Azərbaycan nümayəndə heyəti İranda rəsmi səfərdədir – FOTO

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd, Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, Sənaye, Mədən və Ticarət naziri Reza Rəhmani ilə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin siyasi iradəsi və dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı vurğulanıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin inkişafında önəmi qeyd edilib. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, mədəniyyətə və adət-ənənələrə malik olması da, əhəmiyyətli rol oynayır.

Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, Azərbaycan və İran arasında ticarət dövriyyəsi artır, nəqliyyat, energetika, yükdaşımalar, sənaye, səhiyyə, kənd təsərrüfatı, İKT, turizm, humanitar və s. sahələrdə əməkdaşlıq inkişaf edir, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür.

Azərbaycanda əlverişli biznes mühitindən yararlananaraq bir sıra sahələrdə, o cümlədən sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində İran şirkətlərinin fəallığı artır.

Ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır və bu sahədə mühüm işlər görülüb. Tarixi əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Qeyd olunub ki, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi daşınan yüklərin həcminin artırılmasını təmin etməklə, Azərbaycan və İranın nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə töhfə verir. Bununla yanaşı, iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan e-TIR pilot layihəsinin tətbiqinə başlanılıb, sərhəd-keçid məntəqələrində iş rejiminin artırılması təmin olunub.

İqtisadi əlaqələrin inkişafında digər sahələrlə yanaşı, sənaye mühüm rol oynayır. Azərbaycan və İran arasında maşınqayırma, əczaçılıq, qida sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində işlər görülür. Azərbaycanda İran Klinikası fəaliyyət göstərir.

Görüşlərdə nəqliyyat, iqtisadi-ticarət, energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, İKT, turizm, humanitar, xidmət və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətləri, o cümlədən birgə müəssisələrin yaradılması barədə fikir mübadiləsi aparılıb.

COP29