!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda həyata keçirilən TƏHSİL SİYASƏTİ: Mədəni-maarif sahəsində hansı işlər görülüb? - TƏHLİL

!Reklam – Yazi

İstənilən ölkənin inkişaf etmək üçün atacağı ilk addımlardan biri təhsil səviyyəsinin yüksəldilməsidir. Belə bir deyim var, hansısa xalqı məhv etmək istəyirsənsə, onun dilini, təhsilini əlindən al. Bu sözlərdən bir daha təhsilin xalqın və dövlətin inkişafında nə qədər rol oynadığını görmək olar. Dövlətimiz də təhsili əsas prioritet sahələrdən biri hesab edir. Və bu sahədə mühüm addımlar atır. Azərbaycan qədim dövrlərdən müasir zəmanəyə qədər dünya mədəniyyətinə çox dəyərli töhfələr verib. Azərbaycan xalqı arasından dünya əhəmiyyətli beyinlərin çıxdığını, dünya elminə, müasir texnologiyaların inkişaf etməsində azərbaycanlı alimlərin zəhməti danılmazdır.

Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən və dünyaya nümunə göstərilən ölkə hesab olunub. Xalqımızın dünya elminə, mədəniyyətinə görkəmli elm və mədəniyyət xadimləri də, elm-mədəniyyət nümunələri də, ixtiralar da bəxş etdiyi təkzib edilə bilməz.

Azərbaycanlı alim Yusif Məmmədəliyevin “yüksək oktanlı benzin” adlı kəşfi İkinci Dünya Müharibəsinin taleyini həll edən faktorlardan hesab olunur. Əlavə olaraq hər birimizin yaxşı tanıdığı Lütfi Zadənin XXI əsr dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi də yaddaşlardan silinən deyil. Bu kimi nümunələr yetəri qədər çoxdur.

Biz Azərbaycan xalqı olaraq beynəlxalq ictimaiyyətdə rahat şəkildə dünyanın texnoloji, elmi, ədəbi və digər sahələrinin inkişaf etməsində azərbaycanlı alimlərin də rolunun olduğunu deyə bilərik. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”, “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” kəlamlarını unutmaq olmaz.

Gördüyümüz kimi, müasir Azərbaycan təhsilinin indiki inkişaf səviyyəsinə çatmasında Heydər Əliyevin rolu əvəzsizdir. Belə ki, hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə çatıb, məktəbəqədər təhsillə əhatə səviyyəsi 12 faizdən 19 faizə yüksəlib. Bu dövrdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilib və 35200 yerlik yeni körpələr evi, uşaq bağçası binaları tikilərək istifadəyə verilib.

Heydər Əliyev sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz ümumi təhsildən keçdiyini bilirdi. Bu səbəbdən əsas diqqəti bu sahəyə yönəldib. Və ümumi orta təhsilə keçidin başa çatdırılması, kənd məktəblərinin iş şəraitinin daha da yaxşılaşdırılması barədə ardıcıl qərarlar qəbul edib. Həmin qərarlar həyata keçirildikdən sonra qısa müddət ərzində öz nəticələrini verdi. Ümumtəhsil məktəblərinin şəbəkəsi genişləndi, təhsildə keyfiyyət yüksəldi.

1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən 3 dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdırıldı. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı isə 1970-ci il hesabatında göstərilən 368 mindən 1980-ci ildə 710 minədək yüksəldi. 1970-80-ci illərdə respublikada 683 min şagirdin təhsil alması üçün şərait yaradılıb.

Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi tədbirlər məktəblərdə göstəricilərin yaxşılaşdırılmasına güclü təkan verdi. Ümummilli liderin təhsil sahəsində siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ali təhsil müəssisələri şəbəkəsini daha da inkişaf etdirərək genişləndirib. Yüksək keyfiyyətli təhsil verən, dünyanın müasir texnologiyaları ilə təchiz olunmuş və dünya standartlarına cavab verən ali təhsil müəssisələri yaradılıb.

ADA Universiteti, Bakı Ali Neft Məktəbi müasir tələblərə cavab verən nümunəvi təhsil ocaqlarındandır. Bu universitetlər yalnız ölkəmizdə deyil, həmçinin dünyada söz sahibi olan təhsil ocaqları sırasındadır. Əlavə olaraq Bakıda dünya üzrə tanınan, nüfuzuna görə seçilən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları yaradılıb. Azərbaycan xalqına xaricə getmədən dünyanın aparıcı ölkələrinin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin təhsil səviyyəsinin yüksəldilməsi ilə bağlı verdiyi qərarlar öz töhfəsini layiqincə verir. Digər dünya ölkələri ilə müqayisədə Azərbaycanda demək olar ki, oxuma-yazma bilməyən vətəndaş yoxdur. Bu isə dünya dövlətləri arasında Azərbaycanı nümunəvi ölkə kimii göstərən amillərdən biridir.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanmışdır.

 

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv