Bu gün Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Ümumilli lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipini əldə rəhbər tutaraq, müxtəlif sahələrdə əməkdaşlıq edirlər.
Yenicag.az xəbər verir ki, ölkə rəhbərlərinin siyasi müstəvidə həyata keçirdiyi əməkdaşlığı universitetlər elm-təhsil sahəsində davam etdirirlər. Bu nöqteyi-nəzərdən, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universieti və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə 12-14 oktyabr 2017-ci il tarixdə keçiriləcək “Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq Elmi konfrans” hər iki dövlətin elm-təhsil sisteminin inteqrasiyası və sürətlənməsi sahəsində mühüm addım olacaq. Universitet və AMEA-nın institutları daxil olmaqla sözügedən konfransda Türkiyənin 5, Azərbaycanın isə 20-dən çox ali təhsil müəssisələrindən 83 məruzə dinləniləcək.
Konfransın elmi istiqamətləri “Müstəqil Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti”, “Səfəvi-Osmanlı münasibətləri (XV-XVI əsrlər)”, “İqtisadiyyat və Turizm”, “Tarix”, “Qafqaz İslam Ordusu və Azərbaycan”, “Dağlıq Qarabağ problemi: dünən və bu gün”, “Ortaq ədəbi və mədəni dəyərlər”, “İctimai fikir və şəxsiyyətlər”, “Mədəni əlaqələr”, “Strategiya, İnkişaf, Hədəflər”, “Din və təriqət”, “Azərbaycan Xalq Cumhuriyyəti və Türkiyə”,” Ortaq tarix”, “Azərbaycan-Türkiyə əlaqələri: tarixi təhlil”, “Elm və təhsil”, “Türklərə qarşı soyqırım siyasəti”, “Dil və ədəbiyyat”, “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” mövzusunda müəyyən edilib. Oktyabrın 14-də şəhər gəzintisi ilə konfrans öz işini yekunlaşdıracaq.