!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nümayəndə heyəti Haaqada səfərdədir - FOTOLAR

!Reklam – Yazi

Niderland Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti Haaqa şəhərindəki Xocalı abidəsini ziyarət edib.

Yenicag.az xəbər verir ki, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan anım mərasimində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, Niderlanddakı Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Belçika Gent Türk Ocaqlarının Fəxri Sədri Recep Tuncer Sarı, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları qalib Azərbaycan dövlətinin Xocalı soyqırımını törədənlərin hər birinin ədalət qarşısına çıxarılmasına nail olacağına əminlik ifadə edib.

Çıxış edənlər həmçinin bildirib ki, Azərbaycan xalqı Qarabağ kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da mütləq geri qayıdacaq. Artıq bunun üçün tarixi zərurət yaranıb və biz mütləq Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə dönəcəyik.

ATXƏM sədri İlham İsmayılov, millət vəkilləri Əziz Ələkbərli və Hikmət Babaoğlu İlhan Aşkın başda olmaqla, dərnəyin təşəbbüsü ilə burada 2007-ci ildə abidə ucaldıldığını xatırladaraq, dərnək başqanına təşəkkürlərini çatdırıblar.

Niderland Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti Haaqa şəhərində fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisini ziyarət edərək, Dərnəyin sədri İlhan Aşkına dəstək nümayiş etdirib.

Görüş zamanı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunaraq, incidilməsi məsələsinə toxunulub.

Qeyd olunub ki, 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən İlhan Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə danışaraq, erməni vəhşiliyini pisləyib.

Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib.

Ermənilərin şikayəti əsasında Niderland polisi qərəzli araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə – “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin tələbləri ilə istintaqa cəlb olunub.

Görüşdə iştirak edən qonaqlar İlhan Aşkının üzləşdiyi haqsız durumla əlaqədar  dərnək başqanına dəstək ifadə ediblər.

Vurğulanıb ki, bu məsələ təkcə İlhan Aşkın məsələsi deyil, milli məsələ, Qarabağ uğrunda mücadilədir.

Daha sonra qonaqlar Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisindəki şəraitlə yaxından tanış olublar.

İlhan Aşkın Bakıdan gələn qonaqlara bu yaxınlarda erməni cinayətkarları tərəfindən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisində törədilmiş sui-qəsd cəhdinin izləri ilə tanış edib.

Bildirib ki, bu yaxınlarda erməni silahlıları Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisinə odlu silahdan atəş açaraq, dərnək üzvlərinə qarşı terror aktı planlaşdırıb. Ancaq ofisin şüşələri zirehli olduğu üçün xoşbəxtlikdən ölüm halı olmayıb.

Qeyd edək ki, oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri”  adlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belinuks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Niderland Parlamentinin (Tweede Kamerin) “Nieuwspoort” Media Mərkəzində keçiriləcək beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv