Qarmaqlarda mal və qoyun ətlərini görməyə öyrəşmişik. Burda at və eşşək əti görmək isə kimsəyə xoş gəlməz. Halbuki, dünyanın bir çox ölkələrində at və eşşək əti yemək normal hesab edilir.
Yenicag.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov eşşək, at ətinin satılması ilə bağlı məsələyə belə münasibət bildirib:
“Ölkəmizdə heç bir ətin satışı qadağan deyil. 63-cü illərdə bir sənəd qəbul olunub. O sənəd məndədir. 15 respublika arasında bir Azərbaycanda eşşək əti yeməli ət kimi, növləri, qiymətləri yazılıb”.
Yəni məsələ qəssabların eşşək ətini sata bilməməsində deyil. Eşşəyin mal yerinə qoyulmasındadır. O qədər at və uzunqulaq ətinin mal əti adı altında sırınmasını eşitmişik ki, bu da insanlarda inamsızlıq yaradır.
Bilərək, istəyərək dadmaq istəyən çətin tapılsın. Amma alıcı hardan bilsin ki, üstünə böyük hərflərlə mal, qoyun hətta quzu əti yazılan bu cəmdəklər əslində hansı heyvana mənsubdur? Əti-ətdən fərqləndirmək üçün də gərək işin ustası olasan.
Qəssab: “Sümüyü və üstündə saxladığı dərisi ilə seçmək çox asandır. Evinə ət alıb aparıb qazana tökəndə ondan üfunət iyi gəlir. Həmin adam hiss etmir ki, bu ət iyi deyil?”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov at ətindən respublikada istifadə olunmasının məqsədəuyğun olmadığını qeyd edib.
İnsafı olan qəssab uzunqulaq ətini mal əti kimi sərgiləməz. Halbuki elə deyildiyi kimi keçini keçi, qoyunu qoyun uzunqulağı da uzunqulaq, ayağından asmalıdırlar.