“Azərbaycan da Fransanın təcrübəsindən istifadə etməklə, maşınqayırma məhsullarının ixracının, eyni zamanda ixracı həyata keçirəcək kooperativlərin dəstəklənməsi, inkişafının təşviq edilməsilə qeyri-neft sektoru ixracının artırılmasına nail ola bilər”.
Bu sözləri Yenicag.az-a ixrac potensialının genişlənməsi prosesində Fransa təcrübəsinin nədən ibarət olduğu və bu təcrübədən yararlanmağın Azərbaycana verəcəyi üstünlükləri dəyərləndirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
İqtisadçı onu da qeyd edib ki, ümumiyyətlə dünya iqtisadiyyatında fransız təcrübəsindən geniş istifadə olunur:
“İqtisadiyyatda ümumiyyətlə daha çox iki – fransız və anqlo-sakson modelləri tətbiq edilir. Bu baxımdan Azərbaycan ixracatda, vergi sistemində və bir sıra digər sektorlarda daha çox qarışıq, həm anqlo-sakson, həm də fransız modelindən istifadə edir. Fransa heç şübhəsiz, ixrac imkanları böyük olan ölkələrdən biridir. Bu ölkənin nominal ümumi daxili məhsulu dünyada 7-ci olmaqla, 2,6 trilyon dollardır. Fransa keçən il 541 milyard dollarlıq ixrac həyata keçirib. İxracın tərkibində isə maşınqayırma məhsulları, avadanlıqlar, təyyarə, kimyəvi, tibbi-farmakoloji və plastik məhsullar üstünlük təşkil edir. Yəni, Fransanın ixrac modeli daha çox sənaye məhsullarının istehsal və ixracı üzərində qurulub. Nəticə etibarı ilə Fransa rəqabət qabiliyyətli məhsulları ixrac edən bir ölkədir. İkinci özəllik ondan ibarətdir ki, Fransada istehsal və ixrac daha çox kooperativlər formasında həyata keçirilir. Dünyadakı 500 ən böyük kooperativin 31-i Fransadadır. Yəni Fransa aparıcı kooperativlərin sayına görə dünyada 4-cü yerdədir. Bu baxımdan Fransada ixrac prosesi məhz kooperativlər üzərindən həyata keçirilməyə ünvanlanıb. Ona görə Azərbaycanda da futbol üzrə yeni dünya çempionlarının vətənində olduğu kimi maşınqayırma məhsullarının ixracının, eyni zamanda ixracı həyata keçirəcək kooperativlərin dəstəklənməsi, inkişafının təşviq edilməsilə ölkəmizin qeyri-neft sektoru ixracının artırılmasına nail ola bilərik. Fransa ixrac imkanları baxımından dünyanın ən vacib ölkələrindəndir. Bu mənada Azərbaycanın ixrac prosesində Fransız modelindən yararlanması ilə qeyri-neft sektoru üzrə ixrac həcminin artması və neftdən asılılığın mərhələli şəkildə minimallaşdırılmasına nail ola bilərik”.
Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Fransanın milli bayramı – Bastiliyanın alınması münasibətilə bu ölkənin Bakıdakı səfirliyində keçirilən tədbirdə çıxışı zamanı Bakının öz ixrac potensialını genişləndirməkdə Fransa təcrübəsindən yararlanmaqda maraqlı olduğunu söyləyib.
ELÇİN