Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45 141 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9 943 226 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34 812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.

2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33 009 nikah və 8 538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2 109 nəfər Azərbaycana gələn, 829 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1 280 nəfər təşkil edib.