Azərbaycan Qərbdən imtina etməlidirmi? – “Moskva ilə anlaşmaq daha münasibdir” – Politoloq

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var, onlar bundan nəticə çıxartmalıdırlar.

Bu fonda həmsədr ölkələr yuxarıda qeyd edildiyi kimi lazımi nəticələr çıxartmasa, Azərbaycan nəhayət ki, həmsədrlərin fəaliyyətindən imtina edə bilərmi? Bu baş verəcəyi təqdirdə isə başqa hansı addımlar atıla bilər?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında bildirdi ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə istər Azərbaycan hakimiyyəti, istərsə də ölkə ictimaiyyəti arasında münasibət birmənalıdır:

“Onların fəaliyyətindən ciddi narazılıq var. Etiraf edək ki, bu formatın özünün belə münaqişənin beynəlxalq hüquq normalarına uyğun həll edilməsinə elə də ciddi təsiri olmayıb.

Bu əsasda həmsədrlərin fəaliyyətindən Azərbaycanda yaranan narazılıq fonunda, onlardan imtina edilməsini mümkün hesab edirəm”.

Ona alternativ olaraq da E. Manafov Moskva ilə razılaşmaya getməyin daha məqbul variant olduğunu düşünür:

“Həmsədr ölkələr Azərbaycan ictimaiyyətinin onların fəaliyyətindən narazı qaldığını nəzərə alıb, əməli fəaliyyətə keçməsə, sözsüz ki, onların fəaliyyətindən imtina edə bilərik. Bu zaman da başqa variant ortaya çıxacaq. Münaqişənin tənzimlənməsilə bağlı prosesə bildiyiniz kimi, Moskvanın kifayət qədər təsir etmək imkanı var. Belə olan halda, düşünürəm ki, məhz Ermənistanla deyil, Rusiyanın özü ilə birbaşa danışıqlara da getmək olar. Moskva Azərbaycanı Avrasiya və Gömrük İttifaqında görmək istəyir.

Bu da ondan irəli gəlir ki, Azərbaycanın sözügedən qurumlarda təmsil olunması onların Qərbdəki qurumlara alternativ bir təsisata çevrilməsinə şərait yarada bilər. Ölkəmiz nəhəng maliyyə və enerji resursları ilə haqqında söhbət açdığım qurumları kifayət qədər gücləndirəcək bir dövlətdir. Düşünürəm ki, Moskvanın Azərbaycana təzyiq və təsirləri də məhz bundan irəli gəlir. Rusiya Azərbaycanla Ermənistanda apardığı səviyyədə danışıqlar keçirtmək imkanına malik deyil. Ona görə də Qarabağ məsələsində status-kvonun saxlanılmasında digər dövlətlər kimi, Kreml də maraqlıdır. Azərbaycanda enerji və ərzaq təhlükəsizliyi kimi problemlər olmadığından təbii ki, Moskva ölkəmizlə vassal dövlət formasında danışdığı tərzdə danışa bilmir. Azərbaycanın Avrasiya və Gömrük İttifaqında olması həmin qurumlarda yer alan digər türkdilli dövlətlər üçün də faydalıdır. Bu əsasda düşünürəm ki, münaqişəni Qərb dövlətlərilə razılaşdırmadan Rusiya ilə razılığa gələrək həll etmək imkanlarımız var. Lakin hər halda onu da unutmayaq ki, Qərb dövlətlərinin Azərbaycanda kifayət qədər investisiya layihələri mövcuddur. Ona görə də onlar Azərbaycanın münaqişənin həlli istiqamətində Rusiya ilə razılaşmaması üçün əllərindən gələni edəcəklər”.

ELÇİN

Yenicag.az

COP29