!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda çoxəsrlik TOLERANTLIQ ƏNƏNƏSİ: Xalqların nümunəvi birgə yaşayış modeli necə yaradılıb?

!Reklam – Yazi

Dünyanı bürüyən iqtisadi, sosial gərginliklər və dini qarşıdurmalar yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. 

Qloballaşan dünyamızda sülhün və sabitliyin qorunmasının əsas iki yolu var. Birincisi, dövlətlərarası münasibətlərin düzgün tənzimlənməsi, ikincisi isə dinlər və millətlərarası münasibətlərin nizamlanmasında multikulturalizmin ən mükəmməl yolunun tapılmasıdır.

Tolerantlıq artıq sadəcə, müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. İntibah dövründə də siyasətçilər və tədqiqatçılar dini tolerantlığın qanunla tənzimlənməsinə dair müzakirələr aparıblar. 1689-cu ildə Böyük Britaniya parlamenti “Tolerantlıq aktı” adlanan sənəd qəbul etdi və bununla non-konformistlərə inanclarında azad olmaq hüququ verildi. 1789-cu ildə Fransa inqilabı ərəfəsində Mili Assambleya tərəfindən qəbul edilmiş “Deklorasiya”da fikirlərinə görə heç kəsə müdaxilə edilməməsi, dini inanclara hörmət bəslənilməsi qeyd olunmuşdu.

XX əsrdən etibarən, müvafiq yanaşma beynəlxalq sənədlərdə vacib müddəa kimi daha geniş əks olunmağa başladı. 1948-ci ildə BMT Baş Assambleyasında qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin 18-ci maddəsində qeyd olunur: hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir. Müasir anlamda isə tolerantlıq daha çoxşaxəli mahiyyət kəsb edir.

Bu gün Azərbaycan dövləti də multikulturalizmi və tolerantlığı ölkəmizdə dəyişməz həyat tərzinə çevirib. Müasir Azərbaycanda tolerantlıq daha da möhkəmlənən, təkcə bütövlükdə cəmiyyətdə deyil, həm də hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir. Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Ölkəmizdə həmişə dini ayrı-seçkiliyə qarşı bir mübarizə ruhu olub. Hələ sovet dövründə Bakının “beynəlmilləlçiliyin beşiyi” adlandırılması təsadüfi deyildi.

Azərbaycanda dövlət siyasətinə çevrilən multikulturalizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkədə bəşəri duyğuların vüsət tapmasında, insanların qardaşlıq, dostluq şəraitində çalışıb yaşamasında Ümummilli Liderin danılmaz xidmətləri var. O, həmişə insana ağlına, zəkasına, qabiliyyətinə və xidmətinə görə qiymət verirdi. Ulu Öndərin yürütdüyü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin dünya miqyasında mutikultural və tolerantlıq dəyərlərinin qorunub inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, eləcə də irəli sürdüyü təşəbbüslər ölkəmizdə və beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident, eyni zamanda, Heydər Əliyev Fondunun rəhbəri kimi dünya miqyasında dini və mədəni irsin qorunması, eləcə də dünya mədəni irsinə aid tarixi abidələrin bərpası istiqamətindəki fəaliyyəti də dünya ictimaiyyəti tərəfindən geniş təqdirlə qarşılanır.

İnsan doğulduğu yurdu, məxsus olduğu milləti sevməsə, onda başqa xalqlara, ayrı-ayrı insanlara, hətta ölkələrə laqeyd münasibət yaranar. Bu mənada Azərbaycan xalqı hər zaman genişürəkli və humanist mövqeli olub. Prezident İlham Əliyevin bir fikrini təkrarlamaq yerinə düşərdi: “Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq, əminəm ki, başqa yerlərdə də öyrənilə bilər”. Bu fonda qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır.

Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Bu sırada ölkəmizdə mövcud olan katolik icması da dövlətin qayğısından kənarda qalmayıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icması yenidən fəaliyyətini bərpa edə bildi. 2 aprel 1999-cu ildə Bakı şəhəri Roma Katolik dini icması dövlət qeydiyyatına alındı. Həmçinin Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrıldı. Nəticədə 2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə katolik kilsəsi ucaldıldı. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçdi.

Ölkədə qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də dövlətin qayğısı ilə əhatə olunur. 1990-cı ildən respublikada “Azərbaycan-İsrail” dostluq cəmiyyəti, habelə “Soxnut” cəmiyyəti fəaliyyət göstərirlər. Azərbaycanda yəhudilərə göstərilən ehtiramdan söhbət açarkən, Quba rayonundakı Qırmızı Qəsəbəni mütləq qeyd etmək lazımdır. Çünki bu qəsəbə postsovet məkanda dağ yəhudilərinin kompakt halda yaşadığı məntəqə hesab olunur. Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə XVIII əsrdə Quba xanlığı dövründə salınıb. Əvvəllər “Yəhudi Qəsəbəsi” adlanan sözügedən yaşayış məntəqəsi hətta bir vaxtlar “Qafqazın Yerusəlimi” kimi də məşhurlaşmışdı.

Hazırda ölkədəki yəhudilərin vəziyyətinə gəlincə, onlar əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında yaşayırlar. Azərbaycanda fəaliyyət göstərən yəhudi icmaları dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bunun bariz nümunəsi dövlət başçısı İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoqun tikilməsidir. 2010-cu ildə təməli qoyulan həmin sinaqoq 2011-ci ilin aprel ayında dindarların istifadəsinə verilib. Beləliklə, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq, tolerant mühitdə yaşayırlar. Bu isə təsadüfi deyil. Çünki bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss edib, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara yad münasibət göstərməyib. Əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik və qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60- 65 faizi şiə, 35-40 faizi sünni məzhəbinə mənsubdur. Xristianlığın demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunub. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayırlar.

Bu o deməkdir ki, Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühütün möhkəmlənməsinə əsas verir. Tolerantlıq fərqliliyimiz və zənginliyimiz, xalqımızın xarakteri, özünüifadə forması və demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Tolerantlıq həm də sosial hadisədir. Tolerantlıq cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.

2016-cı ilin “Multikulturalizm ili”, 2108-ci ilin isə “Cümhiriyyət ili” elan olunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətini açıq nümayiş etdirir. Azərbaycan artıq beş dəfə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib. Analoji tədbirlər gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım göstərir. Azərbaycanda keçirilən əksər beynəlxalq tədbirlərdə qloballaşma dövründə tolerantlıq, dinə və inanclara dözümlü yanaşma, multikulturalizmin, dinlərarası dialoqun vacibliyi və bu proseslərdə Azərbaycan modeli, ayrı-seçkilik və zorakılığın bütün formaları ilə mübarizədə ölkəmizin təcrübəsi mövzularına daim toxunulur və bu sahələrdə dünyaya bir mesaj verilir.

Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi qanunauyğunluq sayılmalıdır. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Əgər müstəqilliyinin ilk illərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin fəal iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib.

Əminliklə söyləmək olar ki, Azərbaycan dini tolerantlıq baxımından nümunəvi ölkələr sırasındadır. Məscidlərə, digər ibadət məkanlarına getmək üçün heç bir problem yoxdur. Təkcə İslam dini ilə deyil, ümumiyyətlə, hər hansı dini durumla bağlı problem mövcud deyil. Azərbaycan bir çox millətlərin və dinə mənsub adamların dinc yaşadığı məkan kimi əvəzsiz nümunədir. Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüdləşdirir. Ölkəmizdə tolerantlıq ənənələrinin olması və bu gün də yüksək səviyyədə davam etdirilməsi istər beynəlxalq təşkilatlar, istərsə də dünyanın nüfuzlu din xadimləri, din mərkəzləri səviyyəsində təsdiqini tapmış faktdır. Kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə burada təzyiqə məruz qalması, yaxud hər hansı bir xoşagəlməz münasibətlə üzləşməsi faktı qeydə alınmayıb. Bu da Azərbaycanın tarixən tolerant münasibət sərgiləyən ölkə olmasının bariz təsdiqidir. Bir sözlə, ölkəmiz dini və milli tolerantlığın məkanı kimi bütün dünya üçün nümunədir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv