Azərbaycan və Laos arasında saziş imzalanıb

İyunun 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təkbətək keçirilən görüş sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Nazirlər Azərbaycan və Laos arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar. Bu xüsusda, onlar yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini qeyd etdilər. E.Məmmədyarov S.Kommasitin səfərinin Azərbaycan və Laos arasında ilk rəsmi səfər olduğunu deyərək, bu səfərin ikitərəfli əlaqələrin bütün sahələrində inkişafa töhfə verəcəyinə əminliyini ifadə etdi.

Nazirlər, həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğunu qeyd edərək, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviqi barədə danışdılar.

Daha sonra tərəflər ikitərəfli münasibətlərin perspektiv vəd edən istiqamətlərinin müəyyənləşdirilməsi üzrə geniş fikir mübadiləsi apardılar və iqtisadiyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirdilər. Onlar bu imkanların üzə çıxarılması baxımından hər iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması və biznes forumların təşkil edilməsinə dair ortaq mövqelərini bölüşdülər, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi apardılar.

Nazirlər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Tərəflər iki ölkə arasında beynəlxalq təsisatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə məlumat verdi. Nazirlər münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə dəstəyi bəyan etdilər.

Görüşdə “Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş” imzalandı.

Yenicag.az

COP29