!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda hüququn aliliyinin təmin edilməsində vətəndaş cəmiyyətlərinin rolu - TƏHLİL

!Reklam – Yazi

Sirr deyil ki, bu gün Azərbaycanın bir dövlət olaraq inkişafında vətəndaş cəmiyyətlərinin rolu böyükdür. Dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera kimi tanımlanan vətəndaş cəmiyyəti, əslində, Azərbaycan reallığında tam başqa bir məna ehtiva etməkdədir. Bu məna isə ondan ibarətdir ki, vətəndaş cəmiyyəti qrup və fərdi marağından deyil, dövlətin marağından çıxış edir. Azərbaycanda vətəndaş cəmiyyəti dedikdə, qeyri-hökumət təşkilatları adı altında birləşdirilən quruluşlar da nəzərdə tutulur ki, bu quruluşların ölkənin ictimai-siyasi həyatında rol oynaması birbaşa dövlət siyasəti əsasında həyata keçirilir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa  müdaxilələri və özbaşına reqlamentləşdirmələri  qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.

Qeyd etdiyimiz kimi, Azərbaycanda vətəndaş cəmiyyətində dildə qeyri-hökumət təşkilatları (QHT) yada düşür ki, bu sektorun yaranması və inkişafı da ölkəmizin müstəqilliyini bərpasından sonraya – daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonraya təsadüf edir. Bu dönəmdə Ulu Öndərin göstəriş və tapşırıqlarına əsasən, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atıldı, eyni zamanda, qanunvericilik bazası formalaşdırıldı. Bir-biri ilə sıx əlaqədə və asılılıqda olan vətəndaş cəmiyyəti ilə hüquqi dövlət də bir növ tənzimləyici munasibətdədir.

Hüquqi, demokratik, sosial dövlətin və vətəndaş cəmiyyətinin bir-birilə yaxınlaşmasını şərtləndirən amillər arasında yer alan demokratik islahatlar, rəqabətə davamlı iqtisadiyyatın yaradılması və milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi Azərbaycanda bu prosesin sürətlənməsini tətikləmişdir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin səmərəli qarşılıqlı əlaqənin təmin edilməsində mühüm rol oynayan QHT-lər, yerli özünüidarə orqanları arasındakı əlaqələr qanunvericiliyin təkmilləşdirilməsi və insan haqlarının qorunmasında zəncirvari bağlantıdadır ki, bu da dövlət idarəetməsinə vətəndaş cəmiyyətinin təsirini şərtləndirir.

Vətəndaş cəmiyyəti ilə hüquqi dövlət arasındakı əlaqədən bəhs etdik. Burada daha bir nüansa toxunmaq yerinə düşər ki, sözügedən iki məfhumun real varlığı arasında yaranmış münasibətlər sistemi “hüquqi dövlət” anlayışı altında açıqlana bilər. Çünki dövlət hüquq altyapısı üzərində inşa edilir, burada yoxdan var olmadan söhbət belə gedə bilməz. Dövlətin ortaya çıxışı cəmiyyətin tələbi əsasındadır ki, cəmiyyətin formalaşması da toplumun milli özünüdərkindən başlayır. Beləliklə, milli düşüncə fərdləri bir araya gətirərək cəmiyyəti, cəmiyyət də dövləti var edir. Dövləti ayaqüstə saxlayan isə hüquqdur. Azərbaycanda hüququn təminatçısı da başda Konstitusiya olmaqla, digər qanunlardır.

Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Konstitusiyasının 147-ci maddəsi, Konstitusiyanın əsas qanunu olmaqla öz əlamətlərini təsbit edib. Bu maddədə qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanda ən yüksək hüquqi qüvvəyə malikdir.

1996-cı ildə Hüquqi İslahat Komissiyasının yaradılması da hüquqa əsaslanan dövlət quruculuğu üçün böyük addım oldu. Komissiyanın gərgin fəaliyyəti nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı, nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.

Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişdir.

Təbii ki, Ulu Öndər tərəfindən reallaşdırılan hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətlərinə dəstək bu gün prezident İlham Əliyev tərəfindən də həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşmasına dəstək vermək üçün ilk dəfə yerli qeyri-hökumət təşkilatlarına dövlət büdcəsindən qrantlar verilməsinin əsasını qoydu. Bu addım ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında dönüş mərhələsi oldu.
27 iyul 2007-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiqləndi. Bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi.

Konsepsiya ilə bağlı ictimai sektorda gedən geniş müzakirələrdən sonra Prezidentin 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müstəqil bir qurum olaraq yaradıldı. 2021-ci ildə isə “Qeyri-hökumət təşkilatlarına göstərilən dövlət dəstəyi ilə bağlı əldə olunan nəticələrin təhlili və ümumiləşdirilməsi bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını, habelə qeyri-hökumət təşkilatlarının potensialından daha səmərəli istifadə edilməklə dövlətin və cəmiyyətin həyatında onların aktiv fəaliyyəti üçün tənzimləyici mexanizmlərin təkmilləşdirilməsinin zəruriliyi” əsas gətirilərək Şuranın yerinə “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsi yaradıldı. Bununla da Azərbaycanda vətəndaş cəmiyyətinə dövlət dəstəyinin daha da artırılmasının yolu açılmış oldu.

Qeyd edilənlər və digər görülən işlər Azərbaycanda hüququn aliliyini təmin etmək, vətəndaş cəmiyyətini möhkəmləndirməklə birlikdə, demokratik prinsiplərin işləkliyini artırır.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1056
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv