!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ekoloji siyasət: Ətraf mühitin mühafizəsi necə həyata keçirilir? - RƏYLƏR

!Reklam – Yazi

Telman Zeynalov: “Ətraf mühiti mühafizə etmək, ekologiyanı təmizləmək və təmiz saxlamaq üçün edilməli olan yeganə şey yaradılan məhsulları idarə etməyi bacarmaqdır”.
Rövşən Abbasov: “Dövlətimiz ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda effektli addımlar atır və atmaqdadır”.

Sürətlə artan dünya əhalisi, planlaşdırılmamış sənayeləşmə və qeyri-sağlam urbanizasiya, nüvə sınaqları, regional müharibələr, pestisidlərdən, süni gübrələrdən və məhsuldarlığı artırmaq üçün istifadə edilən artan pestisidlər kimi kimyəvi maddələr ətraf mühitin çirklənməsinə və ekoloji problemlərə səbəb olur. Bunun nəticəsi olaraq çirklənmiş hava, su və torpaq canlıların həyatına mənfi təsir edəcək ölçülərə gəlib çatıb.

Ümumiyyətlə, ekoloji problemlər insanların yaşadığı yaşayış mühitinin təbii quruluşunu məhv edir. Bu dağıntı insanların intensiv olduğu yerlərdə daha sürətli, yaşayış və məskunlaşmanın zəif olduğu yerlərdə isə daha yavaş olur. Pisləşən təbii həyat ətrafdakı bütün canlıların həyatına mənfi təsir göstərir.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, “Ekologiyanın pozulmasının təbiətə və insanlara zərəri” mövzusunda yalnız paytaxtda deyil, regionlarda tədbirlər keçirilməli, uşaqdan-böyüyə qədər hər kəs məlumatlandırılmalıdır:

“Ətraf mühiti mühafizə etmək, ekologiyanı təmizləmək və təmiz saxlamaq üçün edilməli olan yeganə şey yaradılan məhsulları idarə etməyi bacarmaqdır. Təəssüflər olsun ki, bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu sahədə bəzi problemlər var.

Təbiəti, ekologiyanı qorumaq məqsədilə dövlətimiz bu sahədə cərimələr tətbiq etsə, çox gözəl addım atmış sayılar. Lakin cərimədən öncə isə atılan addım maarifləndirmə işləri olmalıdır.

“Ekologiyanın pozulmasının təbiətə və insanlara zərəri” mövzusunda yalnız paytaxtda deyil, regionlarda tədbirlər keçirilməli, uşaqdan-böyüyə qədər hər kəs məlumatlandırılmalıdır.

Tullantı deyilən bir anlayış olmamalıdır, tullantı ikinci dərəcəli xammaldır. Bu xammaldan istifadə edib istənilən şeyi düzəltmək olar. Kənd təsərrüfatı və yeyinti tullantılarından qaz, elektron tullantılardan isə elektrik əldə etmək olar. Bunu şəxsən özüm tətbiq edib, hər kəsə nümayiş etdirirəm. Etdiyim təcrübələrin ekologiyaya heç bir zərəri yoxdur. Tam əksi, təbiət üçün zərərsiz, insanlıq üçün çox əlaverişlidir”.

Dünyada qlobal olan ekoloji mövzu haqqında Yenicag.az-a danışan ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov isə tullantıların toplanmasının, yenidən emal, yaxud zərərsizləşdirilməsinin ekologiyanın qorunmasında mühüm rol oynadığını bildirib:

“Dövlətimiz ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda effektli addımlar atır və atmaqdadır. Lakin bu sahədə nəzər çarpan ən əsas üç problem mövcuddur: Atmosferin çirklənməsi, plastik tullantılarla bağlı vəziyyət və bütün dünyada qlobal olan su problemi.

Atmosferlə bağlı problemlər əsasən böyük və əhalisi sıx məskunlaşan şəhərlərə xasdır. Azərbaycanda bu sahədə problem iki böyük şəhərdə – Bakı və Sumqayıtda müşahidə olunur. Buna səbəb iqlimlə yanaşı insanların düzgün iş icra etməməsidir. Tikinti normalarına düzgün qaydada əməl olunmaması, Bakı ətrafında fəaliyyət göstərən daş karxanalarında işlərin standartlara uyğun görülməməsi şəhər havasının çirklənməsinə səbəb olur.

Küləklə havaya qalxan toz insanların sağlamlığına çox böyük təhdidlər törədir. Bu sahədə ciddi işlər görülməli, şəhər havasının təmizlənməsi üçün lazımi tədbirlər alınmalıdır.

Müşahidələrimə görə isə, ikinci problem plastik tullantılarla bağlıdır. Paytaxtda vəziyyət nisbətən daha yaxşıdır. Çünki nəzarət güclüdür. Tullantıların yenidən emalı, yaxud zərərsizləşdirilməsi üçün bir sıra zavodlar tikilib. Lakin kənd yerlərində, xüsusən dağlıq ərazilərdə plastik tullantıların idarə olunması ilə bağlı çox böyük problemlər mövcuddur. Tullantıların toplanması və yenidən emalı üçün görülən işlər çox zəifdir.

Digər mühüm məsələlərdən biri isə su problemidir. Bu problem nəinki Azərbaycanda, hətta dünyada qlobal məsələlərdən biridir. Belə ki, suvarma və içməli suya olan tələbat gündən-günə artmaqdadır.

Ölkəmizdə su çatışmazlığından əsasən Mərkəzi Aran və Abşeron zonaları əziyyət çəkir. Respublikamızı kənd təsərrüfatı malları ilə kiçik fermerlər təmin edir. Aqrar sənayedə yaranan problem isə ölkəmizin xaricdən ərzaq malları idxalında asılı vəziyyətə düşməsinə səbəb ola bilər”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv