!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoyan bir ölkə deyil" - Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycan məxsusi olaraq Ermənistan kimi Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoyan bir ölkə deyil. Əksinə, onları birləşdirən bir həlqədir”.

Bu sözləri Rusiya ilə Azərbaycan arasında imzalanmış Moskva Bəyannaməsi, hərbi əməkdaşlıq və bu müqavilənin imzalanmasını zəruri edən halları şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan Rusiya ilə müttəfiqlik müqaviləsi imzalamalı idi:

“Bir qurumun tərkibində olan ölkələr də bir-biri ilə müharibə edə bilir. Azərbaycanla Ermənistan MDB-nin tərkibində idi, ancaq müharibə edirdi. Yunanıstanla Türkiyə NATO üzvüdür, ancaq dəfələrlə müharibə həddinə gəliblər. BMT-nin, beynəlxalq qurumların tərkibinə daxil olan, bütün şərtləri, öhdəlikləri imzalayan dövlətlər bunları pozurlar. Buna çox sayda misal çəkə bilərik. Azərbaycanın belə bir vaxtda ictimaiyyət tərəfindən asan qavranılmayan müqaviləni imzalamaqdan başqa çarəsi yox idi. Bu bəyannamə xüsusən Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda daha çox maraq doğurur. Onu da yaddan çıxarmamalıyıq ki, heç bir MDB ölkəsi Ukraynaya getmədiyi halda Azərbaycan prezidenti səfər etdi. Bu olduqca cəsarətli addım idi. Azərbaycanla Rusiya onsuzda bir çox sahədə strateji tərəfdaş idi. İlham Əliyevin Rusiyaya səfəri və onu qarşılanmasına baxanda çox mətləblər aydın olur. Putinlə Fransa prezidentinin, Putinlə Almaniya Baş nazirinin və İlham Əliyevin görüşünü izləsək görərik ki, tamamilə fərqli münasibətlər var. İlham Əliyevlə olan görüş digərlərindən qat-qat fərqli idi. Baxmayaraq ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, qondarma ölkələrin də müstəqilliyini heç vaxt tanımayıb və tanımayacaq da.

Azərbaycanla Türkiyə arasında çox önəmli Şuşa Bəyannaməsi imzalandı və məxsusi Şuşa şəhərində bu baş tutdu. O müqavilənin hüquqi tərəfindən daha çox mənəvi yükü böyük idi. Seçim qarşısında qalmış olsaq, təbii ki, Türkiyənin tərəfini tutacağıq. Bir şeyi unutmaq olmaz ki, Azərbaycan məxsusi olaraq Ermənistan kimi Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoyan bir ölkə deyil. Əksinə, Onları birləşdirən bir həlqədir.

Azərbaycan ATƏT-in üç həmsədrindən bir olan Rusiyanı neytrallaşdırmaqla işğalda olan əraziləri azad edib. Ərazilərimizdə 20 minə yaxın erməni qalıb, onların qondarma rejimləri və qeyri-qanuni silahlı birləşmələri var. Onların öhdəsindən də yalnız Rusiya vasitəsi ilə gələ bilərik. Ukraynada baş verən proseslər də, Qarabdağda baş verənlər də eyni xarakterli idi. Separatçılar atəş açdı, təxribat yarandı və nəticə göz önündədir. Son vaxtlar da Qarabağda separatçılar atəşkəsi pozur.

Öncə Şuşa, sonra Moskva, yaxın zamanda isə Avropa Birliyi ilə müqavilə imzalanması gözlənilir. Azərbaycan hər tərəflə əməkdaşlıq edir. Azərbaycan Gürcüstan, Ermənistan və Ukraynadan fərqli olaraq, Rusiya ilə problemi olmayan bir ölkə kimi gedib Avropa Birliyi ilə müqavilə imzalayacaq. Nəinki Qərblə Rusiya arasında, Ukrayna ilə Rusiya arasında diplomatik əlaqələr də var, iqtisadi münasibətlər də var. Azərbaycan öz maraqları daxilində istənilən ölkə, təşkilatla əməkdaşlıq edə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv