!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı mübarizə imitasiya xarakterli olmamalıdır” – AKTUAL

!Reklam – Yazi

Təəssüflə qeyd etməliyəm ki, hazırda FETÖ-nün Azərbaycanda bütün sahələrdə ciddi ağırlığının olduğu görünür.

Bu fikirləri Türkiyədə olduğu kimi, Azərbaycanda da FETÖ terror şəbəkəsinə qarşı ardıcıl mübarizə aparılmasının vacibliyindən danışan Avropa.info saytının rəhbəri Ruslan Bəşirli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə gülənçilərə qarşı keçirilmiş məlum əməliyyatdan sonra Azərbaycanın bu istiqamətdəki addımları daha da intensivləşməlidir:

“İlk öncə onu demək istərdim ki, FETÖ əleyhinə keçirilmiş son əməliyyatın ardınca araşdırmalar davam etdirilir. Fikrimcə, Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı mübarizə artıq görüntüdən ciddi və davamlı əməl mərhələsinə keçməlidir. Çünki son əməliyyatdan sonra bir sıra şəxslərin ortaya atdığı məqsədli sualllar cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanıb. O səbəbdən, mən Azərbaycanda FETÖ-yə qarşı mübarizənin zəruriliyinə diqqəti yönəltmək istəyirəm.

Bu ona görə vacibdir ki, əvvəla, FETÖ bir terror şəbəkəsidir və Azərbaycana qardaş ölkə, strateji müttəfiq olan Türkiyə tərəfindən rəsmən terror təşkilatı kimi tanınıb. Ümumiyyətlə, hər hansı terror təşkilatının bu adla rəsmən tanınması başqa dövlətlərin yanaşmasına da əhəmiyyətli dərəcədə təsir göstərir. Bildiyimiz kimi, fətullahçı terror şəbəkəsi 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərib. FETÖ-nün bu cəhdi zamanı 268 nəfər şəhid olub. Ona görə də, Türkiyənin FETÖ-yə yanaşması başqa başqa ölkələr tərəfindən də obyektiv qəbul edilməlidir.

Ancaq bəzi dövlətlərin praktikasında hansısa qrupu terror təşkilatı kimi tanımaq təcrübəsi olmasa belə, onlar bütün hallarda terrorizmə qarşı mübarizədə bu və ya başqa formada iştirak edirlər. O cümlədən, bildiyim qədər, Azərbaycanda da terror təşkilatı qismində tanınan heç bir təşkilat yoxdur. Lakin buna baxmayaraq, Azərbaycan FETÖ-yə qarşı ciddi mqbarizə aparmalıdır və bu, ilk növbədə ölkəmizin təhlükəsizliyi naminə vacibdir. Unutmayaq ki, FETÖ Azərbaycan-Türkiyə birgəliyinin və iki qardaş ölkənin bütün ortaq projelərinin əleyhinədir.

Gəlin baxaq, Azərbaycanda FETÖ ilə mübarizə hansı səviyyədədir? Çox təəssüf ki, fətullahçı şəbəkə Azərbaycanda bir çox sahələrdə öz mövcudluğunu hələ də qoruyub saxlamaqdadır. Xatırladım ki, FETÖ-nün 2016-ci il dövlət çevrilişi cəhdindən sonra bu şəbəkəyə qarşı Azərbaycanda müəyyən mübarizə aparıldı, adları gülənçilərlə hallanan bir sıra şəxslər tutduqları vəzifələrdən uzaqlaşdırıldı, onlardan bəziləri hətta həbs edildi və ölkədən qaçdı. Amma Azərbaycanda həm biznes, həm bürokratya, həm də təhsildə və digər sferalarda FETÖ-nün hələ də çox təəssüf ki, ciddi varlığı var.

Əminəm ki, cənab prezident İlham Əliyev FETÖ-nün bu varlığına qarşı olan liderdir. Azərbaycan Prezidentinin məlum 2016-cı il olayları zamanı ilk olaraq öz mövqeyini ən qətiyyətli formada ortaya qoyması, cənab Ərdoğanla rabitə yaradaraq ona birmənalı dəstək verməsi əvvəlki fikrimi tam əminliklə söyləməyə əsas verir. Hər kəs bilir ki, İkinci Qarabağ müharibəsi ərəfəsində və ondan sonrakı dönəmdə Azərbaycan-Türkiyə münasibətləri tam fərqli bir fazaya keçib və özünün analoqsuz inkişaf səviyyəsinə çatdırılıb. Həm də bu səbəbdən, Azərbaycanın fətullahçı terror şəbəkəsinə qarşı mübarizə aparması zəruridir. Belə düşünürəm ki, keçirilmiş məlum əməliyyatdan sonra Azərbaycanın bu istiqamətdəki addımları daha da intensivləşəcək. Ancaq yenə deyirəm, bu tədbirlər imitasiya xarakterli olmamalıdır.

Təəssüflə qeyd etməliyəm ki, hazırda FETÖ-nün Azərbaycanda bütün sahələrdə ciddi ağırlığının olduğu görünür. Təsəvvür edin ki, milli maraqları hər zaman əsas götürən, cənab prezidenti davamlı dəstəkləyən milli görüşlü insanlarımız bir çox hallarda FETÖ qanadı tərəfindən sıxışdırılmalara, təzyiqlərə məruz qalırlar, xüsusilə də bizim sahəmizdə.

Amma o da vurğulanmalıdır ki, FETÖ ilə mübarizə heç də asan məsələ deyil. Açıq danışaq, çünki fətullahçı terror şəbəkəsinin arxasında ABŞ, konkret olaraq Mərkəzi Kəşfiyyat İdarə dayanıb. Terrorçu FETÖ də Türkiyəni çökdürmək planının tərkib hissəsi olaraq ötən əsrin 60-cı illərində məhz Mərkəzi Kəşfiyyat İdarəsinin patronajlığı ilə yaradılıb.

80-ci illərdən etibarən, şəbəkə mənsublarının Türkiyənin bürokratik aparatında yerləşdirilməsinə başlanıldı, 90-cı illərdən etibarən isə onlar müxtəlif adlar altında artıq “üçüncü ölkələr” kateqoriyasına aid edilən ölkələrə göndərilirdilər. FETÖ mənsubları göndərildikləri ölkələrin əsasən, təhsil sektorunda möhkəmlənərək özlərinə havadarlar tapmağa çalışıblar.

Fətullahçı şəbəkəyə qarşı keçirilmiş məlum əməliyyatdan sonra bəzi Qərbpərəstlər tərəfindən sosial şəbəkələrdə “FETÖ Azərbaycanda olsa belə, bizə nə pisliyi dəyər ki?” məzmunlu paylaşımlar edirlər. Mən o adamlara cavab vermək istəyirəm ki, FETÖ terror şəbəkəsi eyni zamanda bir casus şəbəkəsidir və vətənini, millətini sevən heç bir ləyaqətli insan öz ölkəsinin ərazisində belə bir şəbəkənin yerləşdirilməsinə, fəaliyyət göstərməsinə razı olmaz”.

A.Zeynalov

www.yenicag.az

1529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv