“Azərbaycan Xəzər dənizində hərbi gücünü artırmalıdır” – Millət vəkili

“Mövcud şəraitdə Xəzər dənizinin hərbsizləşmiş əraziyə çevrilməsi ideyasının reallaşması mümkün deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın qəbulundan sonra sahilyanı dövlətlərin sözügedən dənizdə hərbi qüvvə saxlamalarının nə dərəcədə zəruri olmasına münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Avqustun 12-də Aktau sammitində qəbul olunan Konvensiyaya əsasən, Xəzər dənizində kənar dövlətlərin hərbi bazaları yaradıla bilməz. Bununla belə, son dövrlərdə Rusiya ilə İranıın Xəzərdəki hərbi donanmalarını kifayət qədər genişləndirmələri dənizin hərbsizləşdirilməsinə yönəlik çağırışlara qətiyyən uyğun deyil. Belə olduqda, digər sahilyanı dövlətlər, o cümlədən Azərbaycan da Xəzərdəki hərbi gücünü artırmaq məcburiyyətində qalır.

Mövzu ilə bağlı Yenicag.az-a danışan millət vəkili Fazil Mustafa da bu fikirdədir ki, Xaəzər dənizinin yaxın gələcəkdə hərbsizləşdirilmiş zonaya çevrilməsi real görünmür:

“Xəzər dənizinin hərbsizləşdirilməsi olduqca mürəkkəb məsələdir. Çünki Rusiya və İran Xəzər hövzəsində böyük hərbi dəniz qüvvələrinə malikdir. Bu baxımdan, belə düşünürəm ki, indiki halda Azərbaycan da əslində, hərbsizləşməyə getməyi təbliğ etmək əvəzinə, su hövzəsindəki hərbi gücünü artırmaq istiqamətində addımlar atmalıdır.

Azərbaycan öz müdafiə imkanlarını genişləndirmək üçün bu istiqamətdə də hərəkətə keçməlidir. Bu səbəbdən Azərbaycan Xəzərdəki hərbi dəniz donanmasını gücləndirmək barədə düşünməlidir.

Mövcud şəraitdə Rusiya və İranın Xəzərin hərbsizləşdirilməsi məsələsində sıfır variantına qayıtması mümkün deyil. Amma Xəzər dənizinin hüquqi statusuna dair Konvenisyanın qəbulu bu məsələdə uzun müddət hökm sürmüş qeyri-müəyyənlikdən daha yaxşıdır.

Bu, Azərbaycan kimi dövlətlərin marağına daha çox uyğundur. Bütün hallarda Xəzər dənizinin hərbləşmiş zonadan daha sivil əraziyə çevrilməsi çox vacibdir və fikrimcə, gələcəkdə bu məsələyə baxıla bilər. Buna qədər isə Azərbaycan öz imkanlarından yararlanaraq, Xəzərdə hərbi potensialını gücləndirməyə çalışmalıdır”.

ELÇİN