Azərbaycan İlahiyyat İnstitutu keçmiş tələbələrini iftar süfrəsində bir araya toplayıb.
Yenicag.az xəbər verir ki, ötən gün Azərbaycan İlahiyyat İnstitutunda Ramazan ayının son iftar süfrəsi təşkil edilib. Məclisdə İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, ilahiyyatçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, müəllim və tələbə heyəti iştirak edib.
İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov çıxış edərək qonaqları salamlayıb. Rektor artıq Ramazan ayının sonuna yaxınlaşdığımızı qeyd edərək bu ayı birlikdə, bir süfrə arxasında yola salmağın əhəmiyyətinə diqqət çəkib. O, daha da güclü olmaq üçün bir və bərabər olmaq lazım olduğunu vurğulayıb.
Ceyhun Məmmədov İnstitutun fəaliyyəti haqqında məlumat verərək bu tədris ilində İnstitutda magistraturaya qəbul elan edildiyini bildirib. O, ayrılmış 8 yerdən yalnız ikisinə tələbə qəbul edildiyini və növbəti tədris ili üçün artıq doktoranturaya da qəbulun elan ediləcəyini vurğulayıb.
İnstitutu bitirdikdən sonra tələbələrin işlə təmin olunması yolunda ciddi addımlar atıldığını qeyd edən rektor İlahiyyat fakültəsinin keçmiş tələbələrinin müxtəlif məsul vəzifələrdə çalışdığını bildirib.
Çıxış edən qonaqlar da Ramazan ayının özündə ehtiva etdiyi birlik və bərabərliyin xalqımız üçün daim və sarsılmaz olması diləklərini çatdırıb və hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik ediblər.
Azan oxunduqdan sonra oruclar açılıb. İftar yeməyi çay süfrəsi ətrafında səmimi söhbətlər fonunda yekunlaşıb.