!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan neftinin bahalaşmasını əngəlləyən AMİL: “Gündəlik hasilatın artırılması qərarı...” – Natiq Cəfərli

!Reklam – Yazi

“Ölkəyə daha çox valyutanın daxil olması və valyuta ehtiyatlarının artması üçün neftin bahalaşması önəmlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətinin 66 dollardan yuxarı səviyyədə bahalaşmasına təsir edən amilləri dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı bildirib ki, neftin qiymətində artım tendensiyası may-iyun aylarına kimi davam edəcək:

“Ümumilikdə dünya bazarında neftin bahalaşması müşahidə olunur. Yəni Azərbaycan neftinin qiyməti xüsusi ticarət nüansı deyil. Dünya bazarında, xüsusilə, “Brent” markalı neftin qiymətində artım var və paralel olaraq, “Azeri Light” markalı neftin qiyməti də bu gün səhər saatlarında 67 dollara yaxınlaşıb.

Bu artımın əsas səbəblərindən biri OPEC+ anlaşması ilə bağlı öhdəliklərin yerinə yetirilməsidir. Hasilat kifayət qədər azaldılıb və bu, neftin qiymətlərinə ciddi şəkildə təsir edib. Digər tərəfdən, beynəlxalq enerji agentliyi və OPEC+ təşkilatı bu ilin ikinci rübündə dünyada neft istehlakının artacağı ilə bağlı ilkin hesabatlar açıqlayıb. Bu proses neftə olan tələbatı artırarsa, qiymət yenə artacaq.

Yeri gəlmişkən, neft satışı üzrə bugünkü müqavilələri may ayının sonuna məxsusdur. İyun ayının müqavilələri isə gələn həftədən satışa çıxarılacaq. Yəni hazırkı qiymətləri may-iyun qiymətləri kimi dəyərləndirmək olar. Ancaq bütün hallarda, qiymətlərin hansı səviyyəyə qədər yüksələcəyini söyləmək çətindir.

“Brent” markalı neft üçün hədəf 70 dollar civarındadır. Əgər “Brent” markalı neft qeyd olunan səviyyədə möhkəmlənərsə, yay mövsümündə neftin qiymətlərinin 65-70 dollar aralığında olacağı ehtimal edilir”.

Neft bazarında müəyyən risklərin də gözlənildiyini vurğulayan Natiq Cəfərli qeyd edib ki, bu risklərə Səudiyyə Ərəbistanın neft hasilatına başlaması və İrana tətbiq olunan sanksiyaların aradan qaldırılması daxildir:

“Mayın 1-dən etibarən, Səudiyyə Ərəbistanı neft hasilatını artırmağı planlaşdırır. Səudiyyə Ərəbistanında ən azı 500 min barel, maksimal olaraq ,1 milyon barel əlavə neft hasil olunacaq. Bu, neft qiymətləri üçün təzyiq yaradır və bahalaşmanın qarşısını alan əsas faktora çevrilə bilər. Bununla yanaşı, bu həftə ərzində Vyanada dünya ölkələri ilə İran arasında sanksiyalarla bağlı ciddi danışıqlar gedir.

Əgər bu danışıqlardan bir nəticə çıxarsa və yaxın aylarda İrana qarşı tətbiq olunan sanksiyalar götürülərsə, bu gedişat neft bazarına təsir edəcək. Yəni İranın bazara daha çox neft çıxarmaq imkanları var. Bu, neft qiymətlərini 60-65 dollar həddinə yaxınlşadıra bilər. Əslində, dünyadakı istehlakçılar və istehsalçılar bu rəqəmlərdən məmnundurlar. Neftin kəskin ucuzlaşmasını və ya bahalaşmasını gözləmək olmaz. Azərbaycan üçün də elə ən komfortlu qiymət 60-65 dollar civarındadır”.

Neftin mövcud qiymətinin Azərbyacan iqtisadiyyatına təsirlərinə də toxunan iqtisadçı vurğulayıb ki, neftin bahalaşması makroiqtisadi göstəricilərə və manatın məzənnəsinə pozitiv təsir göstərəcək:

“Neft nə qədər baha olarsa, Azərbaycan üçün bir o qədər sərfəlidir. Çünki ixracatımızın böyük əksəriyyətini xam neft və neft məhsulları təşkil edir. O da nəzərə alınmalıdır ki, qazın qiyməti də neftin qiymətlərinə bağlıdır. Neft bahalaşdıqca, qazın qiyməti də qalxır.

Ölkəyə daha çox valyutanın daxil olması və valyuta ehtiyatlarının artması üçün neftin bahalaşması önəmlidir. Neftin bahalaşması nəticəsində makroiqtisadi göstəricilər və ümumi dəyər vergisinin (ÜDM) yüksəlməsinə yol açacaq. Bu, iqtisadi dayanıqlılığı da artıracaq”.

Gülşən Şərif

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv