!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan münasibətlərində RUSİYA BARMAĞI: "Kreml buna mane olacaq" - Politoloq

!Reklam – Yazi

“Elə etməliyik ki, Qarabağda nəzarəti tam ələ keçirək. Burada isə qarşımızda Ermənistan deyil, Rusiyadır”.

Bu sözləri Qarabağ ətrafında baş verən proseslər, Rusiyanın aktivliyi və Ermənistanda ehtimal olunan hadisələri şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, Kreml Ermənistanla Azərbaycan arasındakı yaxınlığa mane olacaq:

“Brüsseldə razılaşdırılmışdı ki, aprel ayında birgə komissiya yaradılsın və aprel ayının sonunda işə başlasın. Aprel ayının bitməyinə bir həftə qalıb, ancaq bu istiqamətdə bir irəliləyiş yoxdur. Daha sonra Paşinyanı Moskvaya çağırdılar. Yəqin, qulaqburması verdilər ki, əsas inhisarçı Rusiyadır, Avropa İttifaqına çox da meyil etməyin. Bilmirik, Paşinyanın bu məsələdə mövqeyi necə olacaq. Mövqeyin dəyişib-dəyişmədiyini parlamentdəki çıxışında, yaxud açıqlamalarında görəcəyik. Əgər əvvəlki kimi Qarabağla bağlı tələbin endirilməsi məsələsini qeyd etsə, bu o deməkdir ki, Brüsseldən gələndən sonra həmin siyasətinə sadiqdir. Yox, hansısa fikirlərini korrektə etsə, deməli, Moskvanın təzyiqləri işini görüb”.

Ermənistanda müxalifətin fəallaşmasına gəldikdə isə politoloq bunları deyib:

“Əslində, ciddi bir fəallıq yoxdur. Meydanda gördüyümüz az sayda radikaldır. Sadəcə onların piarı güclüdür. Susqun çoxluq əvvəlki kimi Paşinyana dəstək verir. Baxmayaraq ki, radikallar azlıqdadırlar, istənilən təxribatı törədə bilərlər. Yaxın keçmişdə – 1996-cı ildə Azərbaycanla sülh müqaviləsinin imzalanması ərəfəsində Ter-Petrosyanı devirdilər. 1999-cu ildə ATƏT Sammitinə bir neçə ay qalmış Ermənistan parlamenti gülləbaran olundu. Paşinyana sui-qəsd və çevriliş ehtimalı qalır. Baxmayaraq ki, cəmiyyətin Paşinyana dəstəyi var. Susqun cəmiyyət qarışmır, evlərində oturub Qarabağ yükündən qurtulmaq istəyir. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağını arzulayırlar. Paşinyan da daxilən bunu istəyir. Açıq demək lazımdır ki, Kreml buna mane olacaq.

İlk dəfə iki ölkənin XİN rəhbərlərinin birbaşa telefon danışıqları oldu. Daha bir faydalı gedişat Laçın dəhlizinə alternativ yolun yaxın aylarda bitməsidir. Ermənistanla Azərbaycanın əsas üç məsələsi var – dəhliz, sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişi. Bu məsələlər həll olunmasa da, narahatlıq keçirməyinə dəyməz. Azərbaycanın əsas məsələsi Qarabağla bağlıdır. Bunu özümüz həll etməliyik.  Sərhəd məsələlərində – müharibədən sonra lazım olan yerləri götürmüşük. Müəyyənləşməsə də, problem deyil. Sülh sazişi olmadan da yaşaya bilərik. Əsas məsələ daxildədir”.

Səxavət Məmməd

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv