Azərbaycan ordusunun Türkiyə modelinə KEÇİDİ: Qət edilən məsafəyə və “stop”lamaya tarixi baxış – Səxavət Məmmədin ARAŞDIRMASI
Azərbaycan ordusunun Türkiyə ordu modelinə keçidindəki problemlərə toxunarkən bəziləri elə düşünür ki, hazırda baş verənlər Azərbaycan ordusu üçün yenilikdir və ona görə bu çətinliklər baş verir.
Azərbaycan ordusunun keçmək istədiyi modelin adını Türkiyə modeli, NATO standartlarına uyğun ordu modeli qoya bilərik. Adın hər nə olmasından aslı olmayaraq, bu, dünyada müasir ordu modeli sayılır. Bütün ölkələr bu keçidi bir formada təşkil edir.
Bu modelin Azərbaycandakı inkişaf mərhələsinə baxmaqda fayda var.
Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. 1994-cü ildən isə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əhəmiyyətli dərəcədə artan xətt üzrə davam etdi. Azərbaycanda Rusiyanın təsiri çox güclü olsa da, Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi.
4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalanıb və SNT Təqdimat Sənədi 19 aprel 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib. Beləliklə, Azərbaycan NATO-nun sülhyaratma fəaliyyətində – 1999-2008 Kosovo, 2003-2008 İraq, 2002-2021-ci il Əfqanıstan – iştirak edib.
Bütün bunların fonunda Azərbaycan ordusunun özünün NATO, Türkiyə modelinə keçməməyi və bu yöndə fəaliyyətin olmaması anormallıq olardı. Bir qədər araşdırma aparan zaman məlum olur ki, Azərbaycan ordusu NATO sisteminə keçmək üçün xeyli yol qət edibmiş. Niyə görə keçmiş zamanda yazıram? Sonradan gözlə görüləcək və hiss ediləcək qədər tormozlanma baş verir. Gəlin bunları açaq…
Orduda bir modelə keçmək üçün mütləq siyasi hakimiyyətlə hərbi rəhbərliyin qərarları bir-birinə adekvat olmalıdır. Daha dəqiqi, qərarları icra etmək üçün kadrlar yeni, müasir hərb elmini bilməlidir. Bunun üçün, təbii ki, xaricdə təhsil çox önəm daşıyır. Azərbaycan ordusunun mənsubları Türkiyədə, NATO ölkələrində, hətta Çində belə oxumağa göndərilir, dil bilgilərinin artırılması üçün xüsusi kurslara qatılır.
Bütün ordu mənsublarının xaricdə təhsil alması imkansız olduğu üçün Azərbaycan daxilində də xarici mütəxəssislərin cəlb edilməsi vacib sayılır. Bu yöndə Türkiyə ilə əlaqələr çox önəm daşıyıb. Türkiyəli instruktorlar Birinci Qarabağ müharibəsi davam edən zaman belə döyüşlərə heyətlər hazırlayırlar. İlk xüsusi təyinatlılar məhz o zaman hazırlanıb. Uşaq olanda dəfələrlə Türkiyədən gələn zabitlərin əsgərlərimizi hazırladığını eşitmişdim. Müharibədə dayım yaralananda atamla söhbət edən zaman deyirdi ki, bütün ordunu türklər hazırlasa, bütün ordu bizim kimi olsa, nəinki torpaqları işağaldan azad edərik, hətta İrəvana qədər gedib çıxarıq.
Azərbaycan müstəqillik qazandığı gündən Türkiyə ilə həm siyasi, həm hərbi sahədə əməkdaşlığa başlayıb. Atəşkəsdən sonra isə hərb sahəsindəki əməkdaşlıq daha da sürətlənib.
Azərbaycan müstəqil olduğu üçün özü öz kadrlarını yetişdirməyə başlamalı idi və həm də müxtəlif sahələrdə. Azərbaycan hərbi məktəbinin nəzdində təyyarəçilik məktəbi yaradıldı. Dənizçilik məktəbi hələ sovet dövründən fəaliyyət göstərirdi. O ənənə davam etdi və milli kadrlarını yetişdirilməsi üçün işlər görülməyə başlandı. Çox maraqlıdır ki, bu məktəblər 2015-ci ilə qədər fəaliyyət göstərib. Həmin məktəblər 2015-ci ildən sonra fakültə kimi fəaliyyət göstərdi. Bundan əlavə, rabitə polku var idi. Həmin polkda təlimlərlə rabitəçilər hazırlanırdı. Rabitə polku da dənizçilik və təyyarəçilik məktəbinin aqibəti ilə üzləşir. Birinci müharibə zamanı polkovnik R.Səmədzadənin rəhbərliyi altında aşpazlar məktəbi yaradılmışdı. Aşpazlar məktəbi də 2014-cü ildən sonra ləğv edilib. Bu ona görə edildi ki, qadın aşpazlar işə götürüləcək və yeməkləri qadınlar bişirəcək. Məqsəd yeməklərin dad və keyfiyyəti idi. Hətta əsgərlər “ev yeməyi” yeyir kimi çoxlu sayda yazılara rast gələ bilərsiniz. Müharibə zamanı bunun fəsadları ilə də qarşılaşdıq. Stasionar briqadalarda aşpazlar müharibə vaxtı əraziyə gedə bilmədilər. Yemək təminatında sıxıntıların olması heç kimə sirr deyildi. Əhalinin göndərdiyi yeməklər müharibədə son dərəcə önəm daşıyırdı.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı. Akademiyada dərs deyən müəllimlər xaricdə kurslara cəlb edildi və müasir hərb elminin tədrisini öyrənib dərslərə ondan sonra başladılar. Təkcə azərbaycanlı zabitlər yox, Türkiyədən də zabitlər Akademiyaya cəlb edildi. Artıq Azərbaycan zabitləri Akademiya bitirən zaman Türkiyə modelinə, NATO standartlarına, ən əsası, müasir hərb elminə yiyələnirdilər. 2014-cü ildən sonra isə bu sahədə də ciddi axsamaların şahidi oluruq. Türkiyəli mütəxəssislərin gedişi, göndərilişi öz sözünü deyir.
Akademiya yaranandan sonra ora zabitləri cəlb etmək üçün müəyyən qaydalar qoyulmuşdu. Artıq hərbi hissə komandirləri, polkovnik rütbəsi almaq istəyən zabitlər mütləq şəkildə Akademiya bitirməli idilər. Oxumaq, savadlanmaq ən əsas şərt idi. Beləcə Akademiya cəlbedici olmuşdu.
Azərbaycanın NATO standartlarına keçməsi üçün təhsillə yanaşı, həm də pilot layihələr də həyata keçirilib. Çünki sovet modelindən birdən-birə NATO, Türkiyə modelinə keçid mümkün olmazdı.
Azərbaycan ordusunda öncə NATO standartlarına uyğun bölük yaradıldı. Həmin bölük təlimlərdə heç bir nəticə vermədi. Bu, anlaşılan idi. 2010-cu ilin avqust ayında isə müdafiə naziri Səfər Əbiyevin əmri ilə briqadalardan birində NATO taboru yaradılıb. Həmin briqadaya və tabora xaricdə təhsil alan, ingilis dili bilən, NATO təlimlərinə cəlb olunan şəxsi heyət yığılmağa başlanılıb. Həmin tabor tam komplektləşdiriləndən sonra təlimlərə cəlb olunub. Həmin taborun şəxsi heyətinin bir hissəsi Türkiyənin 3-cü NATO Korpusuna təlimə göndərilib. Həmin vaxt korpus komandiri Türkiyənin hazırkı müdafiə naziri Hulusi Akar olub. Həmin taborun şəxsi heyətinin bir hissəsi Türkiyənin 3-cü NATO Korpusunda 20 günə yaxın praktika keçib. 2 ilə yaxın ciddi hazırlıq keçəndən sonra taborun qiymətləndirilməsi aparılıb.
Tabor təlimlərdən sonra imtahan verir. Qiymətləndirmə iki cür aparılır:
- Öz qiymətləndirmə 1, NATO qiymətləndirilməsi 1.
- Öz qiymətləndirilmə 2, NATO qiymətləndirilməsi 2.
Qiymətləndirilmələr , birinci, nazirliyin inspeksiyası tərəfindən aparılır, sonra isə NATO-nun.
2012-ci ildə inspeksiya zamanı 49 Sülh Naminə Tərəfdaş ölkə içərisində Azərbaycan 1-ci yer qazanıb. Həmin NATO taboru 4 sahədən 3-ü əla, 1-i yaxşı olmaqla ən yüksək göstəricini verib. Qiymətləndirməni 35 nəfər xarici mütəxəssis aparıb.
Hazırda Azərbaycan ordusu Türkiyə modelinə keçmək istəyir. Yuxarıda yazmışdım ki, bu, yeni deyil. Hazırkı ştat strukturu, təlimlər, standartlar 2007-ci ilin fevral ayından başlamışdı. Artıq NATO standartlarına keçmək üçün bölükdən tabora keçilmişdi, daha sonra isə proses briqda səviyyəsinə çatdırılmalı idi. Bu həm də o anlama gəlirdi ki, bölük səviyyəsindən tabor səviyyəsinə yüksələnlər briqadalara, yüksək postlara, briqadalardan isə korpuslara rotasiya ilə gedəcəkdilər. Təxminən proses 2015-ci ilə başa çatmalı idi. Beləliklə, Azərbaycan NATO-ya üzv olan ölkə olmasa da, tam müasir standartlara cavab verən ordu yaratmış olacaqdı.
Yuxarıda da qeyd etmişdim. Bir sistemə keçid üçün kadrlar şərtdir. Bu keçidi təmin etmək üçün 1998-ci ildə hərbi məktəblərə qəbul hazırkı sistemlə həyata keçirilmişdi, bundan əlavə, 1999-cu ildə yaradılmış Akademiya da məhz bu sistem üzərində qurulmuşdu.
Bundan başqa, kurslar yaradılaraq sistemə keçid təmin edilməyə çalışılırdı. Türkiyə və NATO ölkələrinə kurslara göndərilmə də intensivləşmişdi.
Bura qədər oxuyanların beynində bir sual yaranacaq: Əgər bunlar baş vermişdisə, keçid niyə sancılıdır?
2014-cü ildən sürətlə davam edən prosesə tormoz verilir. Ordu Rusiya da yox, yenidən sovet dönəminə qaytarılır. Bu tormoz bütün sistemi çökdürür. Türkiyədə təhsil almış, NATO təlimlərində iştirak etmiş, müasir hərb elmini mənimsəmiş ordu mənsubları köhnəyə dönməli olurlar. Müasir hərb elminə yiyələnmiş ordu mənsubları köhnə sistemdə yararsız olurlar. Bezdirmələr başlayır. Çoxlu sayda xaricdə təhsil almış, akademiya bitirmiş zabitlər Azərbaycan ordusundan küsərək gedir.
2014-cü ildən keçilən sovet sistemi 6 il müddətinə davam etdi. Müharibədən öncə Azərbaycan ordusunun döyüş hazırlığını artırmaq üçün çalışan Türkiyədən gələn instruktorlar bu sistemlə güclü ordu qurmaq, bundan əlavə, əməkdaşlıq etməyin çətinliyini, yəqin ki, ölkə rəhbərliyinə məruzə ediblər. Təsadüfi deyil ki, müharibədən dərhal sonra Azərbaycan rəsmi olaraq Türkiyə ordu modelinə keçəcəyini açıqladı.
Zamanında keçidin tormozlanması, 6 illik fasilə, itirilən kadrlar, Azərbaycan ordusunu, bəlkə də, 15-20 il geri atdı. Ona görə də sənəd üzərindəki sürətli keçid reallıqda tısbağa sürətilə belə getmir.
Düşünürəm ki, keçidə qərar verən siyasi hakimiyyət 6 ili ciddi araşdırmalı, prosesi tormozlayanları cəzalandırmalıdır. Bu ləngimə həm də böyük maliyyə itkisinə, xərc qoyub yetişdirilmiş kadrların genefondunun məhvinə səbəb olub.
Səxavət Məmməd