“Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı münasibətlərimizin xüsusi xarakterini göstərir” – Ukrayna səfiri
“Ukrayna prezidentinin Cənubi Qafqaz ölkələri arasında ilk olaraq, Azərbaycana səfər etməsi artıq çox şeydən xəbər verir”.
Bu fikirləri Yenicag.ru-ya videomüsahibəsində iki ölkə arasında ümumi münasibətləri dəyərləndirən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
Səfirin sözlərinə görə, Ukrayna Azərbaycana nəinki qardaş ölkə kimi,həm də çoxsaylı, qarşılıqlı faydaya əsaslanan vacib layihələrimizin olduğu bir dövlət kimi yanaşır:
“Öncə qeyd etmək istərdim ki, Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Bu isə iki ölkə arasında münasibətlərin xüsusi xarakter daşıdığı anlamına gəlir. Məlumdur ki, həm xalqlar, həm də dövlətlər arasında istənilən dayanıqlı və davamlı əlaqələr dostluq və etimad əsasında qurulur. Eyni zamanda, bu məqam dövlətlərin özlərinin sabitliyi baxımından da çox önəmlidir. Azərbacyan və Ukrayna münasibətlərin bu mühüm tərkib elementlərini uğurla inkişaf etdirirlər.
Bizim Ukrayna Xalq Respublikası və Azərbaycan Demokratik respublikası arasında qurulan, bu gün də genişləndirilən diplomatik əlaqələrimiz yüzillik tarixə malikdir. Çox əlamətdar haldır ki, mənim burada səfirv kimi etimadnaməni təqdim etdiyim gün Ukrayna diplomatik missiyasının 100 il əvvəl Azərbaycanda fəaliyyətə başladığı tarixə təsadüf edib. Hələ o zaman ölkələrimizin bir-birilərinə nə dərəcədə lazım olduqları aydın şəkildə dərk olunurdu.
O vaxtdan bər Ukrayna Azərbaycana nəinki qardaş ölkə kimi,həm də çoxsaylı, qarşılıqlı faydaya əsaslanan vacib layihələrimizin olduğu bir dövlət kimi yanaşır. Mövcud çağırışlara uyğun olaraq, bir çox sahələr üzrə əməkdaşlığımız daha da genişləndirilir. Bunun üçün tək istək deyil, həm də olduqca mühüm olan siyasi iradə var.
Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin sonlarında Azərbaycana baş tutan rəsmi səfəri də qarşılıqlı əməkdaşlığa təkan verən hadisə oldu. Ukrayna prezidentinin Cənubi Qafqaz ölkələri arasında ilk olaraq, Azərbaycana səfər etməsi artıq çox şeydən xəbər verir. Hazırda ölkələrimiz arasında mövcud olan əlaqələr çərçivəsində iqtisadi əməkdaşlıq məsələsinin ön plana çıxması təbiidir. Çünki bu, ölkələrimizin rifahı üçün çox vacibdir. Bakıda Azərbaycan-Ukrayna biznes forumunun keçirilməsi və Ukrayna Ticarət Evinin açılması bu əməkdaşlığa mühüm təkan verəcək”.
Söhbətləşdi: Cəmilə Çebotaryova
Hazırladı: Aqil Bəkir