Bu günlərdə Rusiyanın “TV Sentr” kanalında gedən siyasi verilişdə Ukrayna ətrafında cərəyan edən hadisələri analiz edən şərhçilərdən biri Kiyevlə separatçı Donbas regionu arasında sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsinə toxunarkən Azərbaycandan olan sülhməramlıların orada yerləşdirilməsini məqsədəuyğun hesab edib. Hətta ekspertlərdən biri yarızarafat-yarıgerçək həmin bölgədə digərlərilə yanaşı, Azərbaycan və Ermənistan sülhməramlılarının da olmasını mümkün sayıb.
Qeyd edək ki, son zamanlar Qərbdə Ukrayna ilə separatçı rejimlər arasında sülhməramlıların yerləşdirilməsi məsələsi gündəmə gəlib. Düzdür, hələlik Moskva bu prosesə qəti razılığını bildirməyib. Bununla belə, son günlər Rusiyada həmin sülhməramlıların hansı ölkə qüvvələrindən ibarət olacağı geniş diskussiya mövzusu olub. Bu fonda da bəzi ekspertlər orada Azərbaycanın sülhməramlı qüvvələrinin də olmasını təklif edib.
Məsələni Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə bildirdi ki, Ukraynada münaqişə tərəfləri arasında sülhməramlılar qismində Azərbaycanın da təmsil olunması mümkündür, amma Ermənistan olmadan:
“Əslində, sülhməramlı qüvvələrin Donbas və Luqansqa gətirilməsi məsələsi hələlik, çox çiy məsələdir. Məsələ hələlik hüquqi, siyasi, diplomatik cəhətdən müzakirə olunur, amma əməli addımlar yoxdur. Bu yaxınlarda Belorus prezidenti Lukaşenko dedi ki, Poroşenko ilə yaxşı münasibətlərdə olduğundan Minskin sülhməramlı qüvvə kimi orada iştirakını təklif edib. Lakin Poroşenko Belorus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğundan təklifi qəbul etməyib.
Buradan o nəticə çıxır ki, Ermənistanın da KTMT-nin üzvü olaraq hüquqi-siyasi cəhətdən sözügedən ölkədə sülhməramlılar qismində olması mümkün deyil. Ona görə də Ukraynada bəzi ekspertlərin dediyi kimi, sülhməramlılar qismində Azərbaycan və Ermənistan sülhməramlılarının bir yerdə olması baş tutan məsələ deyil. Amma belə bir təcrübə də var. Əfqanıstanda sülhməramlılar kimi Azərbaycan və Ermənistan ordusunun müəyyən hissələri ayrı-ayrı məntəqələrdə iştirak ediblər. Lakin Putinin Ukrayna ilə Donbas tərəfdən Rusiya sərhədinə sülhməramlıların gətirilməsinə icazə verəcəyini də gözləmirəm. Çünki bu baş verərsə, separatçıların Rusiya tərəfdən silah və canlı qüvvə ilə təminatı kəsilə bilər. Azərbaycan isə KTMT-nin üzvü olmadığından sülhməramlı qismində Ukraynada iştirakımız mümkündür. Bu məsələdə Poroşenko Lukaşenkoya etdiyi etirazını İlham Əliyevə bildirməz. Həm də unutmayaq ki, bütün beynəlxalq tədbirlərdə Azərbaycan Ukraynanın ərazi bütövlüyünə səs verib”.
ELÇİN