“Azərbaycan sərt tədbirlər görmək məcburiyyətindədir” – Erməni təxribatına cavab

Ermənistanın cəbhədə ötən gün həyata keçirtdiyi qanlı təxribat İrəvanın növbəti PR-kampaniyası kimi qiymətləndirilir.

Yenicag.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu təxribatına layiqli cavab verərək, düşmənin atəş nöqtələrini məhv edib.

Bununla belə, ötən ilin aprel döyüşləri zamanı sarsıdıcı məğlubiyyətə məruz qalan Ermənistanın o zərbədən dərs almayaraq, vəziyyəti gərginləşdirmək cəhdinə ara verməməsi Qarabağ cəbhəsində genişmiqyaslı müharibənin yenidən alovlanmasına şərait yaradır.

İrəvanın son hərbi təxribatının mümkün səbəbləri barədə Yenicag.Az-a danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlunun fikrincə, Ermənistanın bu addımı daxili və xarici auditoriyaya ünvanlanan PR-aksiyadır:

“Öncə ermənilərin atəşi nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza, o 2 yaşlı körpəmizə Allahdan rəhmət diləyirəm.

Cəbhədə vəziyyətin müntəzəm kəskinləşməsinin məsuliyyəti əlbəttə ki, Ermənistan hakimiyyətinin, Sərkisyan rejiminin üzərindədir.

Ermənistan ötən ilin aprelində Azərbaycan Ordusundan aldığı zərbənin təsirindən hələ çıxmayıb. Ona görə də daxili və xarici ictimai rəyin o məğlubiyyətə münasibətini dəyişmək üçün belə təxribatlara əl atır. Yəni mən bunu Ermənistanın PR-aksiyası kimi qiymətləndirirəm.

Ancaq bu təxribatın dinc əhaliyə qarşı həyata keçirilməsi Sərkisyan rejiminin cinayətkar mahiyyətini bir daha açıb ortaya qoyur.

Mən bu çərçivədə diqqəti Rusiya mediasının Ermənistanla sinxron “paslaşmasına” yönəltmək istəyirəm. Təsəvvür edin, Ermənistan mətbuatı cəbhədə baş vermiş dünənki gərginliklə bağlı bir məlumat yaydığı halda, “RİA-Novosti” o məsələyə dair İrəvanın mövqeyinə uyğun bir neçə informasiya yerləşdirdi.

Təkrar edirəm, o məlumatlar sırf Ermənistanın dünənki təxribatına az qala haqq qazandırmaq xarakteri daşıyırdı.

Ancaq Ermənistanın məqsədindən asılı olmayaraq, Azərbaycan ordusu düşmənin bütün təxribatlarına layiqli cavab verir və cəbhədəki vəziyyəti nəzarətdə saxlayır. Ermənilər Azərbaycan Ordusunun gücünü ötənilki aprel döyüşlərində gördülər və bu gedişlə yenə görəcəklər”.

Keçmiş korpus komandiri, polkovnik Şair Ramaldanov isə bu barədə Yenicag.Az-a açıqlamasında bildirib ki, Ermənistan bu təxribatı ilə Azərbaycanı sərt tədbirlərə əl atmağa sövq edir:

“Bilirsiz, hərbçilər digər təbəqələrdən fərqli olaraq, cəbhə bölgəsində yaranan gərginliklərə, atışmalara, döyüşlərə alışıblar. Yəni atəşkəsin qüvvədə olmasına baxmayaraq, az qala hər gün atışma qeydə alınır, mövqelərimiz və yaşayış məntəqələrimiz atəşə tutulur. Atışmalar zamanı bəzən heç bir itki qeydə alınmır, bəzi hallarda da dünən olduğu kimi itki veririk.

Qəti şəkildə nəzərə almaq lazımdır ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunmayana və müharibəyə birdəfəlik son qoyulmayana qədər atışma da olacaq, döyüşlər də baş verəcək, təəssüf ki, itkilər də olacaq. Bu, müharibənin qanunudur.

Əlbəttə ki, Ordumuz düşmənin bütün təxribatlarına layiqincə cavab verir – buna heç kimin şübhəsi olmasın. Hər halda, atəşkəs rejimi hələ ki rəsmən qüvvədədir, ATƏT-in Minsk qrupu fəaliyyətdədir və həmsədrlər bu işlə ciddi məşğul olmalıdırlar”.

Polkovnik Ermənistanın “Azərbaycan ABŞ raketlərindən istifadə edir” bəyanatına da münasibət bildirib:

“Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalan dövlətdir və öz ərazi bütövlüyünü bərpa etmək üçün zəruri addımlar atmaq hüququna malikdir. O baxımdan, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchiz edilməsi zəruri olmaqla yanaşı, həm də Azərbaycanın öz işidir.

Azərbaycan əlbəttə ki, öz hərbi sənayemizin istehsal etmədiyi silahları başqa ölkələrdən alır. Alınan silahlardan cəbhədə istifadə olunması isə təbiidir. Ermənilər bundan narahat olurlarsa, işğalçılıq siyasətindən əl çəkməli və Azərbaycan ərazilərindən çıxmalıdırlar”.

A.Zeynalov
Yenicag.Az

COP29