Azərbaycan mediasının “REKET” PROBLEMİ: “Bu ifadənin leksikondan tədricən sıxışdırılması…”

“Fəaliyyətdə olan media subyektləri öz işlərində jurnalistikanın etik prinsiplərini rəhbər tutmağa başlayıblar”.

Bu fikirləri Azərbaycanda “reket jurnalistika”ya qarşı aparılan mübarizənin gedişini və əldə edilən nəticələri dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan mətbuatında şər-böhtan, kiminsə şərəf və ləyaqətini alçaldan yazıların əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilir:

“Azərbaycanda uzun illər jurnalistikadan istifadə edərək öz məkrli niyyətlərini həyata keçirənlərin olduğu faktını danmaq olmaz. Həmin şəxslər qanun qarşısında cavab verirlər və verəcəklər. Jurnalistika ali peşədir. Peşəkar və qeyri-peşəkar jurnalist anlayışı bəlli meyarlar əsasında ayırd edilməlidir.

Son illər Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar və Medianın İnkişafı Agentliyinin yaradılması, o cümlədən, media reyestrinin tətbiq olunması fonunda mətbuatdan öz çirkin məqsədləri üçün isifadə edən şəxslərin sayında ciddi azalma müşahidə olunur. Bu, Azərbaycan mətbuatının şəffaflaşması baxımından çox əhəmiyyətlidir.

“Reket jurnalistika” ifadəsinin tədricən leksikondan sıxışdırılması sevindirici haldır. Heç bir uğuru olmayan, hansısa peşədə özünü təsdiqləyə bilməyən bir çoxunun sayt açaraq mətbuatdan şəxsi maraqları naminə istifadə etmələrinin şahidi olurduq. Bu da bütövlükdə Azərbaycan mətbuatının adına ləkə idi.

Ancaq vurğuladığım media islahatlarından sonra o şəxslər mətbuatdan uzaqlaşdırılıb. “Reket jurnalist” adlandırdığımız o adamlar artıq mediada hansısa yollarla pul qazana bilməyəcəklərini anlayıblar. Son monitorinqlərin ortaya çıxardığı nəticələrə baxdıqda, Azərbaycan mətbuatında şər-böhtan, kiminsə şərəf və ləyaqətini alçaldan yazıların əhəmiyyətli dərəcədə azaldığını müşahidə edirik.

Fəaliyyətdə olan media subyektləri öz işlərində jurnalistikanın etik prinsiplərini rəhbər tutmağa başlayıblar. Bu, belə də olmalı idi. Kiminsə hansısa hərəkətinə görə ümumilikdə Azərbaycan mətbuatına damğa vurmaq olmaz.

Azərbaycan mətbuatı çox peşəkar, dövlətçi və öz obyektlivliyi, dəqiqliyi, qərəzsizliyi ilə seçilən nümunəvi mediadır. Həmçinin Azərbaycan mediası 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan mətbuatdır. Bu səbəbdən, artıq “reket jurnalistikası” ifadəsinin tarixə çevrildiyini söyləmək mümkündür. Gələcəkdə isə reket jurnalistlərə, ümumiyyətlə, rast gəlməyəcəyik”.

Nəsimi Ələsgərli

COP29