Azərbaycanda Hindistanın müstəqilliyinin 70 illiyi qeyd olundu – FOTOLAR

Avqustun 15-də Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqilliyinin 70-ci ildönümü qeyd olunub. Bu münasibətlə konsert proqramı təşkil edilib.

Yenicag.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, müxtəlif ölkələrin diplomatik nümayəndələri, Azərbaycanda yaşayan Hindistan vətəndaşları, onların ailə üzvləri, Azərbaycan Dillər Universitetinin Hindistan Mərkəzinin tələbələri və Hindistanın Azərbaycandakı səfiri iştirak edib.

Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirildikdən sonra Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Hindistan Prezidentinin müstəqillik günü ərəfəsində xalqa müraciətini oxuyub.

Səfir Sanjay Rana Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətlərinin mövcudluğundan, iqtisadi, siyasi, sosial, humanitar, mədəniyyət və təhsil kimi bütün sahələrdə gündən-günə möhkəmlənən əməkdaşlıqdan danışıb.

Onun sözlərinə görə, Hindistan- Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyi hər iki ölkədə Dostluq Festivalı çərçivəsində bir sıra mədəni tədbirlərlə qeyd edilir.

İkitərəfli ticarətin günü-gündən artdığını deyən səfir tələbə mübadiləsindən də danışıb:

“Həm Hindistan, həm də Azərbaycandan olan tələbələr getdikcə daha çox bir-birinin ölkəsində təhsil almağa çalışırlar. Bu da ölkələrarası dostluğun getdikcə möhkəmlənməsi deməkdir”.

Sonra Azərbaycanın gənc muğam ifaçısı Almaxanım Əhmədlinin, hindistanlı Anapuma Kauşik və Tuluki Palın ifalarında konsert proqramı təqdim olunub.

Cəvahir
Yenicag.az