Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azərbaycan və Türkmənistan: Qarşıdurmadan strateji tərəfdaşlığa

Reklam: Sinerji Pro

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki türk dövləti arasında münasibətləri yeni mərhələyə keçirib.

Yenicag.Az xəbər verir ki, Bakıda təkbətək görüşən Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovun səsləndirdikləri bəyanatlar Bakı ilə Aşqabad arasında zaman-zaman ortaya çıxan anlaşılmazlıqların geridə qaldığını təsdiqləyir.

Türkmənistan hələ Saparmurad Niyazovun hakimiyyəti dönəmində (1991-2006) Azərbaycana yönəlik bəzi addımları ilə qarşılıqlı münasibətlərdə müəyyən problemlərin yaranmasına səbəb olub.

Özü barəsində az qala mifik bir obraz yaradaraq, reallıq hissini demək olar ki, itirən Türkmənbaşının tipik feodal davranışları iki ölkənin əlaqələrinə çox neqativ təsir göstərdi.

Bu problemlər özünü əsasən, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində və hövzənin karbohidrogen ehtiyatlarının istismarında xüsusilə göstərirdi.

Türkmənbaşının hələ Sovet dövründə aparılmış bölgü əsasında Xəzərin Türkmənistana aid edilmiş hüdudları ilə razılaşmaq istəməməsi, o cümlədən Azərbaycana aid ərazi sularında yerləşən “Kəpəz” neft yatağına iddiası qarşılıqlı münasibətləri gərginləşdirən əsas amilə çevrilmişdi. Bu gərginliyin kulminasiyası isə 2001-ci ildə Türkmənistanın Bakıdakı səfirliyini bağlaması oldu.

Türkmənistanın ilk prezidentinin 2006-cı ilin sonlarında qəflətən vəfat etməsindən sonra dövlət başçısı postunda onu əvəzləyən Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanla münasibətləri normallaşdıracağı gözlənilirdi.

Lakin Berdiməhəmmədov da hakimiyyətinin ilk illərində öz sələfinin siyasətini davam etdirərək, Bakıya qarşı aqressiv siyasəti davam etdirməyə üstünlük verdi.

Yeni prezident 2008-ci ilin mayında Bakıya rəsmi səfər etsə də, cəmi bir il sonra “Kəpəz” (Türkmənistan versiyasında “Sərdar”) yatağına görə Beynəlxalq Arbittraj Məhkəməsində Azərbaycan əleyhinə nəticəsiz iddia qaldırdı.

Bununla belə, ilk növbədə Bakının təmkinli və soyuqqanlı, qarşılıqlı maraqların təmin olunmasına hesablanmış addımları Aşqabadı da öz siyasətində ciddi korrektələrə sövq etdi.

Son illərdə dünyanın enerji bazarında yaranmış vəziyyət iqtisadiyyatı neft-qaz sektorundan asılı olan Türkmənistanı öz xarici siyasətində yeni vektorlar müəyyənləşdirməyə məcbur etdi.

Bu çərçivədə Azərbaycanla münasibətlərin normallaşdırılmasının vacibliyini dərk edən Berdiməhəmmədov konkret hərəkətə keçərək, tədricən realist siyasi kurs götürməkdədir.

Türkmənistan liderinin Bakıya səfəri iki türk dövləti arasında həlledilməz problemlərin olmadığını, istənilən məsələdə anlaşma üçün geniş imkanların mövcudluğunu üzə çıxardı.

Hər halda, ortaq kök və dəyərlərin qarşılıqlı problemlərin aradan qaldırılmasında həlledici rol oynadığı bir daha etiraf olundu. Doğrudur, Azərbaycan və Türkmənistan ortaq türk köklərinə malik olsalar da, ayrılıqda müstəqil ölkə olaraq, hər birinin öz dövlət maraqları var. Əsas məsələ həmin maraqların ustalıqla uzlaşdırılmasıdır.

Prezident İlham Əliyevin türkmən həmkarı ilə görüşdən sonra bu məqamları xüsusi vurğulayıb:

“Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş vermişdir.

Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra – 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük”.

Berdiməhəmmədovun Bakıda verdiyi bəyanatda yer alan fikirlər Aşqabadın artıq Bakıya öz strateji tərəfdaşı qismində yanaşdığını söyləməyə əsas yaradır:

“Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir.

Hörmətli azərbaycanlı dostlarımız, hörmətli qardaşlarımız, Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq.

Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

382
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM