!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda İKT-nin inkişafı: "Ucqar rayon və kəndlərdə sürətli, davamlı internet..." - TƏHLİL

!Reklam – Yazi

Hazırda dünyada olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilib. Azərbaycanda informasiya texnologiyaları sahəsində uğurlu addımlar atılmaqda davam edir. Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunu qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan etdi. Bu andan etibarən həmin sahənin inkişafı yolunda yeni mərhələ başladı.

Azərbaycan dövləti internetin cəmiyyət həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra mühüm addımlar atıb. 2003-cü ildə Ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycanın İKT-nin inkişafına xüsusi diqqət və qayğı ayırdığının göstəricisidir. Qeyd etmək lazımdır ki, ölkəmizdə 2013-cü il “İKT ili” elan edilib.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Yenicag.az-a açıqlamasında bildirib ki, istənilən ölkədə hansısa bir sahənin inkişafı üçün dövlətin qanunvericiliyi təkmilləşdirməsi lazımdır:

“Azərbaycanda bu proses artıq baş verib. Regionda informasiya və kommunikasiya texnologiyaları sahəsində aktiv olan şirkətlərin, startapların Azərbaycana cəlb edilməsi üçün qanunvericilikdə kifayət qədər böyük dəyişikiliklər edilib. Startaplar və şirkətlər üçün geniş imkanlar yaradılıb.

Eyni zamanda, ölkədə internet infrastrukturunun düzəldilməsinə də xüsusi diqqət ayrılıb. Çünki innovasiyalar internetlə əlaqəlidir. Ölkədə informasiya və texnologiyalar sahəsində ilkin fundamental addım infrastrukturdur. Hazırda 2024-cü ilə qədər Azərbaycanın ən ucqar rayon və kəndlərində sürətli, davamlı olacaq internet ifrastrukturunun qurulması yolunda uğurlu addımlar atılır.

Bu, ağrılı-acılı, çətin başa gələn dönəmdir. İnfrastrukturun qurulması üçün müəyyən avadanlıqlar dəyişir, yeni investisiyalar qoyulur, yeni xətlər çəkilir. Bu da bəzən internetin pisləşməsinə səbəb olur. Lakin indi çəkilən əziyyətlərin hamısı Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunda gələcəyə hədəflədiyi perspektivli addımlarıdır.

Ölkə rəhbərliyi və aidiyyəti qurumlar, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi informasiya və kommunikasiya texnologiyası sahəsinin inkişaf etdirilməsi istiqamətində kifayət qədər radikal addımlar atır. Böyük investisiyaların bu sahəyə cəlb olunması, ölkədə texnologiya sferasında münbitləşmə, qanunvericiliyin daha da təkmilləşdirilməsi, ekosistemin imtiyazlarının formalaşması atılan uğurlu addımlardan bir neçəsidir. Eyni zamanda, Azərbaycanı Cənubi Qafqaz regionunda ən cazib ölkə statusuna gətirmək, xarici şirkətlərin marağını çəkmək, xarici vətəndaşların Azərbaycana gəlib işləməsi üçün lazım olan Dövlət Miqrasiya Xidməti və digər qurumlarda bürokratik əngəllərin sadələşməsi, həmin istiqamətdə kifayət qədər kompleks yanaşma əldə olunub.

Artıq 2024-cü ilə qədər reallaşdırılması gözlənilən hədəfimiz yekunlaşmaq üzrədir. Təxminən 700-800 min ailə təsərrüfatı artıq fiberoptik internetlə təmin olunub. Şirkətlərimiz hazırda adaptasiya dövründədir. Yeni qanunları mənimsəməyə və tətbiq etməyə çalışır. Bu, 2024-cü ilə qədər şirkətlərin özünü yeniləyəcəyi, qanunda nəzərdə tutulmuş imtiyazları əldə edəcəyi, xarici şirkətlərin Azərbaycana gəlməyə başlayacağı deməkdir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosasiyası sədri olaraq informasiya və kommunikasiya sahəsi istiqamətində hədəfimizə çatmaq üçün son pillələrimizin qaldığını deyə bilərəm. Həm qanunu mənimsəyib tam icra etməyimiz, həm xarici şirkətlərin bu cazibliyi görüb Azərbaycana gəlməsi, həm ölkədəki internet infrastrukturunun tam olaraq bərpa olunması üçün çox kiçik addımlarımız qalıb. Yaxın perspektivdə Azərbaycan bu regionda ən güclü və ən innovativ ölkəyə çevriləcək”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv