!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan İrandan keçən yolu satın alsın" - TƏKLİF

!Reklam – Yazi

“Azərbaycan durub cırtdan, istəyi bəlli olmayan Ermənistanın qərar verməsini gözləyə bilməzdi. Vaxt gedir. Ondan fərqli olaraq İran çox böyük dövlətçilik tarixi, böyük iqtisadi, ticari potensialı olan bir dövlətdir. Qısa zamanda az qala bizimlə müharibə həddinə gəldi, təzyiq etməyə çalışdı, sonra soyudu, indi vəziyyəti düzgün dəyərləndirib belə bir addım atdı. Burada daim tənqid etdiyimiz diplomatiyamızın da uğurunu qeyd etməliyik”.

Bu fikirləri Azərbaycanın İranla Zəngəzur dəhlizinə alternativ yolun inşası üzərindən anlaşması, bu anlaşmaya səbəb olan amilləri şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, hərbi uğur diplomatiya sahəsində də uğur qazanılmasına təkan verdi:

“Müharibədən sonra Zəngəzur dəhlizi gündəmə gəlmişdi. Zəngəzur dəhlizi ilə bağlı təbliğat elə qoyulmuşdu ki, bundan narahatlıq keçirirdim. Çünki bəzən hətta zor gücü ilə olsa belə o yolun açıqlacağına dair fikirlər səsləndirilirdi. Zəngəzurun qədim Azərbaycan torpağı olması fikri də səslənirdi. Azərbaycan bütün dünyaya 30 il sübut edirdi ki, Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar bunu tanıyırdı. Zəngəzur, hətta Ermənistanın paytaxtı olan İrəvan tarixən Azərbaycan torpaqları olsa da, BMT tərəfindən Ermənistan ərazisi kimi tanınır. Təbii ki, Ermənistan ərazisindən keçəcək hər hansısa bir yolun razılığını Ermənistan dövləti verməlidir. Düzdür, həmin istiqamətdə bəzi yüksəklikləri Azərbaycan ordusu təhlükə törətdiyi üçün götürüb. Ancaq həmin yolu açmaq üçün hücum edib alsaydıq, dünya Azərbaycanı təcavüzkar kimi tanıyacaqdı. Düzdür, Ermənistanı təcavüzkar kimi tanıyırdılar, ancaq əməldə heç bir addım atmırdılar. Azərbaycanı təcavüzkar kimi tanısalar, Azərbaycana qarşı münasibət tamam başqa cür olacaqdı.

Düşünürəm ki, İran variantının reallaşması şahmatda atla gedişə bənzəyir. İrandan yolla bağlı razılaşma İlham Əliyev iqtidarının böyük uğurudur. İlham Əliyev beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Ancaq Xarici İşlər Nazirliyi ona adekvat hərəkət etmirdi. Prezident özü hərbçi olmasa da, hərb sahəsində uğurumuz daha çox idi, ancaq diplomatiya sahəsində obyektiv və subyektiv səbəblərdən durğunluq var idi. Azərbaycan ordusu 44 günlük müharibədə diplomatiyamız üçün çox böyük üfüqlər yaratdı. Bundan da diplomatiyamız istifadə etdi. Prezidentlər gedib hər işlə detallı məşğul olmurlar. Onu həmin sahəyə mənsub olan şəxslər yerinə yetirir. İrandan keçəcək yolla bağlı çox da uğurlu işlər gördülər. Baxmayaraq ki, 44 günlük savaşdan sonra yarısı bizim soydaşımız olan İranla üz-üzə gəlməyə məcbur olmuşduq. Hətta Azərbaycana qarşı hücum təhdidi də var idi. Bütün bunlardan qurtula bildik, Azərbaycan həmin təzyiqə dirəniş göstərə bildi. Ondan sonra da qısa zamanda belə bir mühüm sənəd imzalandı. Düşünürəm ki, bu, Azərbaycan dövlətinin növbəti diplomatik uğurudur.

Burada qarşı tərəfin də dövlətçilik prinsipindən çıxış etdiyini göstərmək lazımdır. İranın qədim dövlətçilik ənənəsi var. İranı Ermənistanla müqayisə etmək olmaz. Dövlətçilik məsələsində küsülülük olmaz. Dövlətin maraqları var. Dövlətin daimi düşməni, dostu yoxdur. Bu, illərin sınağından keçmiş aksiomdur. Düşünürəm ki, hər iki tərəf bundan udacaq”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan İrandan keçəcək məlum yolu ya ala, ya da hansısa bir torpaqla dəyişə bilər:

“Bolşevik Rusiyası Azərbaycan torpaqlarını alıb Ermənistana verəndə Türkiyə ilə Naxçıvanın sərhədini də ermənilərə hədiyyə etmişdi. Türkiyə ilə Naxçıvanın sərhədi yox idi. Atatürk o vaxt İrandan torpaq dəyişməklə 11 km də olsa o dar yeri aldı və o da bizim üçün həyati rol oynadı.

İndi isə maksimum halda, bəlkə də, fantastik görünsə belə, həmin İran ərazisindən keçən 45 km yolu ya torpaq dəyişmə, ya da pulla özümüzünkü etməyə, bu da alınmasa, ən azından, oradan sərbəst, gömrük yoxlaması olmadan daha operativ keçilməsinə çalışmalıyıq. İstərdim ki, Azərbaycan Atatürkün etdiyi kimi həmin yolu hansısa bir formada götürsün. Bu, çox yaxşı olar. Hər bir halda, Zəngəzur gündəmdə qalır. Amma bizim İran ərazisindən keçən yolumuz xeyli qısalır və daha rentabelli olur”.

Səxavət Məmməd

www.yenicag.az

1006
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv