“Azərbaycan-Türkiyə münasibətlərində iqtisadi əlaqələr xüsusi əhəmiyyətə malikdir”

“İki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi digər sahələr üzrə işbirliyinə də təkan verir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun istifadəyə verilməsini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov deyib.

Əlabbas Məhərrəmovun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərdə iqtisadi faktorun əhəmiyyəti kifayət qədər yüksəkdir:

“Türkiyə-Azərbaycan münasibətlərinin bənzərsizliyi haqda dəfələrlə səsləndirilmiş fikrə mən də qatılıram. Həqiqətən, iki ölkənin münasibətləri strateji müttəfiqlikdən də üstün olan qardaşlıq prinsiplərinə söykənir. Bu, çağdaş dünya siyasəti üçün analoqsuz münasibətlərdir.

Təbii, Azərbaycanın müstəqilliyinin bərpasından ötən iyirmi yeddi ilə ərzində ikitərəfli münasibətlər maksimum səviyyəyə çatdırılıb, bütün sahələri əhatə edən dərin əməkdaşlıq qurulub. Sevindirici haldır ki, Türkiyə də, Azərbaycan da bu səviyyəni yetərli saymır və münasibətlərin davamlı inkişafı istiqamətində ardıcıl qarşılıqlı addımlar atır.

Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında siyasi, mədəni və digər sahələr üzrə dərin əməkdaşlığın ayrılmaz tərkib hissəsi iqtisadi işbirliyidir. O baxımdan, uzunmüddətli fəaliyyətin nəticəsi olan “Star” neft emalı zavodunun istifadəyə verilməsi olduqca mühüm hadisədir.

Ümumiyyətlə, Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyan ölkələrin siyahısında ilk yerdə qərarlaşması ikitərəfli əlaqələrin səviyyəsini əks etdirən bariz göstəricidir. İki ölkə prezidentlərinin açılış mərasimindəki nitqləri də belə deməyə əsas verir ki, münasibətlərin inkişaf etdirilməsi üçün mövcud potensialdan tam istifadə olunacaq”.

A.Zeynalov