!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan səhiyyəsinin inkişafında HEYDƏR ƏLİYEV AMİLİ: Ulu Öndər milli səhiyyə sistemini necə formalaşdırdı?

!Reklam – Yazi

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzedilməz xidmətləri onun genişmiqyaslı fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ, həm də müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlər Azərbaycanın tarixi nailiyyətlər qazanmasına, qüdrətinin daha da artmasına xidmət edib, dövlət quruculuğu prosesi uğurla həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilib, dünyada nüfuzu və mövqeyi möhkəmlənib. Digər sahələrlə yanaşı, Azərbaycan səhiyyəsi, tibb elmi və tibb təhsili sistemi də XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin böyük diqqəti sayəsində inkişaf edərək, indiki yüksək səviyyəyə çatıb.

Məhz bu himayənin nəticəsidir ki, 2001-ci ildə Ulu Öndərin müvafiq Sərəncamı ilə 1918-ci il iyunun 17-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti (AXC) tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə Azərbaycan tibb işçilərinin peşə bayramı günü təsis edildi. Həmin il peşə bayramı ərəfəsində Ümummilli Lider tibb işçilərinə xüsusi təbrik məktubu da göndərdi.

Həmin məktubunda “Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib, xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz”, – deyə vurğulayan dahi şəxsiyyət bu peşənin nə qədər gərəkli oldğunu bir daha diqqətə çatdırdı. Hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması, xalqımızın demoqrafik göstəricilərinin yaxşılaşması Ulu Öndərimizin daim diqqət mərkəzində olub.

Onun ölkəyə rəhbərlik etdiyi dönəmdə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli iş görülüb, tibb müəssisələrində təmir-tikinti işləri aparılıb, səhiyyə ocaqları ən müasir avadanlıq və cihazlarla təchiz edilib. 1969-cu ilin dekabrında Azərbaycan SSR Ali Sovetinin VII Sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsini qoyan “Sağlamlıq Məcəlləsi”ni qəbul etdi.

1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal aldı. Bu kimi tədbirlərin Bakıda təşkil olunmasını təmin edən Ümummilli Lider ölkəmizin səhiyyə sahəsinin, o cümlədən, tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, dayanıqlı, sabit inkişafı üçün zəmin formalaşmasına əlverişli şərait yaradırdı.

1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifəsinə yüksəldikdən sonra Ulu Öndər SSRİ-nin səhiyyə sistemini də kurasiya edirdi və keçmiş Sovet İttifaqının yüksək ranqlı tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, onların diqqətini Azərbaycana cəlb etməklə, respublika səhiyyəsinin inkişafına zəmin yaradırdı. Ulu Öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslərlə çıxış edirdi. Amma onun üçün ən ümdə məsələlərdən biri əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşdırılması idi.

Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər həyata keçirildi, zəruri islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” və sair qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.

Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Ulu Öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə, həm də insanların sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edir. O dövrdə immunlaşdırma, bir sıra infeksion xəstəliklər, narkomaniya, ana və uşaq sağlamlığı, kadr çatışmazlığı, mövcud kadrların hazırlıq səviyyəsi – bütün bunlar Azərbaycan səhiyyəsində öz həllini gözləyən problemlərin yalnız bir hissəsi idi.

Məhz elə buna görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqustunda keçirilmiş tarixi plenumunda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyuldu. Respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü çox qısa bir müddətdə göstərdi. Azərbaycanda hər sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvəsi ilə çalışmağa başlayan Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də məhz səhiyyə oldu.

Ulu Öndər respublikanın elmi-tədqiqat tibb institutlarında elmi işçi potensialını yeniləmək məqsədi ilə 1970-80-ci illərdə böyük çətinliklər bahasına Azərbaycan üçün doktorantura yaradılmasına nail oldu. 30-a yaxın gənc alim müxtəlif ixtisaslar üzrə doktorluq dissertasiyası üzərində işləmək üçün SSRİ-nin müxtəlif şəhərlərinə ezam edildi. Həmin gənc alimlər doktorluq dissertasiyalarını uğurla müdafiə edərək doğma Vətənə qayıdıb, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında, tibb müəssisələrinin strukturlarında çalışaraq, səhiyyədə köklü islahatlar aparılmasında, tibbi xidmətin yaxşılaşdırılmasında böyük rol oynadılar.

“Sovet hakimiyyəti illərinin Heydər Əliyev idarəçiliyi dövrü səhiyyənin inkişafında bir sıçrayış mərhələsi kimi yadda qalıb”, – deyən Tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycan səhiyyəsinin inkişafında Heydər Əliyevin xidmətlərinin danılmaz olduğunu bildirib:

“Tibbin yeni-yeni sahələrinin, o cümlədən, ürək-damar, döş qəfəsi cərrahlığı, mikrocərrahlıq, oftalmologiya, urologiya və bütövlükdə tibb elminin inkişafı milli səhiyyəmizin həmin dövrünə aiddir. Məhz həmin dövrdə yeni tibb müəssisələrinin inşa edilməsi, gənc tibb kadrlarının Moskvanın aparıcı elmi tibb mərkəzlərində aspirantura və doktoranturaya, eləcə də elmi məzuniyyətə göndərilməsi yolu ilə yetişdirilməsi, kütləvi uşaq tələfatına səbəb olan yoluxucu xəstəliklərlə, ümumrespublika dispanserizasiyası yolu ilə vərəmli xəstələrinin erkən dövrdə aşkar edilməsi, onunla mübarizə işinin təşkili kimi milli genofondumuzun sağlamlığı yolunda indiyəcən öz töhfəsini verən əsas prioritet istiqamətlər olub.

Heydər Əliyevin uğurlu səhiyyə təşkilatçılığına təkan verən amillər sırasında səhiyyənin problemlərini dərindən bilməsi, yorulmaz təşkilatçılıq qabiliyyəti ilə yanaşı, onun həkim ailəsi ilə əhatə olunması da vurğulanmalıdır. Bu sırada görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi daimi diqqət və qayğısı da diqqətdən qaçırılmamalıdır. Zərifə xanım alim, həkim və görkəmli səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində yetişmişdi. Əziz Əliyevin oğlu, professor Tamerlan Əliyev də görkəmli həkim olaraq, Heydər Əliyevin müstəqillik dövründəki hakimiyyət illərində də Azərbaycan səhiyyəsinə qayğısını davam etdirib.

O, öz nüfuzundan istifadə edərək, qardaş Türkiyənin aparıcı klinikalarında Qərb təbabətinin nailiyyətlərini mənimsəyən yüzlərlə tibb kadrlarımızın yetişdirilməsi və onların ölkəmizə qayıdaraq xalqımıza xidmət etməsinə nail olaraq, səhiyyəmizin dünya standartlarına uyğunlaşdırılması yolunda misilsiz xidmətlər göstərib. Səhiyyəmizin inkişafı prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir”.

Millət vəkili, Tibb elmləri doktor Rəşad Mahmudov səhiyyə işçilərinin Ulu Öndərə əbədi vəfa borcunun olduğunu xüsusi vurğulayıb:

“İstər keçmiş ittifaq rəhbərliyində, istərsə də müstəqil Azərbaycanın Prezidenti kimi səhiyyəmizin inkişafının birmənalı şəkildə xalqımızın əziz övladı Heydər Əliyevin adı ilə bağlıdır. Sirr deyil ki, Ümummilli Lider milli səhiyyəmizin, eləcə də tibb elminin inkişafına dövlətin vacib sahəsi kimi xüsusi həssaslıqla yanaşırdı. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, səhiyyəmizdə də durğunluq yaşanırdı. Ulu Öndərin inqilabi islahatları nəticəsində ölkəmizin səhiyyə sistemi müasir çağırışlar üzərində quruldu. İlk növbədə tibb üzrə savadlı mütəxəssislər korpusunun hazırlanması, onların daha keyfiyyətli və yüksək təhsil almaq məqsədi ilə xarici ölkələrə göndərilməsi bunun təsdiqidir.

Bu islahatların tərkib hissəsi olaraq, Heydər Əliyevin birbaşa diqqət və qayğısı ilə ölkəmizdə müasir tipli xəstəxanalar inşa olunaraq istifadəyə verildi, səhiyyəmizin maddi-texniki bazası gücləndirildi, vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində görülən işlər ümumxalq məmnunluğu yaratdı. Məhz bu qayğı, diqqətin nəticəsi kimi bugünkü səhiyyəmiz intibah dövrünü yaşayır və sürətlə inkişaf edən sahələrdən birinə çevrilib. Son 5 ildə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi 4 dəfə artıb. Ulu öndərin rəhbərliyi dövründə xaricə tibb təhsili almaq üçün göndərilən yüzlərcə mütəxəssis vətənə geri dönərək fəaliyyətə başlayıb. İcbari Tibbi Sığortanın tətbiqi səhiyyə sistemində yeni dönəmin başlanğıcı oldu. Bütün bunlara görə Ümummilli Lider Heydər Əliyevin peşəsindən asılı olmayaraq, hər birimizin, xüsusilə, həkimlərin, o cümlədən, tibb işçilərinin həyatında rolu əvəzsizdir.

2023-cü il Heydər Əliyev ili çərçivəsində xalqımız Ulu Öndərin 100 illik yubileyini ehtiramla qeyd edir. Düşünürəm ki, həkim olaraq bu ümumxalq həmrəyliyində fəal iştirak etmək bizim əsas işimiz olmalıdır. Azərbaycan həkimləri öz fəaliyyətlərində Heydər Əliyevin qurduğu ölkəyə ləyaqətlə xidmət etməklə, ilk növbədə Heydər Əliyevin ölməz ideyalarına sədaqət nümayiş etdirməlidir və bu, biz səhiyyə işçilərinin Ulu Öndərə əbədi vəfa borcudur”.

Ümummilli Liderin əsasını qoyduğu uğurlu inkişaf strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yeni tibb müəssisələrinin istifadəyə verilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması, modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchiz olunması, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan səhiyyəsinin yüksəlişdə olmasının bariz nümunəsidir.

Məsimə Məmmədova

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə…” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

www.yenicag.az

792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv