“Azərbaycan işğalçı Ermənistanla eyni hərbi-siyasi ittifaqda təmsil oluna bilməz” – Fəzail Ağamalı

“Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi haqda danışan Paşinyanla hansı danışıqlara getmək olar?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istəyirsə, Ermənistanla münasibətləri normallaşdırmalıdır” fikrinə münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.

Ötən həftəsonu Moskvaya səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyalı jurnalistlərlə söhbətində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük perspektivi haqda sualla üzləşib.

Paşinyan “Kommersant” nəşrinin bu mövzuda verdiyi suala konkret cavabdan yayınmağa çalışsa da, jurnalistin təkidindən sonra aşağıdakı absurd fikirləri səsləndirib: “Belə fikirləşirəm ki, Azərbaycan KTMT-yə üzv olmaq istəyirsə, Ermənistanla münasibətləri normallaşdırmaq üçün yollar axtarmalıdır”.

Son həftələrdə Azərbaycanda ölkənin KTMT-yə üzvlüyünün mümkünlüyü və zəruriliyi haqda fikirlərin intensivləşdiyi bir şəraitdə Paşinyanın bu barədə dedikləri, əslində, həmin mövzunun artıq qapanması anlamına da gələ bilər. Çünki Azərbaycanın “Ermənistanla münasibətləri normallaşdırmaq” kimi bir məcburiyyəti yoxdur.

Bu barədə Yenicag.az-a danışan millət vəkili Fəzail Ağamalı da bildirib ki, Azərbaycan işğalçı Ermənistanla eyni hərbi-siyasi alyansda təmsil oluna bilməz:
“Mənə belə gəlir ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyənə kimi bu cür təşkilatlarda iştirakı mümkün görünmür. Bu, ictimai rəydə də kifayət qədər sərt qarşılanır.

Paşinyanın bu və ya buna bənzər sərsəm fikirlərinə gəldikdə isə, düşünürəm ki, onun dediklərini ciddiyə almaq lazım deyil. Ölkə prezidenti Azərbaycanın dövlət və milli maraqlarına söykənən, Azərbaycanın suverenliyinə hər hansı xələl gətirməyən, müstəqilliyinə təhdid olmayan bütün çağırışları dəyərləndirir və Ulu öndərimizin qoymuş olduğu bu xətt dövlət başçısı tərəfindən birmənalı şəkildə həyata keçirilməkdədir.

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Rusiyanın rəhbərlik etdiyi hərbi-siyasi təşkilatdır. Müstəqilliyimizə və suverenliyimizə xələl gətirməsə, Azərbaycan nə vaxtsa bu təşkilatda müşahidəçi, yaxud da başqa statusda iştirak edə bilər.

Lakin işğal olunmuş əraziləri azad edilməyənə qədər Azərbaycan işğalçı bir ölkə ilə bu cür hərbi-siyasi ittifaqda birgə ola bilməz. Bu, Azərbaycan xalqının, dövlətinin və prezidentinin dəyişməz mövqeyidir.

Eyni zamanda, mən Qarabağ danışıqlarında heç bir müsbət gedişat gözləmirəm. Əgər Paşinyan erməni diasporasının qarşısında çıxış edərək, Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi haqda danışırsa, belə sərsəm fikirlərdən sonra onunla hansı danışıqlara getmək olar? Ermənistan beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilməklə bağlı mövqe bildirərsə, onunla danışığa gedilə bilər.

Əgər belə bir mövqe yoxdursa, o halda Azərbaycan dövləti işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir və bu zaman bütün mümkün vasitələr ölkəmizin haqqıdır. Buna hansısa şəkildə qadağa qoymaq mümkün deyil”.

A.Zeynalov