Beyləqan rayonunda döyülərək yolun kənarına koma vəziyyətində atılan qız ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, oktyabrın 8-də ağır vəziyyətdə xəstəxanaya gətirilən, rayonun Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı bu gün xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.
Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib.
Qızda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qızda komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.