!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan - Türkiyə birliyi: Dünyanı heyrətləndirən İTTİFAQ

!Reklam – Yazi

XX əsr tariximizin dövlət müstəqilliyi nə qədər böyük milli sərvət olsa da, Vətən torpaqlarının işğal olunması, ərazi bütövlüyümüzün təmin olunmaması bu müstəqillik sevincini qürurla yaşamamıza əngəl olurdu. 30 ildən artıq bir zamanda xalq olaraq Vətənimizin talan, insanlarımızın qətl edilməsinin faciəsini yaşadıq. Amma hər zaman hamımızın içində bu kədər və məğlubiyyət tarixinə son qoyulacağına, bölgədə və dünyada layiq olduğumuz mövqeni qazanacağımıza inam olub. Bu inam xalqın özünə və liderinə inamından qidalanıb.

2020-ci il sentyabrın 27-də erməni təxribatına qarşı cavab əməliyyatları ilə başlayan Vətən müharibəsi bütövlükdə 200 il ərzində haqqı və hüququ tapdanan bir xalqın qısas, özünütəsdiq ifadəsi çevrildi. Tarixin bu şanlı missiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında həyata keçirilirdi. Zəfər savaşının ilk günündən Ali Baş Komandanın xalqa müraciəti, gündəlik qələbə tivitləri, xarici diplomatlar və media nümayəndələri vasitəsi ilə verdiyi bəyanatlar onu göstərdi ki, Azərbaycan xalqı öz müqəddəratını həll edən tarixi mübarizəsinə mükəmməl sərkərdə və dövlət adamının rəhbərliyi ilə başlayıb.

Xalq-Lider birliyi elə ilk gündən qələbəni labüd edirdi və 44 günlük müharibə dönəmində kiçikdən-böyüyə hər kəs bir əsgər kimi Komandanın əmri altında Vətən müharibəsinin döyüşçüsünə çevrildi. Prezident İlham Əliyev Azərbaycan tarixinə son iki yüz ilin ən böyük qələbəsini və uğurunu yazdı.

Bu savaş yalnız ölkəmizin ərazi bütövlüyünün bərpası, mənəvi yaraya çevrilən Vətən dərdimizə dərman olmaqla bitmədi. 44 gün ərzində həm hərbi, həm də diplomatik müstəvidə aparılan mübarizədə Azərbaycan və onun lideri milli maraqlarda bir addım da geri çəkilməyəcəyini dünyaya təsdiqlədi. “Dəmir yumruq” altında məhv olub kapitulyasiyadan imdad gözləyən düşmən həm də qətiyyətli liderin humanizminə şahid oldu.

30 il boyunca xalqımıza qarşı qeyri-insani rəftarına rəğmən Vətən müharibəsində insan itkisinin qarşısını almaq üçün rəsmi Bakı Ermənistana sülh sazişi üçün zaman tanıdı. Ancaq ötən 3 il müddətində bu şansdan istifadə edərək sülhə nail olmaq əvəzinə erməni şovinizmi Qarabağda silahlanmanı, hərbi və diplomatik təxribatlarını davam etdirdi.

Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlara və birbaşa Ermənistan rəhbərliyinə açıq mesajlarında bu kimi destruktiv fəaliyyətin nəticəsizliyi və bölgədəki sabitliyə qarşı olduğu ifadə edilirdi. Ancaq xarici himayədarlarının fitvasına uyan erməni separatizmi öz niyyətindən geri çəkilmirdi. Laçın sərhəd keçid məntəqəsi ətrafında yaradılan “humanitar şou” kampaniyasının iflası, hətta BMT Təhlükəsizlik Şurası səviyyəsində fiaskonun ardınca Qarabağ ərazisində açıq terror fəaliyyəti həyata keçirildi.

Sentyabrın 19-da ikisi mülkü vətəndaş olmaqla 6 Azərbaycan vətəndaşının mina terroru nəticəsində şəhid edilməsi rəsmi Bakının səbr kasasını daşdırdı. Bunun ardınca başlanan antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü həm düşmənə, həm də dünyaya yenidən göstərmiş oldu.

Bir sutkadan az çəkən bu əməliyyat zamanı düşmənə elə bir zərbə vuruldu ki, qondarma rejimin ən radikal təbliğatçılarından tutmuş sadə vətəndaşlara qədər hər bir erməni ya Qarabağı tərk etmək, ya da Azərbaycan bayrağı altında dövlətimizin qanunlarına tabe olmaqdan başqa yol olmadığını anladı.

30 il öncə bölgədə öz dədə-baba yurdlarını tərk edən azərbaycanlıların köçünü bu gün Qarabağdan Ermənistana gedən erməni köçü əvəz edir. Fərq isə böyükdür. Əvvəla, ermənilər yaşadıqları evləri yandıraraq ərazidən çıxmaqla dünyaya bu bölgənin onların vətəni olmadığını və işğalçı kimi burda yerləşdiklərini göstərirlər.

İkincisi isə Azərbaycan tərəfi mülkü ermənilərə qarşı hədsiz humanizm və beynəlxalq qanunlara uyğun davranış göstərməklə reinteqrasiya prosesində səmimi olduğunu təsdiqləyir. Bu, Azərbaycan Prezidentinin mükəmməl siyasi kursunun hər kəs üçün nümunə olacaq prinsipidir: Azərbaycan gərəkən anda öz gücünü göstərə bildiyi kimi, həm də bütün məsələləri güc yolu ilə həll etmək düşüncəsindən uzaqdır.

Dünya bu prosesi müşahidə edir və anlayır ki, bölgədə stabilliyin yaranması üçün çalışan və bunu gerçəkləşdirə bilən tək ünvan Azərbaycandır. Bu gün artıq Qafqazda Azərbaycan maraqları hökm sürür və bu bölgənin söz sahibi Azərbaycan-Türkiyə ittifaqıdır. Zəfər savaşı dönəmində sınaqdan çıxmış bu ittifaq Şuşa Bəyannaməsi ilə nə qədər sarsılmaz güc qazanmışdısa, bu gün antiterror əməliyyatlarından sonra bölgədə yaranmış yeni geopolitik durumda daha da qüvvətlənir.

Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş suveren haqlarının bərpası üçün keçirdiyi tədbirlərin ən yüksək diplomatik dəstəyi yenə də Türkiyədən gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından Azərbaycan həqiqətlərini açıq və net şəkildə ifadə etməsi bu iki qardaş dövlətin birlik və həmrəyliyinin yüksək ifadəsi idi.

Ardınca cənab Ərdoğanın Naxçıvana səfəri və burda antiterror tədbirləri ilə bağlı qardaş ölkənin mövqeyini ifadə etməsi bölgədə bütün proseslərin bu iki dövlətin birgə siyasi qərarı ilə həll olunacağını göstərdi. Bu ittifaqın mənəvi-ideoloji təməlində iki qardaş xalqın tarixi köklərlə bağlılığı durursa, gələcək inkişafı və möhkəmliyini müasir dünyanın siyasi-iqtisadi şərtləri təmin edir.

Bu gün Bakı və Ankara arasında tək siyasi deyil, həm də iqtisadi müttəfiqlik mövcuddur ki, bu da regionda iki dövlətin güclənməsini şərtləndirir. Prezident Ərdoğanın ölkəmizə son səfəri zamanı Naxçıvanla Qars arasında dəmir yol xəttinin çəkilişi haqda sənədin imzalanması həm iqtisadi maraqların təmini, həm də bölgə ilə bağlı gələcək planların ilkin mesajı sayıla bilər. Bu dəmir yol xətti Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən bölgənin iqtisadi yüksəlişi üçün dünyaya verilən mesaj oldu. Bu mesaj dünyanı heyrətləndirən Azərbaycan-Türkiyə ittifaqının gücünün mənəvi-tarixi, siyasi-iqtisadi sarsılmazlığının bariz nümunəsidir.

Emil NƏSİRLİ,
“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv