“Həyata keçirilən bu islahatlar həyatın bütün sahələrinə müsbət təsir göstərəcək”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Azərbaycanda həyata keçirilən kadr və struktur islahatlarına münasibət bildirən Gürcüstan Strateji Analizlər Mərkəzinin aparıcı eksperti Gela Vasadze deyib.
-Azərbaycanda son kadr dəyişiklikləri haqda nə deyə bilərsiniz? Gürcüstanın siyasi dairələri qonşu ölkədə baş verən bu islahatları necə qiymətləndirirlər?
– Əgər desəm ki, Gürcüstan Azərbaycandakı kadr dəyişikliklərinə böyük maraqla yanaşır, mübaliğə etmiş olaram. Əlbəttə ki, Gürcüstanda Azərbaycanda baş verən proseslər haqda çox da məlumatlı deyillər. Yəqin ki bu, bizim günahımızdır və gələcəkdə səhvimizi düzəldəcəyik. Əlbəttə, sırf Azərbaycanda baş verən hadisələri izləyən ekspertlərimiz də var. Azərbaycan dəyişir, müasirləşir və siyasi elitada idarə olunan dəyişikliklər baş tutur. Bu, zamanın tələbidir. Bizə yalnız Azərbaycana islahatlar yolunda uğur arzulamaq düşür.
– Gürcüstanla Azərbaycanın çox sıx iqtisadi əlaqələri var. Ölkəmizdəki kadr dəyişiklikləri birbaşa olaraq, iqtisadi islahatlara geniş zəmin yaratmaq üçündür. Bu islahatlar ölkələrimiz arasında iqtisadi əlaqələrə necə təsir göstərəcək?
– Əgər bayaq qeyd etdiyimiz kimi, hökumətin kadr heyəti yenilənirsə, struktur dəyişiklikləri baş verirsə, deməli, bu islahatlar həyatın bütün sahələrinə müsbət təsir göstərəcək. Həmçinin də, düşünürəm ki, baş tutan islahatlar ölkələrimiz arasında strateji əməkdaşlıq və yaxın qonşuluq münasibətlərinə də təkan verəcək.
Qafqaz Ömərov
Çevirən: Pərviz Mustafa