!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda gənclərin fiziki inkişafına DƏSTƏK: Uşaqlara milli mənəviyyat necə aşılanır? - TƏHLİL

!Reklam – Yazi

Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib. Məhz gənclərimizə göstərilən dəstəyin nəticəsidir ki, Azərbaycanla ikitərəfli və çoxtərəfli əməkdaşlığı olduğu dövlətlərin sayı artmaqda davam edir. Azərbaycan Respublikasının müasir gəncliyi ölkəmizin xaricdə təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib.

Mövzu ilə bağlı Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi uşaq və gənclərlə də bağlı məsələlərdə müxtəlif qanunvericilik aktlarının hazırlanması, qəbul olunması və icrası ilə əlaqəli işlərə başlayıb:

“Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra uşaq və gənclərin mənəvi, fiziki inkişafı ilə bağlı çox ciddi addımlar atdığı hər kəsə bəllidir. Bu təşəbbüslərdən biri də məhz 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması idi.

Nazirlik gənclərin həm mənəvi, həm də fiziki inkişafı ilə bağlı işlər həyata keçirmək üçün məsul dövlət qurumu adını qazandı. Əlavə olaraq bu yolda atılan uğurlu addımlardan daha biri isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması oldu. Bu addımla ölkəmizdə uşaqların və gənclərin istər sosial hüquqları, istərsə də inkişafları ilə bağlı çox ciddi işlərə imza atıldı. Sadalanan müsbət addımlara baxmayaraq bu sahədə bir sıra neqativ hallar da mövcuddur.

Azərbaycanda istər uşaq, istərsə də gənclər siyasəti ilə bağlı həyata keçirilən addımlarda dövlət qurumları ilə yanaşı, eyni zamanda QHT-lərin də geniş fəaliyyəti oldu. İstedadlı gənclərin aşkar olunması, onlara dövlət səviyyəsində dəstəyin göstərilməsi, müxtəlif dövlət orqanlarında işlə təmin olunması, xaricdə təhsil alan tələbələrə dövlət tərəfindən təqaüdlərin verilməsi, gənclərin idmana yönləndirilməsi və nailiyyət əldə edən idmançılara mükafatların təqdim olunması və s.

Hər il müxtəlif sahələr üzrə önə çıxmış gənclər prezident mükafatı ilə təltif olunur. Yəni QHT-lərin də bu yolda fəaliyyətini müxtəlif kateqroiyalar üzrə bölmək olar. Həmçinin uşaq hüquqları ilə bağlı Azərbaycanda çox ciddi addımlar atılır. Onların sosial müdafiəsinin təşkil məsələləri daima bizim gündəmimizdədir. Lakin əvvəl də qeyd etdiyim kimi, hər sahədə olduğu kimi burada da təəssüf ki, neqativ hallar mövcuddur. Və təəssüflər olsun ki, hələ də küçələrdə uşaqların dilənməsini müşahidə etməkdəyik. Təəssüflər olsun ki, hələ də ali təhsilli gənclərin işsizlik problemi ilə üz-üzə olduğunun şahidiyik.

Bu kimi məsələlərin həlli üçün ümumi götürdükdə dövlətin apardığı işlərlə yanaşı, cəmiyyətin də dəstək verməsinin lazım olduğunu müşahidə edirik. Filosofların gözəl sözü var, “mühitdə yaşayıb, ondan asılı olmamaq olmaz”. Əfsus ki, istər ümumtəhsil orta məkəblərində, istər kollec, istərsə də ali təhsil müəssisələrində ətraf mühitin təsiri həmin təhsil müəssisələrinin təsirindən qat-qat çoxdur. Burada isə sosial şəbəkələrdə milli-mənəvi dəyərlərdən daha çox müxtəlif ideologiyaların təbliği rol oynayır. Və gənclərin istər-istəməz müəyən təsir dairələrinə düşməsinə səbəb olur. Bu baxımdan hazırda “TikTok”un, “Facebook”un və digər sosial şəbəkələrin pis mənada böyük rolunu qeyd etmək olar.

Bu şəbəkələr isə gənclərin və uşaqların demək olar gündəlik həyat tərzini dəyişən, idarə edən, həyatının bir parçasına çevrilən bir amilə çevrilib. Kənardan uşaq və gənclərimizə təsir edə biləcək xarici ideologiyaların təbliği geniş vüsət alıb. Bu baxımdan ayıq-sayıq olmaq, bəzi biganə qurumların daha effektiv fəaliyyət göstərməsi üçün ciddi hərəkətə keçmək lazımdır.

Qeyd olunan səbəblərdən dolayı uşaq və gənclərlə bağlı çox ciddi islahatlara ehtiyac var. Təəssüf ki, bizim televiziyalarımızı müşahidə etdikdə bəzi layihələrin Cırtdandan, “Nu, poqodi”dən kənara çıxa bilmədiklərini görürük. Uşaqları cəlb edəcək layihələr ərsəyə gətirmirlər, yaxud bacarmırlar. İstedadlı gəncləri üzə çıxaracaq proyektlər çox azdır. Qeybət, ailə-məişət münaqişəsi bizim televiziyaların favoritinə çevrilib. Bu da uşaqların və gənclərin gələcəkdə hər sahədə inkişafına öz mənfi təsirini göstərir. Bütün hallarda dövlətimiz diqqətini uşaqların və gənclərin fiziki, mənəvi inkişafına yönəltməkdədir. Bu sahədə müxtəlif dövlət proqramları həyata keçirilir. Xüsusən gənclərlə bağlı çox böyük proqramlar var. Gənclərə vətənpərvərlik ruhunun aşılanması gündəm mövzusundan biridir. Vətən müharibəsi zamanı vətənpərvər Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə söykənərək Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdiyi bütün dünyaya məlumdur. Bu dəqiqə də hər bir Azərbaycan gəncinin öz torpağını, ölkəsini, dövlətini və vətənini qorumağa hazır olduğunu əminliklə deyə bilərik”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.

 

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv