Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Yenicag.az xəbər verir ki, danışıqlar Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.
E.Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb.
Daha sonra iki ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb. Nazirlər Azərbaycan və Rusiya arasındakı əlaqələrin hazırkı vəziyyətini və gələcə inkişaf perspektivlərini müzakirə edirlər.
E.Məmmədyarov və S.Lavrov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də nəzərdən keçirirlər.
XİN başçılarının təkbətək danışıqları yekunlaşdıqdan sonra geniştərkibli görüş keçiriləcək.
Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün S.Lavrovu qəbul edib.
***
Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov Bakıda baş tutan görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini və ikitərəfli məsələləri müzakirə ediblər.
Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan Xarici İşlər naziri rusiyalı həmkarı ilə Dağlıq Qarabağ nizamlanmasını və ikitərəfli münasibətləri, o cümlədən iqtisadi məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Rəsmi Bakı və Moskva arasında böyük və ciddi hüquqi baza var, ikitərəfli münasibətlər strateji əhəmiyyətə malikdir.
“Ümumilikdə deyə bilərəm ki, bütün məsələlər müzakirə olundu. Münasibətlərimiz strateji əməkdaşlığın uğurlu nümunəsidir”, – E.Məmmədyarov vurğulayıb.
Onun sözlərinə görə, tərəflər Rusiya və Azərbaycan XİN-ləri arasında 2020-ci il üçün Məsləhətləşmə Planını imzalayıblar.
Nazir bildirib ki, ölkələr arasındakı ticarət dövriyyəsi artmaqdadır: “Hazırda bu, 2,5 milyard ABŞ dolları təşkil edir və ilin sonuna qədər 3 milyard dollara çata bilər”.
Elmar Məmmədyarov bildirib ki, biz beynəlxalq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdik.
Onun sözlərinə görə, Dağlıq Qarabağ nizamlanması məsələsi həm Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlər çərçivəsində, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur.
“Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır”, – nazir deyib.
“Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavadakı görüşündən Bakının əsas gözləntisi irəliyə doğru tərpənişdir. Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Dağlıq Qarabağın statusu və təhlükəsizliyi məsələsini qaldırmaq niyyətindədir”, – Nazir bildirib.
Azərbaycan XİN başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti bizi heç yerə aparmır.
“Bəli, təhlükəsizlik vacibdir. Amma bu, həm də Azərbaycan, onun Qarabağdakı əhalisi üçün vacibdir. Dağlıq Qarabağdan olan qaçqınlar normal həyatlarına qayıtmalıdırlar. Vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik məsələsinin həlli ilə bağlı hesabatın hazırlanması ilə əlaqədar həmsədrlərə müraciət etdik. Bunun üçün ciddi predmet danışıqları olmalıdır. Düşünürəm ki, sabah bu yeni predmetlə danışıqları açacağıq”, – E.Məmmədyarov deyib.
***
“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə çox zəngin və ətraflı söhbət etdik. Prezidentlərimizin münasibətlərimizi belə səviyyədə müəyyənləşdirməsi çox yaxşıdır”.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya etdiyi səfər səmərəli olub.
“Hökumətlərarası iqtisadi komissiyanın işi müzakirə edildi. Qərara gəldik ki, innovasiya və texnologiya üzrə birgə komissiya yaradaq”, – rusiyalı nazir bildirib.
S.Lavrov həmçinin rəsmi Moskvanın Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözlədiyini vurğulayıb.
“Humanitar sahədə nümunəvi əməkdaşlıq qurulub. Gələn il Rusiyada Azərbaycan Günlərini keçirməyi planlaşdırırıq. Azərbaycanda rus dilinin inkişafı və tədrisi üçün minnətdarıq. Azərbaycanda rus dilində təhsilə tələbatın necə yüksək olduğunu görürük. Eyni zamanda bu gün Rusiya universitetlərində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır, onlardan mindən çoxu Rusiya hökumətinin xətti ilə oxuyur”, – S.Lavrov diqqətə çatdırıb.
Dağlıq Qarabağ məsələsindən danışan Sergey Lavrov deyib ki, Dağlıq Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayırıq:
“Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək. Ümid edirik ki, nəticələr olacaq”, – rusiyalı nazir vurğulayıb.
S.Lavrov Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin əsasını iqtisadiyyatın təşkil etdiyini vurğulayıb.
“Ticarət sürətlə böyüyür. Düşünürəm ki, bu il əmtəə dövriyyəsində 3 milyard dollara çatacağıq. Rusiya tərəfdən Azərbaycana 1,5 milyard dollar investisiya qoyulub. Rusiyadakı Azərbaycan sərmayələri də çox əhəmiyyətlidir”, – rusiyalı nazir söyləyib.
Onun sözlərinə görə, bu ölkələrin iqtisadi inkişaf perspektivləri müsbətdir, çünki bu sahə strateji əməkdaşlığın bir hissəsidir.
“Rusiya Azərbaycana gələn turistlərin sayına görə (təxminən, bir milyon nəfər) birinci yerdədir. Bundan əlavə, nəqliyyat qovşaqları üzrə də ölkələr arasında çox sıx əməkdaşlıq qurulub, “Şimal-Cənub” və “Şərq-Qərb” kimi beynəlxalq layihələrdə Azərbaycan və Rusiyanın rolu getdikcə artır”, – S.Lavrov bildirib.
E.Məmmədyarov isə Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolundan çox fəal istifadə etdiyini diqqətə çatdırıb.
S. Lavrov Azərbaycana silah satılması ilə bağlı Ermənistanın KTMT ölkələrinə qarşı iddialarına münasibət bildirərkən deyib ki, hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasındakı strateji tərəfdaşlığın vacib sahələrindən biridir.
Onun sözlərinə görə, Rusiya hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə inkişaf etdirir, regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla aparır.
S.Lavrov yeni sazişin bağlanacağını istisna etməyib: “Müəyyən fikirlər var”.