Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib

Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində irəliləyib.

Yenicag.az xəbər verir ki, Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyərək 62,7 bal ilə (2,7 bənd əlavə edib) 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.

Ümumilikdə 141 ölkənin yer aldığı reytinq siyahısına Sinqapur başçılıq edir. İlk beşliyə həmçinin ABŞ, Honkonq (Çin), Niderland və İsveçrə daxildir.

Reytinq siyahısında Ermənistan 69-cu (61,3 bal ilə), Gürcüstan isə 74-cü (60,6 bal ilə) yerdə qərarlaşıb.

Ümumilikdə reytinqdə 12 mövqe əks olunub. “İnstitutlar” mövqeyində Azərbaycan 49, “İnfrastruktur” mövqeyində 38, “Məhsul bazarı”nda 23, “Əmək bazarı”nda 21, “Biznesin dinamikliyi” mövqeyində isə 23-cü yeri tutub.