Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb

2017-ci il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 26,6 min nəfər olub, onlardan 4 milyon 774,3 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, cari il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 515 min 800 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889 min 200 nəfər, qeyri-dövlət sektorunda isə 626 min 600 nəfər olub. İqtisadiyyatın neft sektorunda 34 min 400 nəfər, qeyri-neft sektorunda isə 1 milyon 481 min 400 nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,75-i emal sənayesində, 6,2%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2,1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,1%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2017-ci ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,7 saat təşkil edib.

2017-ci il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,9 min nəfər olub, onların 37,3%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 263,8 manat olub.

Yeniçağ.az