!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dünyaya örnək olan TOLERANT MÜHİT: Ölkədə etnik-dini hüquqlar necə təmin olunur? - TƏHLİL

!Reklam – Yazi

Ceyhun Məmmədov: “Dininə, irqinə, etnik mənsubiyyətinə fərq qoyulmadan Azərbaycanda hər kəsin birgə yaşayışının təmin olunması üçün dövlətimiz bütün zəruri addımları atıb”.

Ramiz Alıyev: “Azərbaycanda tolerantlığın ən mühüm göstəricilərindən biri erməni əsilli vətəndaşlarımızın da ölkədə tam təhlükəsiz şəraitdə yaşamalarıdır”

Tolerantlığın hər zaman ön planda olmasının yaşadığmız müasir dövr üçün böyük əhəmiyyəti var. Hər birimizin müşahidə etdiyi kimi, dünyada iqtisadi-siyasi gərginlik, dini zəmində qarşıdurma və digər mənfi hallar tolerantlığın aktuallığını daha da artırır. Çox uzağa getmək lazım deyil. Elə yaşadığımız regionda baş verən proseslərə ötəri nəzər yetirsək, dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyini anlamaq olar.

Bunun isə iki yolu var: dövlətlər və xalqlararası münasibətlərin düzgün tənzimlənməsi. Tarixdən günümüzə qədər tolerantlıq artıq yalnız xalqlararası münasibətlərin tənzimlənməsi üçün istifadə olunmur, həm də dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib.

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında Azərbaycanın tolerantlıq üzrə dünyada ən nümunəvi ölkələrdən biri olduğunu deyib:“Dövlətimiz dini qurumlara, dini icmalara qayğısını heç vaxt əsirgəməyib. Bu gün Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması ilə yanaşı, dini icmalara dövlət tərəfindən əhəmiyyətli yardım göstərilməsi praktikası da mövcuddur.

Bir çox dünya dövlətlərindən fərqli olaraq, Azərbaycan İslam ölkəsi olsa da, burada istər xristian, istər yəhudi, istərsə də qeyri dinlərdən olan vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu isə ölkəmiz adına çox sevindirici haldır.

Dininə, irqinə, etnik mənsubiyyətinə fərq qoyulmadan Azərbaycanda hər kəsin birgə yaşayışının təmin olunması üçün dövlətimiz bütün zəruri addımları atıb. Lakin bu ənənələrin qorunması və daha da inkişaf etdirilməsi üçün görülməli olan əlavə işlər hələ də mövcuddur.

İslahatların həyata keçirilməsi vacibdir, çünki bütün dünyada, o cümlədən, ölkəmizdə din sahəsinə zaman-zaman müəyyən müdaxilələr hiss olunur. Ancaq ümumi olaraq, Azərbaycanda bu məsələdə sabitlikdir və münasibətlər ən yüksək səviyyədədir. Nə Azərbaycanın daxilində dini zəmində qarşıdurma yaranıb, nə də digər hər hansı problem yaşanmayıb. Bunun səbəbi isə ölkəmizin dini sahəyə həm nəzarəti, həm də göstərdiyi qayğı və diqqətin artırılmasıdır”.

Bu barədə Yenicag.az-a danışan politoloq Ramiz Alıyev müasir dünyada münaqişələrin və dini-etnik zəmində toqquşmaların intensivləşdiyi bir şəraitdə tolerantlığın əhəmiyyətinin xeyli artdığını deyib.Onun sözlərinə görə, Azərbaycan dini etiqad azadlığının təmin olunması baxımından dünyada xüsusi seçilən ölkələrdən biridir:

“Çünki Azərbaycanda heç bir vətənaşa dini mənsubiyyətinə görə fərq qoyulmur. Burada dünyanın istənilən dininə etiqad edən insan görmək mümkündür. Ölkəmizdə həmçinin milli öz adət-ənənələrin yaşadılmasına, dini ayinlərin yerinə yetirilməsinə də heç bir maneə yaradılmadığını xüsusi vurğulamaq lazımdır.

Dövlətimizin dinlərə olan diqqət və qayğısını həmin konfessiyaların təmsilçiləri də məmnunluqla etiraf edirlər. Hətta dünyanın bir çox ölkələri Azərbaycanı dini tolerantlığa görə nümunə göstərirlər. Azərbaycanda tolerantlığın ən mühüm göstəricilərindən biri erməni əsilli vətəndaşlarımızın da ölkədə tam təhlükəsiz şəraitdə yaşamalarıdır. Onlar da digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.

İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibələri dövründə milliyətindən asılı olmayaraq, hər bir azərbaycanlının vətəni üçün qəhrəmancasına vuruşduğunun, canından keçdiyinin, sağlamlığını itirdiyinin şahidi olduq. Biz həmin insanlarla hər zaman qürur duyur, onlarla fəxr edirik.

Etnik fərq qoyulmadan hər bir azərbaycanlı vətəndaş üçün yalnız bir məfhum var – vətənimiz Azərbaycan. Hazırda təəssüf doğuran məqamlardan biri Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin Ermənistan və digər güc mərkəzləri tərəfindən təzyiq olunaraq Qarabağdan getməyə məcbur edilməsidir. Onlara Azərbaycanda yaşayan bütün vətəndaşlarla bərabər hüquqlara malik olacaqlarını dəfələrlə bildirməyimizə baxmayaraq, təzyiq altında qalaraq ərazilərimizi tərk etdilər.

Onlar indi bu addımlarına görə peşmandırlar. Yəqin ki Qarabağdan gedən erməni əhalinin tezliklə gəlişini müşahidə edəcəyik. Çünki Ermənistanın ağır iqtisadi vəziyyəti ortadadır, oradakı əhali aclıqdan əziyyət çəkir. Ona görə də buradan gedənlər yenidən ölkəmizdə dönmək istəyirlər. Gəldikləri zaman isə Azərbaycan onların təhlükəsizliyi üçün hər bir şəraiti yaradacaq”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv