Dövlət Miqrasiya Xidmətinin (DMX) son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 119 nəfər əcnəbi saxlanılıb.
Qurumdan Yenciag.az-a verilən məlumata görə, saxlanılan şəxslərdən 13-nün qeydiyyat ünvanı üzrə yaşamadıqları, 6-nın gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, 1-nin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, 1-nin əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq girişinə məhdudiyyət qoyulduğu, lakin əcnəbinin bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduğu, digər 98 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılan əcnəbilərdən 85 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirir.