!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda İKT-nin inkişafı: Ölkəmiz informasiya texnologiyalarından necə yararlanır? - TƏHLİL

!Reklam – Yazi

“Ölkəmizdə informasiya texnologiyalarına əsaslanan, rəqabətə davamlı iqtisadiyyat və informasiya cəmiyyətinin qurulması istiqamətində ötən illər ərzində xeyli işlər görülüb”.

Bunu Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafa yönəlik atılan addımlardan danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a aıqlamasında deyib.

O, bildirib ki, informasiya və komunikasiya texnologiyalarının təsir dairəsinin genişlənməsi dövrümüzün tələbidir:

“Dövlət strukturları, iqtisadi və sosial, elm və təhsil, digər sahələr artıq informasiya və texnologiyalarının tərkib hissəsi kimi görünməyə məcburdur. İnkişaf etmiş ölkələrin inkişaf etməsinə səbəb məhz informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərdir.

Azərbaycanda da informasiya texnologiyalarının inkişafına ötən illər ərzində çox böyük diqqət ayrılıb. Belə ki, bu istiqamətdə qəbul olunan bir çox dövlət proqramlarının inkişafı şərtləndirməsi sözsüzdür.

2003-cü ildən başlayaraq informasiya və kommunikasiya texnologiyaları milli strategiya sayılır. Ümumi təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı dövlət proqramı olub.

Azərbaycanda 2020-ci il: gələcəyə baxış “İnkişaf Konsepsiyası”-nın və s. bu kimi qəbul olunan sənədlər və proqramlar informasiya cəmiyyətinin formalaşmasına, vətəndaşların elektron xidmətlərə əlçatanlığının lazımi səviyyədə təmin edilməsinə hesablanıb. Nəticələri təhlil etsək informasiya və kommunikasiya texnologiyalarının inkişafının nəticəsi olaraq elektron hökumətin yaradılmasını görürük. Elektron hökumətin yaradılması dövlət qurumları ilə vətəndaşlar arasında əlaqələrin daha şəffaf formaya keçməsinə zəmin yaratdı.

Elektron xidmətlərin göstərilməsi artıq dövlət strukturları tərəfindən vacib öhdəliyə çevrilib. Vətəndaşlarla dövlət qurumları arasında fiziki təmaslar minimuma endirilib. Bu da keçmişdə yaşanan müxtəlif neqativ halların azalmasına gətirib çıxarıb. Artıq vətəndaşlarımız texnologiya vasitəsi ilə dövlət qurumlarına müraciət edir, elektron imza texnologiyalarından istifadə edir.

Vətəndaşlara göstərilən xidmətlərin optimallaşdırılması, əlçatanlığın artırılması üçün hətta dövlət qurumlarının bir çoxunda “pəncərə prinsipi” əsasında elektron xidmətlər təklif olunur. Vətəndaşlar bu xidmətlərdən daha asan yararlana bilir.

Qeyd etdiyim dövlət proqramlarının nəticəsi olaraq kosmik sənayenin inkişafı Azərbaycanda geniş yayıldı. Azərbaycanın hal-hazırda orbitdə üç peyki mövcuddur. Telekommunikasiya peykləri vasitəsi ilə ölkənin həm müdafiə və təhlühəsizlik məsələləri öz həllini tapır, həm də müəyyən resurslar icarəyə verilərək buradan gəlir əldə edə bilirik.

Dövlət proqramlarının nəticəsi olaraq mobil şəbəkədə yeni fəaliyyət xidmətlərinin göstərilməsi, xüsusən data xidmətləri üzərində fokuslansaq, ötən illər ərzində ölkəmizdə nə qədər inkişaf olduğunu görərik. Hazırda 5G texnologiyasının tətbiq olunması üçün mobil şəbəkə operatorları tərəfindən geniş hazırlıq işləri görülür.
Ötən illər ərzində ölkəmizdə internetə əlçatanlıq artıb. İnternetin surətində, istifadəçilərin sayında, internetin regionlara yayılma tempində artan statistika ilə inkişaf müşahidə olunur.

10-15 il öncə internetə Dia-Lab texnologiyası ilə qoşulurduq. Ölkədə geniş vüsət almağa başlayan bu texnologiyanı müasir dövrdə optik xətlər üzərindən olan internet texnologiyası əvəzləyib. Ölkədə internetə əlçatanlıq, insanların İnformasiya Texnologiyalarına daha yaxından bələd olmasına imkan yaradıb.

İnsanlar İnformasiya Texnologiyalarının verdiyi imkanlardan daha geniş yararlana bilirlər. Həmçinin bu imkanlar ölkəmizdə informasiya cəmiyyətinin formalaşması və inkişafı prosesini daha da təkmilləşdirir.

Azərbaycan 2020-ci il: gələcəyə baxış “İnkişaf Konsepsiyası” ölkə həyatının bütün sahələrini, o cümlədən informasiya-kommunikasiya texologiyaları sahəsində inkişaf siyasətini müəyyən edir.

Yeni layihələr çərçivəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Belə ki, Yüksək Texnologiyalar Parkının yaradılması və bu istiqamətdə fəaliyyətlər genişləndi. Bir müddət öncə qanuna edilmiş dəyişikliklər nəticəsində texnologiyalar parkları rezidentləri üçün əlavə güzəştlər müəyyən edilib. Bu dəyişikliklərə əsasən Azərbaycan Respublikası ərazisində əmək fəaliyyətinə cəlb edilən və informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər iş icazəsindən azad olunurlar.

Hal-hazırda qloballaşan dünyada beyin köçü baş verir. Xüsusilə, Azərbaycanda da bu məsələ aktual sayılır. Qanuna edilən dəyişikliklə artıq xaricdən yüksək ixtisaslı mütəxəssislərin daxili bazara inteqrasiya prosesi tətbiq olunur.

O cümlədən qanuna edilən dəyişiklikdə vergi ilə bağlı güzəştlər də özünü əks etdirir. Belə ki, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi şəxslər və yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış sahibkarlıq subyektləri müəyyən vergi güzəştləri əldə edə bilirlər.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına ayrılan diqqət özünü start-uplar məsələsində də göstərir. Dövlət proqramlarının icrasının nəticəsi olaraq ölkədə informasiya texnologiyaları sahəsində uğurlu ola biləcək ehtimal olunan start-uplar dövlət tərəfindən maliyyələşdirilir. Buraya nə aiddir? Misal üçün qabaqcıl texnologiyaların tətbiqi, yaxud dünyada gedən informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı tendensiyaları ölkəmizə gətirmək istəyən, bununla da texnoloji həllər yaratmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarına dövlət tərəfindən dəstək göstərilir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

 

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv