!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan mediasında JURNALİST “QITLIĞI”: “On minlərin arasından əlli nəfər seçə bilmiriksə...” – HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

“Sosial şəbəkələrdə edilən paylaşımların olduğu kimi götürülərək “material” qismində təqdim edilməsi də jurnalistika deyil”.

Bu fikirləri ölkə medaisında peşəkar jurnalist probleminin getdikcə daha da kəskinləşdiyini diqqətə çatdıran Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, hazırladıqları materiallarda ciddi səhvlərə yol verənlərin arasında iyirmi-iyirmi beş il jurnalist təcrübəsi olanlar da var:

“Hər halda, 27 ildir jurnalistikadayam və bu qənaət təsadüfi deyil. Üstəlik, bu müddət ərzində istər milli, istərsə də beynəlxalq platformalarda kifayət qədər fəal olmuşam. Eyni zamanda, həm yerli, həm ingilisdilli, rusdilli, əsasən də türkdill medianı, eləcə də Orta Asiya mətbuatını öz dillərində gündəlik izləyirəm. O baxımdan, uyğun müqayisə aparmaq üçün yetərincə geniş imkanlarım yaranıb.

Bu, məsələnin bir tərəfi. İkincisi isə bu peşənin standartları ilə bağlı narahatlığım var. Yəni mediada standartlara əməl olunmasından əksər hallarda söhbət belə gedə bilməz. Bir çox saytların fəaliyyətinin müşahidəsi göstərir ki, jurnalistika adına kütləvi axın varsa da, arzuedilən peşəkar jurnalistlərin sayı çox azdır.

Adi misal göstərim. Birincisi, sözçülük həddən artıq çoxdur. Bu, jurnalistikada qəbuledilən deyil. İkincisi, mənbələrə istinad problemi var. Əslində, anonim mənbələrə istinad olunaraq məlumat yayılmamalıdır. Doğrudur, istisna hallarda yayıla bilər. Amma bu, kütləvi şəkildə olmamalıdır. Üçüncüsü, sosial şəbəkələrdə edilən paylaşımların olduğu kimi götürülərək “material” qismində təqdim edilməsi də jurnalistika deyil.

Əgər hansısa istifadəçinin sosial şəbəkədəki paylaşımı ictimai maraq kəsb edirsə, onun ətrafında müzakirə açmaq, fərqli fikirlər səsləndirmək olar. Bəli, bu, jurnalistika sayıla bilər. Təbii, hansısa statusun informasiya yükü varsa, onu yaymaq olar. Lakin ucdantutma o cür məsələlərin üzərində jurnalistika məhsulu təqdim etmək doğru deyil.

Ümumiyyətlə, niyə bu qənaətə gəlirəm? Adi bir xəbərin yazılışına baxanda hiss edirik ki, bu, jurnalistika məhsulu deyil. Bir cümlədə eyni sözlərin təkrarlanması halları kütləvi şəkildədir. Digər tərəfdən, ard-arda gələn cümlələrin eyni sözlə başlayıb-bitməsi, rəqəmlərin düzgün yazılmaması, yaxud da riyazi-həndəsi işarələrin olduğu kimi təqdim edilməsi halları həddən artıq çoxdur. Ona görə belə qənaətə gəlmişəm ki, doğrudan da, bizim jurnalist problemimimiz var.

Təəssüf ki, qeyd olunan səhvlərə yol verənlərin heç də hamısı gənclər, mətbuata yeni gələnlər deyil. Aralarında iyirmi-iyirmi beş il jurnalist təcrübəsi olanlar da var. Baxırsan ki, onların yazdığı mətn olduqca bərbaddır və adam bununla belə peşəkar jurnalist olduğunu iddia edir.

Fikirləşəndə ki sabah bir qəzet açmalı olsam, oraya kimləri dəvət edəcəm, açığı, gözümün önündən elə də çox jurnalistin adı keçmir. Bu heç də o demək deyil ki, mən hamını tanıyıram və onların arasında jurnalistika standartlarına uyğun gələnlər azdır. Əlbəttə, yəqin ki, tanımadıqlarım da var. Ancaq özünə jurnalist deyən on minlərlə adamın arasından heç olmasa, əlli nəfəri anidən gözümün qarşısından keçirə bilmirəmsə, bu, problemdir.

Digər təəssüf doğuran hal bundan ibarətdir ki, mediaya kütləvi axın bir çox peşəkar jurnalistlərimizi meydandan sıxışdırıb çıxarıb. Bundan başqa, jurnalistlərimizin əksəriyyətində lakonik yazmaq və danışmaq problemi var. Mən özüm də bəzən müəyyən məsələləri uzun-uzadı izah etmək məcburiyyətində qalıram. Ümumi götürəndə isə biz çox qısa, aydın, dağdakı çobanla akademikin başa düşəcəyi bir dildə jurnalistika məhsulu təqdim etməliyik. Ancaq buna əməl olunurmu? Əlbəttə ki, yox”.

A.Zeynalov

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv