyət göstərməsi, cəmiyyətin əxlaq normalarına uyğun ruhda tərbiyə edilməsi, onların şüur, hiss və əxlaqının cəmiyyətin tələblərinə uyğun yönəldilməsi, şəxsiyyət kimi formalaşdırılmasında görürlər. Təcrübələr göstərir ki, uşaqlara bağça, məktəb yaşlarından etibarən idmanla, bədən tərbiyəsi ilə məşğul olmağın faydasını başa salmaq, onlara bu vərdişləri aşılamaq lazımdır.

Qeyd etmək lazımdır ki, psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi birinci ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Bu mənada, ilk növbədə, hər bir valideyn məsuliyyəti dərk etməlidir. Valideynlərlə yanaşı, müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar.

Bu baxımdan, ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur. Gənclərin mənəvi – fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Onlardan biri 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramıdır. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi” barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu.

Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Çünki son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqda davam edir. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə ardıcıl olaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm rolunu önə çəkərək deyib: “Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Amma, eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur”.

 

2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında” Sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzaladı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Ölkəmizin qısa zaman kəsiyində surətlə inkişaf etməsi, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zəruri etdi. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” Cənab Prezident tərəfindən təsdiq olundu. İlk dəfə olaraq strategiyada Azərbaycan gəncliyinin müxtəlif sosial qrupları müəyyənləşdirilib. Sənədin əsas məqsədi bu dövr ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməyi, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etməyi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmağı nəzərdə tutur.

Gənclərin gündəlik qayğılarından tutmuş, ictimai-siyasi proseslərdə fəal, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması və digər bu kimi məsələlər strategiyanın əsas vəzifələri sırasındadır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Ölkəmizdə uşaqların qorunması, onların fiziki və mənəvi inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqlarla bağlı çoxsaylı layihələr həyata keçirilib.

Bundan əlavə, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı zəngin qanunvericilik bazası formalaşıb. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın daha 2 Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin “Uşaq Hüquqları Haqqında Konvensiyası”nın müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında Qanun”u qəbul olunub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlib.

Bu uğurlarla yanaşı, uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində müəyyən nöqsanlar da özünü göstərir. Xüsusən uşaq və gənclər arasında narkomaniya hallarına təsadüf olunması olduqca ciddi narahatlıq doğurur. Məktəbyaşlı uşaqlar arasında bir sıra mənfi halların təzahür etməsi bu sahədə hələ də müəyyən qüsurların olduğunu göstərir. Nöqsanları doğuran səbəblərin aradan qaldırılmasına ciddi nəzarət olmalıdır. Dövlət başçısının verdiyi sərəncamlara uyğun olaraq əldə olunan uğurlarla yanaşı, mövcud nöqsanları doğuran səbəblər üzərində də ciddi düşünmək lazımdır.

Ümumilikdə bu gün əminliklə deyə bilərik ki, uşaqlar və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Unutmaq olmaz ki, hər bir dövlətin inkişafı uşaq və gənclərin fiziki və mənəvi inkişafından asılıdır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

939
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv