“Yerli istehsal yetərli səviyyədə təmin olunmadığı üçün idxaldan asılılığın artması səbəbindən devalvasiya baş verə bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişiklikdə büdcə gəlirlərinin 0,1 faiz, xərclərin isə 2,2 faiz artırılması ilə bağlı təklifi dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Elşad Məmmədovun sözlərinə görə, əslində, büdcə xərclərinin artırılması labüd idi. Lakin büdcə kəsirinin idarə olunmasında fərqli yanaşmaya ehtiyac var:
“Pandemiya ilə mübarizə çərçivəsində dövlət tərəfindən xərclər artırılmalıdır. Bu isə büdcə artımının kəsiri deməkdir. Çünki neft qiymətlərinin o dərəcədə yüksək olmaması və digər sahələr üzrə işgüzar fəallığın ciddi şəkildə aşağı düşməsi büdcə daxilolmalarında kəskin artım gözləməyə əsas vermir.
Əgər büdcə kəsiri düzgün idarə olunarsa, ciddi problem yaşanmayacaq. Lakin bir çox hallarda ölkəmizdə büdcə kəsirinin idarə olunması ilə bağlı problem yaranır. Bu problemlər, əsasən, büdcə kəsirinin maliyyələşməsində daxili bazardan maliyyə resurslarının çəkilməsi ilə müşayiət olunur.
Bu yanaşma çox səhvdir. Çünki büdcənin kəsiri bazardan resursları çəkməklə bağlanılırsa, nəticədə potensial investisiyaların qarşısı alınır. Bu proses iqtisadiyyata pul qoyuluşunun azalmasına yol açır və ölkə iqtisadiyyatının daralmasına səbəb olan siyasət yürüdülür”.
Professor hesab edir ki, büdcə kəsirinin artımı müsbət hal olsa da, bu artım Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına bağlanmalıdır:
“Pul kütləsinin həcmi artmalıdır ki, ölkə iqtisadiyyatına kapital qoyuluşları artsın. Bu isə iqtisadi artıma və yerli istehsalın inkişafına səbəb olmalıdır. Əgər bu addım atılmasa, iqtisadiyyatın daralması kimi problem baş qaldıracaq.
2020-ci ilin ilk 6 ayına əsasən, kapital qoyuluşları azalıb. Bundan sonrakı dönəmdə iqtisadiyyatdan maliyyə kəsilsə, investisiyaların həcmi daha da azalacaq. Nəticədə yerli istehsal yetərli səviyyədə təmin olunmadığı üçün idxaldan asılılıq artması səbəbindən devalvasiya baş verə bilər”.
Gülşən Şərif