“Əslində, Ermənistan xarici işlər naziri yeni heç bir fikir söyləməyib”.
Yenicag.az-ın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
“Beynəlxalq səviyyədə işğalçı kimi tanınan bir ölkə rəsmisinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsindəki ərazilərini guya ki, özünün işğal etməsi barədə eyni əsassız iddiaları… Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır. Təsəvvür edin bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur, sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var”. Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni naziri görəsən öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin param parça olduğunu, adlarının məcburi-köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə yox, əgər düşünsəydi bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı və münaqişənin həlli istiqamətində real addımlar atılardı. Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır”, XİN rəsmisi vurğulayıb.