!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlir? – Rəqəmlər artdı

!Reklam – Yazi

“Dövlət Statistika Komitəsinin ölkəyə ilin 3 ayı ərzində gələn turistlərlə bağlı yayımladığı statistikaya baxsaq, deyə bilərik ki, buraya tranzit müştərilər də daxil edilib. Onlar, əsasən, ölkədə yarım gün qalırlar və hotellərdə qonaqlama etmirlər. Ona görə də bu rəqəm bir az yüksək görünür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında turizm və hotelçilik üzrə mütəxəssis Cabir Dövlətzadə deyib.

O, Dövlət Statistika Komitəsi tərəfindən bu ilin ilk 3 ayı ərzində ölkəyə gələn turistlərin sayı ilə bağlı yayımlanan hesabata münasibət bildirib.
C. Dövlətzadə söyləyib ki, Rusiya və Türkiyədən Azərbaycana gələn müştəri artımı hazırda normaldır.

“Çünki Rusiyanın Avropaya yolları bağlı olduğu üçün onlar daha çox sabit region olan Azərbaycanı seçirlər. Daha sonra Gürcüstan və Ermənistana da gedə bilərlər. Hazırda Azərbaycan rusların ən çox gəldiyi yerlərdən biridir. Bu da sevindirici haldır, çünki Rusiya böyük ölkə olduğu üçün onun turizm potensialı çox yüksəkdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyəyə gəldikdə, bu ölkənin Azərbaycana marağın son illərdə artması bu faizin yüksəlməsinə gətirib çıxarıb:

“Lakin bunun əksi olaraq, ərəb dünyasından Azərbaycana gələn müştərilərin sayında ciddi azalma var. Onlar artıq başqa ölkələrə üz tutsalar da, ümid edirik ki, yay aylarında sayı artacaq.

Lakin buna baxmayaraq, sevindirici haldır ki, Hindistandan ölkəmizə birbaşa reysin olması və hindlilərin qrup, yaxud pərakəndə şəkildə ölkəmizə gəlməsi müştəri sayında ciddi artıma səbəb olub. Hindistandan gələn müştərilərin əsas müsbəti bizim üçün yeni bazarın yaradılması deməkdir ki, bu da gözəl nəticə verəcək. Çünki Hindistandan gələn turistlərin sayının durmadan artması müəyyən üstünlüyə gətirib çıxaracaq”.

“Təbii ki, ölkəmizə gələnlər təkcə hindlilər deyil, əsasən, müsəlmanlar daha çoxluq təşkil edir. Xüsusən də Kəşmirdən gələn müştərilərin sayında artım özünü büruzə verir. Bu da Azərbaycanatəkcə hinduların deyil, o cümlədən müsəlmanların da gəlməsinə və ölkəmizi kəşf etməsinə səbəb olur ki, fikrimcə, bu, çox yaxşı bir haldır.

Ümid edirəm ki, bu statistik artım davam edəcək. Biz yüksək artım mövsümü sayılan iyun-iyul-avqust aylarında artım tempini görəcəyik. Lakin quru sərhədlərin bağlı olması aşağı büdcəli müştərilərin ölkəmizə gəlməsinə mane olur ki, bu da bizi Ermənistan və Gürcüstanın turizm potensialından xeyli aşağıda göstərir və rəqabətdə onlara uduzuruq. Bunlar isə istər-istəməz qiymətləndirməyə gətirən faktordur. Çünki, əgər quru sərhədlər açılırsa, sabit ölkə olduğumuz üçün turizm potensialımız yüksələcək. Amma quru sərhədlər açılmadan istədiyimiz nəticələri əldə edə bilməyəcəyik.

Lakin bizim bu il pandemiyadan əvvəlki rəqəmlərə çata bilməyimiz çətin görünür” – deyə o, fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, DSK-nın sözügedən hesabatında qeyd olunub ki, yanvar-fevral-mart ayları ərzində ölkəyə 514 minə yaxın əcnəbi səfər edib. Məlumata görə, onların 28,7%-i Rusiya, 19,3%-i Türkiyə, 7,2%-i İran, 4,2%-i Gürcüstan, 3,2%-i isə Qazaxıstanın payına düşür.

Rafi Müslümov

www.yenicag.az

109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv