Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli görüşü keçirildi - YENİLƏNDİ/FOTO

Reklam: Sinerji Pro

İyulun 27-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü olub.

Yenicag.az xəbər verir ki, görüşü Milli Məclisinin sədri Sahibə Qafarova giriş nitqi ilə açaraq, qonaqları salamlayıb. O, ötən ay Azərbaycan parlament nümayəndə heyətinin İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının İkinci Ümumi Konfransında iştirakını xatırladaraq konfrans çərçivəsində keçirilən görüşlərin olduqca faydalı olduğunu, bir sıra vacib qərarlar qəbul edildiyini diqqətə çatdırıb.

Sədr qeyd edib ki, bunlardan biri də Azərbaycan tərəfindən irəli sürülmüş Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsü olub.

Azərbaycan, Pakistan və Türkiyənin bu gün öz regionlarında ən aparıcı ölkələr sırasına daxil olduqlarını diqqətə çatdıran Milli Məclisin sədri hər üç dövlət müstəqil xarici siyasət həyata keçirdiyini və beynəlxalq aləmdə söz sahibi olduğunu vurğulayıb.

“Dövlətlərimiz arasında mövcud olan münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu var. Azərbaycan, Pakistan və Türkiyə bir-biri ilə sıx bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir və əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanır. Ölkələrimiz artıq bir neçə sahədə üçtərəfli formatda əməkdaşlıq edirlər. Belə ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur”, – deyə Sahibə Qafarova bildirib.

Xalqlarımızın hər zaman bir-birinə bağlı olduqlarını və öz dəstəklərini əsirgəmədiklərini xatırladan spiker Qafarova bunun bariz nümunəsi olaraq, Vətən müharibəsi zamanı Pakistan və Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi qeyd edib:

“Bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılanıb, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları qürurla dalğalandırılıb. Hökumətlərimiz və xalqlarımız arasında qardaşlıq münasibətləri ali qanunvericilik orqanlarımızın timsalında da öz əksini tapır. Məhz bu münasibətlərin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsü irəli sürülüb və bu təşəbbüs Pakistan və Türkiyə tərəfindən müsbət qəbul olunub”.

Sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Gündəliyə əsasən, Bakı Bəyannaməsinin mətni müzakirə və təsdiq edilib, sonra gələcək koordinasiya üçün əlaqələndirici şəxslər təyin edilib. Həmçinin, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb.

Görüşün yekununda spiker Sahibə Qafarova bu gün təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatının ölkələrimiz arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Sonra parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək Azərbaycan parlamentində belə bir tədbirin keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan, Pakistan və Türkiyə arasında mövcud olan münasibətlər və əməkdaşlıq xalqlarımızın qardaşlıq əlaqələrinə, qarşılıqlı hörmət və etimadına söykənir.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Spiker diqqətə çatdırıb ki, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyulub və hazırda bölgədə yeni reallıq yaranıb.

Parlamentin sədri söyləyib ki, haqlı mübarizəmizdə qardaş ölkələr Türkiyə və Pakistan tərəfindən bizə açıq siyasi və mənəvi dəstək göstərilməsi dövlətlərimiz arasında müttəfiqliyin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

Milli Məclisin sədri dünyada qərəzli və ədalətsiz yanaşmaların mövcudluğu və getdikcə artması səbəbindən qardaş dövlətlərin parlamentlərinin də bu proseslərə fəal dəstək göstərməsinin çox əhəmiyyətli olduğunu deyib.

Sahibə Qafarova qeyd edib ki, parlament sədrlərinin üçtərəfli əməkdaşlıq platformasının səmərəli fəaliyyət göstərməsi ortaq milli maraqlarımızın beynəlxalq platformalarda, xüsusən beynəlxalq parlament təşkilatları çərçivəsində birgə müdafiəsini təmin edəcəkdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi, 30 illik münaqişəyə son qoyulması, həmçinin regionun geosiyasi mənzərəsini dəyişib. Bu gün Cənubi Qafqaz regionu üçün sülh, sabitlik və hərtərəfli əməkdaşlıq imkanları, nəqliyyat və kommunikasiya əlaqələrinin reallaşması üçün şərait yaranıb. Bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır. Bu, Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcək bir dəhlizdir.

Milli Məclisin sədri onu da diqqətə çatdırıb ki, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcəkdir.

Sahibə Qafarova bildirib ki, 3 qardaş ölkənin parlament sədrlərinin yeni formatda ilk görüşünün yekununda qəbul olunan Bakı Bəyannaməsində əksini tapan məsələlərin dövlətlərimiz arasında münasibətlərin inkişafının parlament ölçüsünü möhkəmləndirməyə kömək göstərəcəyinə əminliyini ifadə edib.

Spiker Ermənistan Respublikasının minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin qınanmasının, azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması səylərində Azərbaycanla həmrəylik ifadə olunmasının vacibliyindən də danışıb.
Görüşdə çıxış edən Pakistan parlamentinin sədri Əsəd Qeysər 44 günlük Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib.

Əsəd Qeysər deyib ki, parlament sədrlərinin üçtərəfli görüş formatı böyük bir fürsətdir. O, bu fürsətdən səmərəli istifadə etmək üçün bir sıra təkliflərini diqqətə çatdırıb. Ə.Qeysər ticarət, turizm, insan resurslarından istifadə sahəsində əməkdaşlığın vacibliyindən danışıb. Bildirib ki, Pakistanda Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin yaradılması, birgə sənədli filmlərin çəkilməsi, tələbə mübadiləsinin həyata keçirilməsi çox faydalı olardı.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop üç qardaş ölkənin parlament sədrlərinin ilk dəfə Bakıda keçirilən üçtərəfli formatda görüşünü yüksək qiymətləndirib. Bildirib ki, ölkələrimiz və bölgəmizə təhdidləri dəf etmədən inkişaf mümkün deyil. O, müdafiə, nəqliyyat, ticarət, enerji, təhsil sahəsində fəaliyyətin üçlü əməkdaşlığın təməl daşları olduğunu düşündüyünü deyib. TBMM sədri Şuşa Bəyannaməsini bu yolda atılmış bünövrə sayılacaq addım adlandırıb. Mustafa Şentop bu gün imzalanacaq Bakı Bəyannaməsinin də əhəmiyyətini qeyd edib, Ermənistanın Azərbaycanın sülh anlaşması çağırışına cavab verməsinin vacibliyindən danışıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Bakı Bəyannaməsini imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bununla da Azərbaycan, Türkiyə, Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü başa çatıb.

www.yenicag.az

354
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100