Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: “İxtisası özün seç”

Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədov barəsində cinayət işi açılsa da, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir. Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror R.Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı R.Məmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalından həbs edilməsin istəyib.

Bu iş üzrə R.Məmmədov bütün zərərçəkmişlərlə razılığa gəlsə də, iki zərərçəkmişlə barışıq əldə edə bilmir. Buna səbəb isə R.Məmmədovun dəymiş zərəri ödəməməsidir.

Hər iki zərərçəkmiş övladlarının instituta qəbul edilməsi üçün R.Məmmədova külli miqdarda pul verdiklərini, lakin sabiq direktorun nə vədinə əməl etdiyini, nə də pullarını geri qaytardığını deyirlər.

Həmin zərərçəkmişlərdən İdris Əliyev övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat, digər zərərçəkmiş Mahir Həsənov isə 7 min 250 manat verdiyini bildirir.

Qeyd edək ki, Gəncə filialı bağlanarkən Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı idi. İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində Aqiyə Naxçıvanlının imzası olub.

Sabiq rektor isə bu məsələ ilə bağlı danışarkən etiraf edib ki, uzun illərdir, institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə də özü müraciət edib.

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bu işlə bağlı saytın əldə etdiyi digər yenilik isə R.Məmmədovun director işlədiyi müddətdə satdığı diplomların sayı ilə bağlıdır. Məlum olub ki, təkcə Təhsil Nazirliyi tərəfindən başladılan yoxlama zamanı 7 minə yaxın saxta diplom müəyyən edilib. Hələ bu rəqəm R.Məmmədovun 2014-cü ildəki fəaliyyəti dövrünə təsadüf edir. Uzun illər director vəzifəsini tutan R.Məmmədovun əvvəlki fəaliyyətində də minlərlə saxta diploma imza qoyduğu məlum olub.

R.Məmmədovun əməlləri ilə bağlı daha bir ilginc məqam da üzə çıxıb. Əldə etdiyimiz məlumata görə R.Məmmədov direktor olduğu müddətdəki əməlləri ilə insanları təəccübləndirə bilirmiş. O, vəzifəsini, saxta diplom düzəltmək “bacarığını” açıq-aşkar şəkildə reklam etməkdən, bu əməlini ətrafdakılara nümayişkaranə şəkildə göstərməkdən də çəkinmirmiş. Məlumata görə, R.Məmmədov iştirak etdiyi toy məclislərindən birində nəmər əvəzinə direktoru olduğu institutun diplomunu göndərib. O, toy məclsinin sahibinə həmin diploma övladının ad və soyadını yazmasını, ixtisas seçməsini istəyib…

COP29