!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Ermənistan arasında baş verən yeni sərhəd toqquşmalarının arxasında nə durur?

!Reklam – Yazi

Avropanın nüfuzlu “Modern Diplomacy” nəşrində Politoloq Ceyhun Osmanlının yeni məqaləsi yayınlanmışdır. Sfera.az məqalənin tərcüməsini olduğu kimi təqdim edir:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, sentyabrın 12-si gecə və sentyabrın 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı təxribat törədilibdir.

Sentyabrın 13-ü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlarla bağlı olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin istirakı ilə operativ iclas keçiribdir. İclas zamanı Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün lazımi vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirildi. İclas zamanı həmçinin bildirildi ki, hal-hazırki gərginliyin məsuliyyəti bütünlüklə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinə əsasən, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da daxil olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 71 hərbi qulluqçusu şəhid olubdur. Rəsmi Ermənistan isə 105 erməni hərbi qulluqçunun həyatını itirdiyini qeyd edir. Lakin Ermənistanın müstəqil media orqanları itkilərin sayının 200-ə yaxın olduğunu iddia edirlər.

Erməni təxribatı ilə bağlı müxtəlif fərziyyələri vurğulamazdan öncə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi 2020-ci ildə baş vermiş 44 günlük müharibənin nəticəsində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın öhdəliklərini yerinə yetirməklə öncə Azərbaycan və Ermənistan arasında rəsmi tanınan sərhədlərin demarkasiyası və delimitasiyası, sonra isə sülh müqaviləsinin imzalanması yolu ilə iki Cənubi Qafqaz dövləti arasında daimi sülhün bərqərar olunmasında maraqlı olduğunu ifadə etmişdir. Məhz buna görə onu da əlavə etmək lazımdır ki, Azərbaycanın Ermənistan tərəfinin sonuncu təxribatına qarşı cavab tədbirləri görməkdə başlıca məqsədi təkcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, həmçinin 44 günlük müharibədən sonra azad edilmiş torpaqlarda bərpa və tikinti işlərinə cəlb olunmuş mülki azərbaycanlıların təhlükəsizliyini də təmin etməkdir.

Beləliklə, sual yaranır: Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq atəşə tutmaqla və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törətməklə Ermənistan tərəfinin məqsədi nədir? Aydındır ki, üçtərəfli Bəyanatın 10 noyabr 2020-ci il tarixində imzalanmasından bəri sülh danışıqları prosesinin sürətləndiyi və tərəflərin yekun razılaşmaya yaxınlaşdığı bir zamanda Ermənistan həm siyasi, həm də hərbi rəhbərlik səviyyəsində oxşar hərbi təxribatlar və avantüralarla istər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, istərsə də iki dövlət arasındakı sərhədlərdə vəziyyəti gərginləşdirməyə çalışır. Beləliklə, Ermənistanın sonuncu irimiqyaslı təxribatı bu yaxınlarda tərəflər arasında keçirilmiş Brüssel görüşünün nəticəsini və bu ayın sonunadək yekun imzalanma üçün hər iki dövlətin Xarici İşlər Nazirliyi tərəfindən hazırlanacaq sülh sazişini sabotaj etmək məqsədilə qəsdən planlaşdırılmış ola bilər. Bundan əlavə, Brüssel görüşündən sonra Prezident Əliyev və Prezident Putin arasında telefon danışığı, həmçinin Prezident Putin ilə baş nazir Paşinyanın Vladivastok görüşü Rusiyanın daha da fəallaşdığını göstərir. Rusiyanın başqa bir təşəbbüsü isə bu gün sentyabrın 15-i Səmərqənddə başlayan və iki gün davam edəcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitidir. Son üç ildə ilk dəfə liderlərin şəxsən iştirakı ilə keçiriləcək bu sammitdə ŞƏT-in bütün səkkiz üzv dövlətindən, üç müşahidəçi dövlət və üç dialoq üzrə tərəfdaş dövlətdən 15 lider iştirak edəcəkdir. Azərbaycan və Ermənistan ŞƏT-in dialoq üzrə tərəfdaşı statusuna malikdir. Hər iki dövlət sülh sazişi ilə bağlı gələcək müzakirələrin gözlənildiyi bu tədbirə qatılmaq niyyətində olduqlarını təsdiqləyibdir. Lakin, dünən baş nazir Nikol Paşinyan qarşıdan gələn tədbirdə iştirak etməkdən imtina edərək bir daha destruktiv mövqeyini və sülh sazişinin bağlanmasında istəksizliyini nümayiş etdiribdir.

Son üç ildə ilk dəfə bütün səkkiz üzv dövlətdən, həmçinin üç müşahidəçi dövlət və üç dialoq üzrə tərəfdaş dövlətdən – Azərbaycan, Ermənistan, Türkiyə – 15 liderin şəxsən iştirakı ilə ŞƏT sammitinin keçirilməsi diqqətəlayiqdir. Rusiyanın təşəbbüskarlığı ilə keçirilən tədbirdə iştirak etməkdən imtina etməklə və genişmiqyaslı təxribat həyata keçirərək sülh sazişi prosesini pozmağa çalışmaqla Ermənistan eyni zamanda Rusiyanı da qarşısına alır. Rusiyanın “diqqətinin Ukraynaya yönəldiyi”ni anlayan Ermənistan rəhbərliyi Rusiyanın təşəbbüsünü heçə sayaraq təxribata əl atır.

Ermənistan siyasi rəhbərliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi ilə yanaşı, beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar masası arxasında daim təzadlı bəyanatlarla çıxış etdiyi və bütün mümkün yollardan istifadə edərək öncə sülh sazişi üzrə danışıqları sabotaj etdiyi, sonra isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti layihələrini ləngitməyə çalışdığı müşahidə edilir.

Paralel olaraq, Ermənistan tərəfi ənənəvi taktikasına sadiq qalaraq dünya rəsmilərinə “zəng etməyə” başlayıb və dünya ictimaiyyətini son zorakılığın başlanmasına görə Azərbaycanın məsuliyyət daşıdığına inandırmağa çalışır. Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardım üçün müraciət edibdir. KTMT-in bəyanatına əsasən, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları və Moskvanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmalar əsasında sülh yolu ilə həllinə çağırış edibdirlər. Əvvəllər dəfələrlə KTMT-ni belə bir dəstəyin olmaması ilə bağlı tənqid edən İrəvan xaricdəki erməni diasporunun dəstəklədiyi amerikalı siyasətçilərin köməyini almaq ümidi ilə həmçinin ABŞ-a da müraciət edibdir.

Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın böyük dilemma qarşısında olduğu və tarixi müttəfiqi olan Ermənistana yardım edə bilməməsi səbəbilə Ermənistanın Rusiyadan daha çox Fransadan və ola bilsin ki İrandan dəstək aldığı iddia olunur. İran və Fransa siyasi rəhbərliklərinin son bəyanatları və Fransanın Azərbaycana qarşı tədbir görmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq niyyəti bu arqumenti dəstəkləməyə əsas verir. Bütün bunların fonunda iddia etmək olar ki, Ermənistan da üçtərəfli formatdan çıxmağa və hazırkı gündəmi dəyişməyə çalışır. Bütün bu gərginliklər böyük siyasətə tələsən erməni iş adamlarının kommersiya məqsədlərinə uyğun olaraq baş verir, bunun qurbanı isə sülhə ehtiyacı olan erməni xalqıdır.

Əslində isə Azərbaycan Ermənistana qarşı təzyiq elementləri qazanıb: yeni yüksəkliklər, dağıdılmış texnika, bərpa olunmağa ehtiyyacı olan infrastruktur və geri qayıtmayacaq itkilər. Beləliklə, Ermənistanın strategiyası və taktikaları ölkəni yeni fəlakətlərə sürükləyir.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın əsas məqsədi tezliklə sülh müqaviləsi bağlamaqdır, lakin bu niyyət həmişə erməni təxribatları ilə üzləşir. Beləliklə, bu hadisələrin fonunda, Azərbaycan siyasi rəhbərliyi üçün tərəflər arasında sülhün əldə olunmasına aparan yeganə məntiqli yol Ermənistanın təxribatlarına qarşı cavab tədbirləri görmək və Ermənistana güc yolu ilə təzyiq etməkdir. Onu da vurğulamaq lazımdır ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, Erməni tərəfi Azərbaycana Laçın dəhlizini Ermənistanın istifadəsi üçün bağlamaqdan savayı heç bir alternativ qoymur.

Bu analiz yazıldığı zaman, yeni sərhəd toqquşmalarından sonra Ermənistanla Azərbaycan arasında atəşkəs razılığı əldə olunmuşdur.”

Dr. Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə tədqiqatçı və analitik, Təşəbbüslər və Layihələr Mərkəzinin direktorudur.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv